22 Dekabr 2024, Bazar

Son dörd ildə rayonun qəsəbə və kəndlərində nəhəng tikinti-quruculuq işləri həyata keçirilmişdir

Dövlət başçısı cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda əsas məqsəd ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Dövlət Proqramının icrası istiqamətində ölkəmiz, eləcə də muxtar respublikamızın iqtisadiyyatında müşahidə olunan davamlı inkişaf tempi ilə əlaqədar Kəngərli rayonunda da böyük uğurlar əldə edilmişdir. Məlumat üçün bildirək ki, Kəngərli rayonu 19 mart 2004-cü ildə yaradılmışdır. Ərazisi 680 kvadratkilometrdir. 29 min 946 nəfər əhalisi olan Kəngərli rayonunda 11 yaşayış məntəqəsi var. Rayon mərkəzi Qıvraq qəsəbəsində 5485 nəfər yaşayır.

Rayon mərkəzində aparılan tikinti-quruculuq işlərinin miqyası, həqiqətən, insanı heyran edir. Hara baxırsan, yeni tikililər, yaraşıqlı binalar görür, insanların böyük həvəslə abadlıq-quruculuq işlərinə qatıldığının şahidi olursan.

Qıvraq qəsəbəsində köhnə tanışım, ağsaqqal, əmək veteranı, qəsəbə sakini Cabbar Qəhrəman­ovla qarşılaşdım. O, Qıvraq qəsəbəsində aparılan böyük qurucu­luq işlərindən söz açdıqca fərəhi yerə-göyə sığmırdı:
– Rayonumuzda son illər görülən işlər ölkə Prezidenti və Ali Məclis Sədrinin diqqəti, qayğısı və köməyi sayəsində həyata keçirilir. Elə götürək ötən ili. 2012-ci ildə regionumuzun ictimaiyyəti üçün ən əlamətdar hadisə may ayında Prezidentimiz cənab İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində rayonumuzda Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət Evinin, eləcə də “N” hərbi hissədə qərargah binasının açılışında iştirak etməsi, ictimaiy­yətin nümayəndələri ilə görüşməsidir. Bundan başqa, 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qara­bağlar-Yurdçu-Qıvraq dairəvi avtomobil yolu yenidən qurularaq istismara verilmişdir. Bütün bunlar insanların rahat yaşayışı üçündür. Kəngərli rayonunda aparılan quruculuq işləri təkcə rayon mərkəzi ilə məhdudlaşmır. Hər il bir kəndimiz muxtar respublikamızın kompleks abadlaşdırılan kəndləri sırasına daxil olur. Rayonda həyata keçirilən quruculuq işləri Kəngərlinin abadlaşmasına, gözəlləşməsinə, əhalinin rahatlığının təmin olunmasına xidmət etməklə yanaşı, hər bir tikinti obyekti yeni iş yerlərinin açılması, insanların maddi-rifah halının yaxşılaşdırılması deməkdir. Göstərilən diqqət və qayğıya görə bir ağsaqqal kimi rayon sakinləri adından dövlətimizə minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, son illər rayonun kənd yaşayış məntəqələrində həyata keçirilən quruculuq tədbirlərinin bir qolunu kənd mərkəzlərinin tikintisi təşkil edir. Əvvəllər sakinlər müəyyən yerli məsələlərin həlli üçün kəndin ayrı-ayrı məhəllələrində, köhnə binalarda fəaliyyət göstərən xidmət təşkilatlarına müraciət edirdilərsə, indi bu təşkilatların hamısı kənd mərkəzlərində yerləşdirilmişdir. Ötən il belə mərkəzlərdən biri də Çalxanqala kəndində istifadəyə verilmişdir. Çalxanqala Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və kitabxana, baytarlıq məntəqəsi, rabitə evi və digər xidmət sahələri fəaliyyət göstərir. Mərkəzdə onların səmərəli işləməsi üçün çox əlverişli və nümunəvi şərait yaradılmışdır. Kənd ziyalısı Yusif Səmədov kəndin bugünkü sosial-iqtisadi inkişafı barədə nikbinliklə söz açır. Deyir ki, insanlar qurub-yaradır, torpaqlarını əkib-becərir, meyvəçilik, bağçılıq, heyvandarlıqla məşğul olurlar. Yaradılan nümunəvi şərait isə əhalinin rifah halını daha da yaxşılaşdırır.
Yusif Səmədov deyir ki, biz bunu dövlətin kənd yaşayış məntəqələrinə, onun sakinlərinə yüksək qayğısı kimi dəyərləndiririk. Kəndimizdə 378 şagird yerlik müasir məktəb binasının tikilməsi də göstərilən yüksək dövlət qayğısının bariz ifadəsidir. 38 kom­pyuteri, 3 elektron lövhəli sinfi, zəngin kitab fonduna malik olan kitabxanası, idman qurğuları, fənn kabinə və laboratoriyaları, fərdi qazanxanası olan bu təhsil ocağında indi müstəqil respublikamız üçün hərtərəfli biliyə, dünyagörüşə malik gənclər formalaşdırmaq daha asandır.
Son illər kənd yaşayış məntəqələrində inşa olunan tibb məntəqələri və həkim ambulatoriyaları ucqar dağ və sərhəd yaşayış məntəqələrində belə, əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini xeyli yüksəltmişdir. Bu baxımdan Çalxanqala kəndində tikilib istifadəyə verilən həkim ambulatoriyası mühüm əhəmiyyət kəsb edir. Ambulatoriyanın maddi-texniki bazası yüksəkdir. Müasir tibb avadanlıqları, eləcə də yaradılan nümunəvi şərait burada xidmətin səviyyəsini xeyli yüksəltmişdir.
Uşaq Musiqi Məktəbinin və xidmət mərkəzinin təzə binaları da Çalxanqalanın hüsnünə xüsusi yaraşıq verir.
Orta əsrlərə məxsus tarixi abidələrlə zəngin Qarabağlarda 6932 nəfər yaşayır. Son illər burada kənd mərkəzi, həkim ambulatoriyası və 2 nömrəli tam orta məktəb üçün yeni binalar tikilmişdir.
1268 nəfər əhalinin yaşadığı Qabıllı kəndində də quruculuq tədbirləri həyata keçirilmişdir. Rayonun digər kəndlərində olduğu kimi, burada inşa olunan kənd mərkəzi, yeni xidmət mərkəzi, əsaslı şəkildə yenidən qurulan 234 şagird yerlik tam orta məktəbin binası müasir tələblərə cavab verir.
Rayonun böyük kəndlərindən olan, 3590 nəfər əhalinin yaşadığı Şahtaxtıdan da tikinti-quruculuq işləri yan ötməmişdir. Burada inşa olunan məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi, Şahtaxtinskilər Muzeyi kənd sakinlərinə son illərin ərməğanlarıdır.
Rayonda əhalinin sayı baxımından kiçik kəndlər də var. Yeni Kərki, Təzəkənd və Xıncab kənd­lərini buna misal göstərmək olar. Son 4 ildə aparılan geniş qurucu­luq tədbirləri bu kəndləri də əhatə etmişdir.
Yeni Kərki ötən əsrin 90-cı illərinin əvvəllərində Böyükdüz massivində salınmışdır. Burada erməni təcavüzü nəticəsində öz ev-eşiklərindən, doğma yurdlarından didərgin düşən kərkililər məskunlaşmışlar. İlk vaxtlar onlar üçün hər biri 2-3 və 4 otaqdan ibarət 40 mənzil inşa olunmuşdur. Sonralar bu evlərin sayı artmışdır. Hər bir ailə üçün ayrıca torpaq sahəsi ayrılmışdır. Hazırda kənd sakinlərinin ümumi istifadəsində 201 hektar torpaq sahəsi var. Onun 129 hektarı kənd təsərrüfatına yararlı sahələrdir. Araz çayı üzərində qurulan su nasos stansiyaları vasitəsilə 25 kilometr məsafədən təsərrüfat suyu gətirilir. Kənd adamları heyvandarlıqla və əkinçiliklə məşğul olurlar.
Kənddə içməli su problemi məskunlaşmanın ilk illərində öz həllini tapmışdır. Bunun üçün qonşu Xok kəndindəki kəhrizlərdən 5 kilometr uzunluğunda su xətti çəkilmişdir. Naxçıvan-Sədərək magistralının kənarında salınan Yeni Kərki üçün son illər daha uğurlu olmuşdur. Kəndin sosial-məişət problemlərinin əksər hissəsi həll edilmişdir. Cəmi 26 şagirdin təhsil aldığı kənd məktəbi üçün 88 yerlik ikimərtəbəli, müasir bina inşa olunmuşdur. Fikirləşmək olar ki, 25-30 şagird üçün bu boyda binaya ehtiyac var idimi? Yeni məktəb binasının tikintisi zamanı gələcək perspektiv nəzərə alınmışdır.
İnzibati ərazi dairəsi üzrə nümayəndəlik, tibb məntəqəsi, kitabxana, klub əvvəllər dördotaqlı kiçik bir binada fəaliyyət göstərir, yeni bələdiyyə üçün adi iş otağı tapılmırdı. Son illər istifadəyə verilən ikimərtəbəli kənd mərkəzində isə bu qurumların hər biri üçün normal iş şəraiti yaradılmışdır. Bütün iş otaqları müasir mebel avadanlıqları ilə təmin olunmuşdur. Feldşer-mama məntəqəsi üçün də otaqlar ayrılmışdır. İndi məntəqə ilkin tibb xidməti üçün hər cür şəraitə malikdir. Bunlardan əlavə, mərkəzdə 40 yerlik iclas zalı var və burada müxtəlif tədbirlər keçirilir.
Kənddə yeni tikilən obyektlərdən biri də xidmət mərkəzidir. Burada ticarət və məişət obyektləri cəmlənib. Halbuki salındığı vaxtdan kənddə adi bir ticarət obyekti belə, olmamışdır.
567 nəfər əhalinin məskunlaşdığı Təzəkənd də bu gün rayonun abad və yaraşıqlı yaşayış məntəqələrindən sayılır. Rayon mərkəzindən 37 kilometr aralıda yerləşən kənddə son illər böyük tikinti-quruculuq işləri aparılmışdır. Kənddə müasir layihə əsasında inşa olunan obyektlərdən biri tam orta məktəbin binasıdır. 110 şagird yerlik ikimərtəbəli təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılmışdır. 11 sinif otağı, kimya-biologiya kabinəsi, hərbi kabinə, kitabxana, idman zalı, 3 elektron lövhəli sinif, internetə qoşulmuş 7 dəst kompyuter müəllim və şagirdlərin ixtiyarındadır.
Yeri gəlmişkən qeyd edək ki, Təzəkənd tam orta məktəbi rayonun qabaqcıl təhsil müəssisələrindəndir. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olur ki, onların da arasında təcrübəli pedaqoqlar çoxdur. Ötən dərs ilində müəllimlərin birgə əməyi sayəsində məktəbi bitirən 9 məzundan 4-ü ali məktəblərə qəbul olunmuşdur.
Təzəkənddə də kənd mərkəzi tikilmişdir. İkimərtəbəli mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, feldşer-mama məntəqəsi, rabitə evi, ATS, kitabxana, klub, 40 yerlik iclas zalı yerləşir. Yeni inşa olunmuş xidmət mərkəzində isə ticarət və xidmət obyektləri fəaliyyət göstərir.
693 nəfərin yaşadığı Xıncab kəndinə də son illərin tikinti-quruculuq işlərindən yetərincə pay düşmüşdür.
Bəli, son 4 ildə rayonun qəsəbə və kəndlərində aparılan nəhəng tikinti-quruculuq işləri təqdirəlayiqdir. Kəngərlinin bu günü hamını sevindirir. Onun sabahı daha işıqlı, daha nurlu olacaqdır.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR