Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, insanların sosial müdafiəsinin daha da gücləndirilməsi, yeni iş yerlərinin açılması keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Həyati əhəmiyyətli problemlərin aradan qaldırılması, kənd təsərrüfatı məhsullarının istehsalında irəliləyiş, sənaye, tikinti, nəqliyyat və rabitə sahələrindəki inkişaf, yeni xidmət və digər infrastruktur obyektlərin istifadəyə verilməsi, məşğulluğun səviyyəsinin yüksəldilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi muxtar respublikanı regionda ön mövqeyə çıxarıb. Həyata keçirilən tədbirlər nəticəsində insanların daha yaxşı yaşaması təmin olunub. Təbii ki, əhalinin gəlirləri artdıqca tələbat da artır. Hazırda bu tələbat bir çox sahələrdə, xüsusən də muxtar respublikaya xarici, eləcə də brend marka avtomobillərin alınıb gətirilməsində özünü göstərir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, yanvar ayının 26-sı tarixinə muxtar respublikada 37 min 993 avtomobil qeydiyyatdadır. Onlardan 2707-si dövlət qurumlarına aid, 35 min 286-sı isə şəxsi avtomobillərdir. Ötən il 1190 ədəd şəxsi avtomobil alınıb və sözügedən idarə tərəfindən ilkin qeydiyyatdan keçirilib. Avtomobillərin əksəriyyəti dünyanın ən öndə gedən markalarına məxsus olub. 2014-cü ildə muxtar respublikada ilkin qeydiyyatdan keçən avtomobillərin sayı 2013-cü ilə nisbətdə çox olub.
Qeyd edək ki, köhnə, sovet istehsalı olan və günün tələblərinə cavab verməyən avtomobillərin sayında ilbəil azalma müşahidə edilir. Muxtar respublikada sənayedə tətbiq olunan müasir texnologiyalar bu sahənin innovativ yükünü artırır, iqtisadiyyatın digər sahələrinə öz sürətləndirici təsirini göstərir. Sənaye məhsulu istehsalının genişləndirilməsi istiqamətində aparılan işlər regionda yüksək texnologiyalı sənaye müəssisələrinin yaradılmasına və regionun iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. 2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodu da istehsal imkanlarını genişləndirməklə muxtar respublikanın sənaye potensialının artırılmasına öz töhfəsini verir. Birnövbəli iş rejimində illik istehsal gücü 5 min ədəd avtomobil olan Naxçıvan Avtomobil Zavodunda istehsal edilən avtomobilləri indi yollarımızda tez-tez görürük.
Təbii ki, lüks avtomobillər üçün ən müasir standartlara cavab verən yollar lazımdır. Ümumiyyətlə, əhalinin bahalı və lüks avtomobilləri seçməsinin səbəblərindən biri gəlirlərin artmasıdırsa, digər səbəbi isə muxtar respublikadakı yol infrastrukturunun ən yüksək səviyyədə qurulmasıdır. Muxtar respublikada ən müasir yol-nəqliyyat kompleksinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər avtomobil istifadəçilərinin “Yaxşı yol”a çıxmasını təmin edib.
Səbuhi HÜSEYNOV