22 Dekabr 2024, Bazar

 Naxçıvan Muxtar Respub­likasında aparılan tikinti-qurucu­luq işlərinin geniş vüsət alması paytaxt Naxçıvan şəhərinin simasını xeyli dərəcədə dəyişdirib. Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərinin bir hissəsini də dövlət qurumları üçün tikilən yeni inzibati binalar təşkil edir. Təşkilat və müəssisələrdə normal iş şəraiti yaratmaq məqsədilə həyata keçirilən bu tədbirlərin həcmi və coğrafiyası getdikcə genişlənməkdədir. 

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində inşasına 2013-cü ildən başlanılmış Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün yeni bina da yaxın gələcəkdə miqrasiya xidməti əməkdaşlarının rahat iş yerinə çevriləcəkdir.
“Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisi yekunlaşdırılan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Binanın daxilində bütün işlər, demək olar ki, tamamlanıb. Hazırda binanın arxa fasad hissəsi üzlük daşla üzlənir. Yaxın vaxtlarda obyektin ətrafında abadlıq işlərinə başlanılacaq. Bina hazır olduqdan sonra zirzəmi hissədə qazanxana, arxiv, yeməkxana, mətbəx və idman zalı, bütün mərtəbələrdə iş otaqları olmaqla, üçüncü mərtəbədə tədris otağı, kitabxana və müşavirə zalı, beşinci mərtəbədə isə iclas zalı yerləşəcəkdir.

Naxçıvan şəhərinin İslam Səfərli küçəsində inşa olunan 400 yerlik avtomobil dayanacağı isə şəhərimizin simasına yeni bir gözəllik verəcək növbəti ünvanlardan olacaq. Burada inşaat işlərini “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. Obyektdən aldığımız məlumata görə, avtomobil dayanacağı zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq. Üçkorpuslu dayanacaq binasının I korpusunda beton-qəlib işləri yekunlaşıb, ikinci korpusun sonuncu mərtəbəsində və üçüncü korpusda isə beton-qəlib və metal-konstruksiya işləri davam etdirilir. Binanın daxilində quraşdırılacaq lift və pilləkən kənarlarının hörgüsü isə ikinci və üçüncü mərtəbələrdə davam etdirilir. Binanın fasad hissəsində daha estetik görüntü əldə etmək üçün, əsasən, şüşə konstruksiyalardan istifadə ediləcək.
Obyekt hazır olduqdan sonra ümumi sahəsi 5570 kvadratmetr olan avtomobil dayanacağının bütün mərtəbələrində avtoservis xidmətləri göstəriləcək. Yeni avtomobil dayanacağında yüksəksəviyyəli parkinq xidmətini həyata keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
Muxtar respublikada zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də davamlı xarakter daşıyır və bu tədbirlər dövlətimizin hərbi qulluqçulara qayğısı kimi dəyərləndirilir. Naxçıvan şəhərinin Babək məhəlləsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yeni yataqxana binasının tikilməsi bu qayğının əyani sübutudur.
“Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisi davam etdirilən yataqxana binasının təməli 2014-cü ilin iyul ayında qoyulub. Bina zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olacaq. Hazırda binanın beşinci mərtəbəsində arakəsmələrin hörülməsi yekunlaşmaq üzrədir. Altıncı mərtəbədə isə beton-qəlib işləri görülür. Üçüncü mərtəbəyə qədər pəncərələr salınıb. Birinci mərtəbənin daxilində isə suvaq işləri aparılır. İkibloklu, 48 mənzilli yataqxana binasının zirzəmi hissəsində bərbər, anbar, camaşırxana və mağaza yerləşəcək, hər blokda lift quraşdırılacaq.
Yeni yataqxana binası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edən zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR