22 Dekabr 2024, Bazar

Hər bir ölkənin iqtisadi gücünün və eləcə də beynəlxalq aləmdə nüfuzunun göstəricilərindən biri onun xarici ticarətdəki mövqeyidir. Müstəqil ölkə kimi Azərbaycanın xarici ticarət əlaqələri genişləndikcə onun regionlarının da bu sahədə payı artır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasından da xarici ölkələrə ixrac olunan və xaricdən gətirilən mal və məhsulların həcmi iqtisadiyyatın ümumi inkişafı və əhalinin istehlak tələbatı fonunda stabil dinamika ilə artmaqdadır.

 2014-cü ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 517 milyon 427 min ABŞ dollarına çatmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,1 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 408 milyon 640 min ABŞ dollarını və ya 79 faizini ixrac, 108 milyon 787 min ABŞ dollarını və ya 21 faizini isə idxal təşkil etmiş və 299 milyon 853 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Son bir il ərzində ixracın həcmi 1,5 faiz artmış, idxalın həcmi isə 0,7 faiz azalmışdır.

Sözsüz ki, xarici ticarətdə bu, son hədd deyildir. Naxçıvan Muxtar Respublikasının müasir inkişaf səviyyəsində daha çox həcmdə idxal-ixrac əməliyyatı aparmaq, daha çox adda və çeşiddə hazır məhsul ixracına nail olmaq mümkündür. Qlobal böhrana baxmayaraq, ölkə­mizdə bərqərar olunmuş möhkəm sabitlik, milli valyutanın stabil kursu hər keçən gün daha güclü xarici sərmayənin ölkəmizə marağını artırır. Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın şaxələndirilməsi, elektron idarəetməyə keçid, bank, maliyyə, sığorta, vergi sistemində yaradılmış şəffaflıq bu inamı daha da artırır. İndi Naxçıvanda yeni texnologiyanın tətbiqi və müxtəlif yerli xammaldan istifadə ilə çox çeşiddə yüksəkkeyfiyyətli hazır məhsulu xarici bazarlara çıxarmaq mümkündür. Bu sahədə sənaye sahəsində əldə olunmuş rəqəmlər diqqətçəkicidir. Belə ki, ötən dövr ərzində muxtar respublikada sənaye sahəsində istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və təkcə 2014-cü ildə 313 milyon 481 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac olunmuşdur. Muxtar respublikadan ixrac olunan mallar arasında kənd təsərrüfatı məhsullarının da həcminin artması diqqətçəkən mühüm faktdır. Yaxın zamanlara qədər bu sahədə tamamilə idxal göstəriciləri olduğu halda, artıq etibarlı ərzaq təminatı sisteminin qurulması və daxili bazarda tələbatın səmərəli ödənilməsi ilə bu sahədə ixrac imkanları da yaradılmış və 2014-cü ildə muxtar respublikada tələbatdan çox istehsal edilmiş 95 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları xarici bazarlara ixrac olunmuşdur. Bu da, öz növbəsində, muxtar respublikada regional inkişaf hədəflərinin daha da genişləndiyinin göstəricisidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR