22 Dekabr 2024, Bazar

POS-terminal.Hələ ki, çoxlarına tanış olmayan bu söz qısa zamanda dilimizdə çox istifadə olunan anlayışlardan birinə çevriləcək. Bu gün POS-terminallar bütün ölkələrdə insanların etimad göstərdiyi, dövrün tələbi olan qurğu kimi özünü təsdiq etməkdədir. Artıq muxtar respublikada da nağdsız hesablaşmaların aparılması işi sürətləndirilmişdir.
Cari ilin fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən konkret tapşırıqlar verilmişdir. Bildirilmişdir ki, iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən və mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsi ilə aparılması təmin olunmalıdır.
Bəs POS-terminal nədir və onu hansı məziyyətlərinə görə dövrün tələbi kimi xarakterizə edə bilirik?

POS-terminal (ingiliscə point of sale terminal – ticarət nöqtələrinin terminalı) ödəniş kartının maqnit zolağından və ya mikroçipindən informasiyanı oxumağa, bank kartı üzrə əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən qurğudur. Müstəqil işləyən bankomatdan fərqli olaraq, POS-terminal xəzinədar vasitəsi ilə xidmət göstərir.
POS-terminalın quraşdırılması üçün hüquqi şəxsin və ya sahibkarın (fiziki şəxs) adına bankda hesab açılmalı, sifariş ərizəsi doldurulmalı, POS-terminal yerləşdiriləcək obyekt sahibinin vergi şəhadətnaməsi olmalıdır. Bundan başqa, POS-terminal yerləşdiriləcək obyektin vergi orqanlarında qeydə alınması barədə arayış, həmin obyekt icarəyə götürül­müşdürsə, icarə müqaviləsinin surəti, şəxsiyyət vəsiqəsinin və VÖEN-in surəti də təqdim edilməlidir. Müəssisədə telefon xəttinin olması və ya mobil internetdən istifadə də əsas şərtlərdəndir.
Muxtar respublikada fəaliyyət göstərən sahibkarlar müvafiq sənədlərlə istənilən bank filiallarına müraciət edərək obyektlərində POS-terminal quraşdıra bilərlər.
Çoxlarını bu sual düşündürür: nağdsız hesablaşmalarla biz nəyə nail olacağıq?
Dünyanın istənilən ölkəsində nağd pul dövriyyəsinin yüksək olması iqtisadiyyatı iri həcmdə investisiya-kredit resurslarından məhrum edir, bank sektorunun maliyyə intizamını pozur və şəffaflığı aşağı salır. POS-terminal şəbəkəsinin genişlənməsi nağd pul dövriyyəsinin miqyasının artmasının qarşısını alır. Ticarət və xidmət müəssisələrinin ödəniş kartları ilə hesablaşma imkanına malik olması müştərilərə daha yüksək səviyyədə xidmət göstərilməsinə şərait yaradır. Ödəniş kartlarının istifadəsi eyni zamanda müxtəlif neqativ hallardan müdafiə olunmağa, nağdsız hesablaşmalar vergiyə cəlb olunan gəlirlərin düzgün müəyyən edilməsinə imkan verir.
Bu gün POS-terminaldansa nağd ödənişlə alış-veriş etməyə üstünlük verilməsi hələ də cəmiyyətdə nağdsız ödənişlərlə bağlı komplekslərin olduğunu göstərir. Amma inanırıq ki, müəyyən müddət keçdikdən sonra həm alıcı, həm də satıcı ən optimal variantın nağdsız ödəmə olduğunu görəcək və beləliklə, POS-terminallardan istifadə adi hala çevriləcək.
Naxçıvan şəhərində quraşdırılmış terminallar vasitəsi ilə gündəlik ərzaq və təsərrüfat mallarının, tikinti materiallarının, mebel avadanlıqlarının, avtomobildə istifadə etdiyimiz benzin və dizel yanacağının dəyərini, gömrük rüsumlarını, Dövlət Yol Polisi İdarəsinə ödənilən cərimə və rüsumları, otel və ictimai-iaşə xidmətlərinin, Naxçıvan-Bakı-Naxçıvan aviareysinə uçuş biletlərinin dəyərini kartlarımızla ödəyə bilərik.
Bu gün dünyada bir çox ekspertlər XXI əsrdə kağız pulun yoxa çıxacağını, onu elektron pul və ödənişlərin əvəz edəcəyini düşünürlər. Nağd puldan yaxa qurtarmaq üçün qızıl qayda yoxdur. Baxmayaraq ki, əhalidə ödəniş kartlarından istifadə ənənəsi tam formalaşmamışdır. Kart üzrə ödəniş vərdişinin yaradılması üçün ilk addım onların kartdan istifadəsidir. Əminik ki, bizim hər bir vətəndaşımız bu addımı tezliklə atacaq və nağd­sız hesablaşmaların inkişafına öz töhfəsini verəcəkdir.

Səbuhi MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR