22 Dekabr 2024, Bazar

Son illər dünyada ərzaq istehsalının illik artımının azalması tendensiyası müşahidə edilir və bu azalmanın növbəti illərdə də davam edəcəyi proqnozlaşdırılır. Qlobal istiləşmə və iqlim dəyişkənliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna daha çox mənfi təsir göstərməkdədir. Kənd təsərrüfatını iqlim dəyişikliklərinə adaptasiya etmək qlobal ərzaq təhlükəsizliyinin təmin olunması və ekosistemi qorumaq baxımından vacib olmaqla yanaşı, həm də xeyli xərc tələb edir. Bütün bu faktlar onu göstərir ki, hazırda ərzaq təhlükəsizliyi probleminin səmərəli həlli dünyada gedən sürətli qloballaşma prosesi fonunda ən mühüm məsələlərdəndir.

 1995-ci ildən etibarən muxtar respublikada həyata keçirilən aqrar islahatlar və bazar iqtisadiyyatına keçidin mühüm elementlərindən olan sahibkarlığın inkişafı, bu sahəyə dövlət dəstəyinin göstərilməsi ərzaq təhlükəsizliyi sahəsində mühüm dəyişikliklərin yaranmasına gətirib çıxarmış, müstəqilliyin əvvəllərində mövcud olan qıtlıq tamamilə aradan qaldırılmış, ərzaq bazarında rəqabət səviyyəsinin yüksəlməsinə əlverişli şərait yaranmışdır. Bu isə istehlakçıların seçim imkanlarının genişlənməsinə səbəb olmuşdur. 

Kənd təsərrüfatı istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhət­dən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı” mühüm əhəmiyyət kəsb edir.
Dövlət proqramı kənd təsərrüfatı məhsulları istehsalının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təmin edilməsinə, idxaldan asılılı­ğın aradan qaldırılmasına, sahibkarlığın inkişafına stimul olmuşdur.
Bu gün dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyinin göstərilməsi aqrar bölmənin inkişafında böyük rol oynayır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, buğda səpininin, toxum və ting istehsalının subsidiyalaşdırılması kənd təsərrüfatı məhsulu istehsalına əsaslı yardım hesab olunur.
Aparılan məqsədyönlü siyasət aqrar sektorda istehsalın artmasına, məhsul bolluğunun yaranmasına səbəb olmuşdur. 2014-cü ildə muxtar respublikada 355 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu, 2013-cü ildəki istehsaldan 6 faiz çoxdur.
Muxtar respublikada kənd təsərrüfatının aparıcı sahələrindən biri əkinçilikdir. Torpaq mülkiyyətçiləri bu sahədə zəngin təcrübəyə malikdirlər. Torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli qayğı, eləcə də iqlim və coğrafi şərait əkinçilikdə uğurlar qazanılmasını təmin etmişdir.
Kənd təsərrüfatında əsas sahə sayılan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. Belə ki, 2014-cü ildə muxtar respublika üzrə 35 min 750 hektar sahədə taxıl əkilmişdir. Taxıl zəmilərindən 103 min 70 ton məhsul toplanmışdır.
Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onları lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə ötən il 260 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmiş, lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.
Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara hazır­lığın təmin edilməsidir. Hazırda muxtar respublikada taxılı uzun müddətə saxlamağa imkan verən anbarların həcmi 27 min tona, kənd təsərrüfatı məhsullarının saxlanılması və satışını təmin edən soyuducu anbarların sayı 20-yə, ümumi tutumu isə 12 min 250 tona çatdırılmışdır.
Muxtar respublikada taxılçılıqla yanaşı, kartofçuluğun da inkişafı diqqət mərkəzindədir. Son illərə qədər regionda bu məhsula olan tələbat kənardan gətirilməklə ödənilirdi. İkinci çörək sayılan kartofa olan tələbatın ödənilməsi məqsədilə görülən işlər bu cəhətdən diqqəti çəkir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda torpaqlardan səmərəli istifadə olunması, investisiyaların yatırılması, müxtəlif servis mərkəzlərinin yaradılması, daxili bazarın qorunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi kimi zəruri tədbirlərin görülməsi qarşıya vəzifə kimi qoyulmuşdur. Stimullaşdırıcı təsirə malik olan bu tədbirlərin nəticəsidir ki, kartof əkini sahələri də ildən-ilə genişləndirilir.
İstehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdəndir. Son illər kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük quruculuq işləri həyata keçirilir. Muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunması üçün ötən il 6 yeni istixana kompleksi istifadəyə verilmişdir.
Meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlarda rəqabətqabiliyyətli məhsul satmaq üçün məhsulun çeşidlənməsi, qablaşdırılması, saxlanmasına stimul olan digər tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Muxtar respublikada kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının öz məhsullarını birbaşa satışa çıxarmaq və əhalinin daha ucuz qiymətlərlə kənd təsərrüfatı məhsulları ilə təmin olunması məqsədilə şəhər və rayon mərkəzlərində yarmarkalar təşkil olunur.
Kənd təsərrüfatında əkinçiliklə yanaşı, heyvandarlıq da sürətlə inkişaf etdirilir. Bu inkişaf isə muxtar respublikada baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi, məhsuldar cinsli mal-qaranın sayının artırılması istiqamətində görülən tədbirlərin nəticəsidir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə son illər 1678 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
Maldarlıqla yanaşı, quşçuluğun inkişaf etdirilməsi də diqqətdən kənarda qalmamışdır. Daxili bazarda quş ətinə və yumurtaya olan tələbatı yerli istehsal hesabına ödəmək üçün 2014-cü ildə 4 yeni quşçuluq təsərrüfatı yaradılmış, quşçuluq təsərrüfatlarının sayı 64-ə çatdırılmışdır.
Muxtar respublikada arıçılığa da diqqət yetirilir. Əsasən, keçmiş ənənələrə söykənən bu sahədə də uğurlar əldə olunmuşdur. Arıçılıqla məşğul olan sahibkarlara dövlət dəstəyi göstərilir və bu maliyyə dəstəyinin həcmi ildən-ilə artır. Balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələrinin istifadəyə verilməsi bu sahənin genişləndirilməsində əhəmiyyətli rol oynayır. 2014-cü ildə muxtar respublikada arı ailələrinin sayı 69 minə çatdırılmışdır.
Ərzaq məhsulları ilə etibarlı təminata dair dövlət proqramının əsas məqsədi muxtar respublika əhalisinin hər bir nəfərinin sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Ötən ilin yekunları bir daha göstərdi ki, muxtar respublikada əhalinin təhlükəsiz ərzaqla davamlı təmin olunması üçün mühüm tədbirlər görülmüş və görülməkdədir.
Aparılan məqsədyönlü tədbirlərin nəticəsi­dir ki, 2014-cü ili uğurla başa vurduq. Lakin əldə olunan nailiyyətlər bizi arxayınlaşdırmır. Yeni qədəm qoyduğumuz 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi məsuliyyətimizi daha da artırıb. Ötən il dekabr ayının 27-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Ali Məclis Sədrinin dediyi kimi: “2015-ci ildə muxtar respublikada tarixən formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilməli, əhalinin ərzaq məhsulları ilə təminatı davamlı xarakter almalı, emal müəssisələri xammalla fasiləsiz təchiz edilməlidir. Muxtar respublikanın ərzaq təhlükəsizliyi və meyvə-tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası da kənd təsərrüfatına xüsusi diqqət yetirilməsini tələb edir”.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan zəhmət adamları qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirmək əzmindədirlər.

Tural HAQVERDİYEV
Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR