22 Dekabr 2024, Bazar

Ölkəmizdə, eləcə də muxtar respublikamızda digər sahələrlə yanaşı, iqtisadiyyatın lokomotivi rolunu oynayan sənaye sahəsinin də hərtərəfli inkişafına geniş imkanlar açılmışdır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsulları istehsalının təşkilindən, təbii sərvətləri və əmək resurslarını səfərbər etməklə dayanıqlı və davamlı inkişafın təmin edilməsindən ibarət olmuşdur. Sənaye sahəsində həyata keçirilən islahatların uğurlu nəticəsidir ki, muxtar respublikada yeni sənaye müəssisələri işə başlamış, müxtəlif adda sənaye məhsulları istehsalına əlverişli şərait yaradılmışdır.

Belə müəssisələrdən biri də Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyət üçün аyrılmış ərаzidə inzibаti binа, istеhsаl sехləri, yеmək­хаnа, xammal və hаzır məhsulun sахlаnılmаsı üçün аnbаr tikilib istifаdəyə vеrilmişdir. 
Polad və dəmir məmulatları istehsal edilən müəssisədə metal­əritmə, nikelləşdirmə, boyaq, tokar sexləri, qapı istehsalı sahəsi və ümumi istehsal sexi fəaliyyət göstərir. Burada Türkiyə və Rusiya istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. Müəssisədə seyf qapıları, dəmir qapılar, dəmir boru və pilləkən, novdan və yağış boruları, su çəni, 3 çeşiddə mismar, transformator kabinəsi, isitmə sistemləri üçün qazan, çəpərli və tökmə hasar, pəncərə, inşaat və təhlükəsizlik hasarı, məktəbli partası, stol və stul, idman alətləri, havalandırma kanalı, yük avtomobili banı, ümumilikdə, 80-dən çox çeşiddə metal məmulatları istehsal olunur.
Müasir texnoloji avadanlıqlarla təmin olunmuş müəssisədə istehsal prosesi avtomatlaşdırılmışdır. Metalkəsmə sexində 60 millimetr qalınlığında dəmir listləri bir dəqiqədə 1,5 metr kəsmək və 60 millimetr qalınlığında olan dəmir listləri bükmək gücünə malik avadanlıq quraşdırılmışdır. Metaləritmə sexində isə 300 kiloqram və 1,5 ton metal­əritmə gücündə olan sobalar istismara verilmişdir ki, burada da müxtəlif dekorasiyalı tökmə məhəccərlər hazırlanır. Bu məhsullardan həyata keçirilən quruculuq-abadlıq tədbirlərində istifadə edilir. Xammal, əsasən, Türkiyə Respublikasından idxal olunur. Sənaye müəssisəsində istehsal prosesi zamanı əmələ gələn, həmçinin muxtar respublikamızda fəaliyyət göstərən digər istehsal müəssisələrindən və ayrı-ayrı vətəndaşlardan qəbul olunan metal tullantılar təkrar emal edilib istehsala qaytarılır.
Müəssisədə ötən il sınaq məqsədilə istehsal olunan kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçiləri tərəfindən rəğbətlə qarşılanmışdır. Cari ildə müəssisədə kotan, toxumsəpən, kartofəkən və kartofçıxaran kimi kənd təsərrüfatı texnikalarının kütləvi istehsalı nəzərdə tutulur. Həmçinin müəssisədə yeni layihə hazırlanmışdır. Bu layihəyə əsasən, universal avtomaşının ilk nümunəsi yığılıb hazırlanır. Əgər layihə uğurlu alınarsa, bu avtomaşının da istehsalına başlanılması planlaşdırılır.
Müəssisədə istehsal edilən məhsulların keyfiyyətinə ciddi nəzarət olunur. Burada müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Xammal və ya istehsal edilən hazır məhsul optik spektometr vasitəsilə yoxlanıldıqdan sonra istehsala buraxılır və ya hazır məhsul sifarişçilərin ünvanlarına göndərilir.
Müəssisədə hаzırdа 293 nəfər çаlışır. Yüksək əməkhaqqı və ildə iki dəfə xüsusi geyim formaları ilə təmin olunmuş kоllеktiv 2013-cü ilin yanvar ayında 265 min 452 manatlıq məhsul istehsal etmiş, anbarda yaradılmış ehtiyatla birlikdə 407 min 350 manatlıq məhsul satılmışdır.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR