22 Dekabr 2024, Bazar

 Bu il bank resursları, əsasən, kənd təsərrüfatı və sənayenin inkişafına yönəldiləcək

Naxçıvanın tarixində “Muxtariyyət ili” kimi yadda qalacaq 2014-cü ili uğurla başa vurduq. Ötən il muxtar respublikada gedən yüksək inkişaf özünü Ümumi Daxili Məhsul istehsalında, sənaye, kənd təsərrüfatı məhsullarının, əsas kapitala yönəldilən investisiyaların ümumi həcminin artmasında, biznesin inkişafına dövlət dəstəyinin göstərilməsində və digər makroiqtisadi göstəricilərdə qabarıq göstərdi. Bütün bu nailiyyətlərin əldə olunmasında bank sektoru da fəal iştirak edib. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədovla ötən ilə nəzər saldıq. İdarə sədri bankların 2014-cü ildəki fəaliyyəti, ötən il əldə olunan nailiyyətlər, gələcək planlar barədə ətraflı məlumat verdi.

 – Səbuhi müəllim, istərdik, ilk olaraq, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu barədə məlumat verəsiniz.

– 1 yanvar 2015-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 100 milyon 667 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 15 milyon 499 min manat, uzunmüddətli kredit qoyuluşu isə 85 milyon 168 min manat təşkil edir. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 380 min manat artıb.
Mərkəzi Bankın kreditləşmədə əsas məqsədi aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın müdafiəsi, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Kredit qoyuluşunun 32,5 faizi kənd təsərrüfatına, 32,9 faizi sənayeyə, 8,9 faizi tikinti-inşaat sektoruna, 9 faizi ticarət-xidmət sahələrinin inkişafına yönəldilib. Eyni zamanda muxtar respublika əhalisinə verilmiş 13 milyon 862 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 3 milyon 731 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bərabər, real sektor da dəstəklənib.
Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayıb.
– Konkret olaraq, ötən il nə qədər kredit verilib?
– Bank və kredit təşkilatları tərəfindən 2014-cü il ərzində 54 milyon 457 min manat kredit verilib ki, bunun da 21 milyon 362 min manatı qısamüddətli, 33 milyon 95 min manatı isə uzunmüddətli kreditlərdir. Verilmiş kreditin 17 milyon 956 min manatı kənd təsərrüfatı, 5 milyon 674 min manatı sənaye, 7 milyon 180 min manatı tikinti, 4 milyon 702 min manatı kommersiya sahələrinə, 2 milyon 53 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 16 milyon 892 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib.
Ötən il ərzində verilmiş kreditlərin 33 faizini – yəni 17 milyon 956 min manatını kənd təsərrüfatı kreditləri təşkil edir. Kənd təsərrüfatı kreditləri aqrar sahənin inkişafında, ənənəvi istehsal və kiçik emal sahələrinin dirçəlməsində əhəmiyyətli rol oynayır.
Bu kreditlər, əsasən, prioritet sayılan və muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının icrasına uyğun olaraq, istehsal proseslərinin təmin edilməsi üçün çoxsaylı komponentlərə – toxum və əkin materiallarının, kiçik emal avadanlıqlarının alınmasına, digər aqrotexniki tədbirlərin aparılmasına, heyvandarlığın inkişafına verilib.
Bu gün biznesin inkişafında kreditlərin rolu əvəzedilməzdir. Muxtar respublikada iqtisadiyyatın yenidən qurulduğu bir vaxtda yerli istehsal müəssisələrinin istehsal etdiyi malların xüsusi çəkisinin artması, kənd təsərrüfatı ilə bərabər, sənayenin inkişafı prosesi gedir. Banklar həm yeni biznesin yaradılmasındakı maliyyə probleminin həllində, həm də yeni texnologiyalar tətbiq etmək və fəaliyyətini genişləndirmək istəyən müəssisələrin və sahibkarların əsas və dövriyyə fondlarının maliyyələşdirilməsində əsas maliyyə vasitəçisi kimi iştirak edir.
– Səbuhi müəllim, Mərkəzi Bankın açıqladığı məlumata görə, muxtar respublikada kreditlərin orta illik faiz dərəcəsi ölkəmizin digər regionları ilə müqayisədə ən aşağı göstəricidir.
– Muxtar respublikada kreditlərin orta illik faiz dərəcəsi 13,5 faiz təşkil edir. Hansı ki bu göstərici Dağlıq Şirvan zonasında 23,5, Gəncə-Qazax zonasında 21,7, Şəki-Zaqatala zonasında 20,8, Quba-Xaçmaz zonasında 20,2, Yuxarı Qarabağda 20,8, Abşeron zonasında 19,2 faiz təşkil edir. Rəqəmlərdən göründüyü kimi, muxtar respublikada kreditlərin orta faiz dərəcəsi digər iqtisadi rayonlardan 8-10 faiz aşağıdır.
– Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının neçəsi işlək hesablardır?
– Əvvəlcə onu qeyd edim ki, banklar tərəfindən 2014-cü il ərzində 2244 hüquqi, 36013 fiziki şəxs olmaqla, 38257 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 35020-si işlək hesab olub ki, onların 1320-si hüquqi, 33700-ü fiziki şəxsdir.
2014-cü il ərzində 107 hüquqi, 17867 fiziki şəxs olmaqla, 17974 müştəriyə yeni bank hesabı açılıb. Açılmış bank hesablarının 17883-ü fəaliyyət göstərir ki, onların 107-si hüquqi, 17776-sı fiziki şəxsdir.
Açılmış bank hesablarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 9525 ədəd artmaqla, onlardan işləyənlərin sayı 9488 ədəd olub.
– 2014-cü il ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə nağd pul dövriyyəyə buraxılıbmı?
– Bəli, ötən il 548 milyon 136 min manat nağd pul dövriyyəyə buraxılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 milyon 630 min manat azdır. Bu isə onu göstərir ki, muxtar respublikada fəaliyyət göstərən bankların kassasına daxil olan nağd pulun həcmi artıb, xidmət olunan müəssisə və təşkilatların nağd pula olan tələbatı isə azalıb.
– Son illər qarşıya qoyulan mühüm vəzifələrdən biri də nağdsız hesablaşmaların həcminin artırılması ilə bağlıdır. Muxtar respublikada bu sahədə vəziyyət necədir?
– “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq, nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, innovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidmət haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanları artırılıb. Artıq muxtar respublika sakinləri ödəniş kartları vasitəsilə vergi və rüsumları, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, gömrük rüsumlarını, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarını, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsini elektron ödəniş formasında apara bilirlər.
Elektron ödəniş alətlərinin və nağdsız hesablaşmaların həcminin artırılması məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminallardan müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılmasının monitorinqi keçirilib, nağdsız əməliyyat aparmayan sahibkarlarla xüsusi maarifləndirici görüşlər təşkil edilib, müvafiq tövsiyələr verilib.
Eyni zamanda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə muxtar respublikanın təhsil müəssisələrində, bir sıra dövlət orqanlarında çalışan ödəniş kartı istifadəçiləri ilə görüşlər keçirilib, onlara ödəniş kartlarından istifadənin üstünlükləri barədə məlumatlar verilib, nağdsız ödənişlərin iqtisadiyyatın inkişafında nə dərəcədə mühüm rol oynadığı bildirilib. Görüşlər zamanı nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin təbliği məqsədilə videoçarxlar nümayiş etdirilib, bu istiqamətdə əsaslı rol oynayan internet resursları haqqında məlumatlar verilib və internet üzərindən ödənişlərin həyata keçirilməsi əyani şəkildə diqqətə çatdırılıb. Bunlarla yanaşı, ödəniş alətlərinin üstünlükləri ilə bağlı təbliğat materialları, bukletlər dərc edilib ödəniş kartı istifadəçilərinə paylanılıb.
Vətəndaşlar tərəfindən kommunal xərclərin ödəniş kartları vasitəsilə ödənilməsinin həyata keçirilməsi məqsədilə 2014-cü il ərzində 619 ədəd, o cümlədən “Naxçıvanqaz” İstehsalat Birliyində 39 ədəd, “Naxçıvanpoçt” MMC-də 105 ədəd, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi qurumlarında 21 ədəd POS-terminal quraşdırılıb.
Ötən il POS-terminallar və digər ödəniş vasitələrilə aparılan nağdsız əməliyyatların həcmi 12 milyon 513 min manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşların kommunal ödənişlərini POS-terminallarla yanaşı, ödəniş kartlarından istifadə etməklə internet üzərindən həyata keçirmələri də təmin olunub.
Ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılıb, 1 yanvar 2015-ci il tarixə onların sayı 867 ədəd olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 619 ədəd artıb.
Bu tədbirlərin həyata keçirilməsi nağd pul dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə təsir göstərən əsas amillərdən biridir.
Bundan başqa, vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə 92 ədəd bankomatla xidmət göstərilib, o cümlədən 53-ü Naxçıvan şəhərində, 39-u isə rayon mərkəzlərində və böyük kənd yaşayış məntəqələrində olmaqla muxtar respublika əhalisi tamamilə bu xidmətlə əhatə olunub. Əlavə bankomatların gətirilərək böyük kənd yaşayış məntəqələrində qurulması istiqamətində işlər davam etdirilir.
– Səbuhi müəllim, dediyiniz faktlardan belə məlum oldu ki, nağdsız ödənişlərin həcmi xeyli artıb. Bu, onu göstərir ki, ödəniş kartlarının sayında da artım var.
– Əlbəttə. Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartlarının sayı 2014-cü ilin əvvəllərində 183 min 72 ədəd təşkil edirdisə, hazırda elektron ödəniş kartlarının ümumi sayı 202 min 928 ədədə çatıb və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 min 856 ədəd artıb. Vətəndaşların, xüsusilə kənd yerlərində əməkhaqqı, pensiya və müavinətlərin tamamilə ödəniş kartları vasitəsilə ödənilməsinin təşkili daim diqqət mərkəzində saxlanılır.
Nağdsız hesablaşmalara keçidlə əlaqədar olaraq əməkhaqqı, pensiya və digər sosial ödəmələrin ödəniş kartları ilə verilməsi ilə yanaşı, büdcə və büdcədənkənar xərclərin aparılmasında 100 faiz hüquqi şəxslərə verilən korporativ kartlardan istifadə olunur.
– Ötən il muxtar respubli­ka­­­­da yeni bank və ya bank filialı yaradılıbmı?
– 2014-cü il ərzində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan”, “Şərur” və “Culfa” rayon filialları yaradılıb. Hal-hazırda həmin filiallar vasitəsilə vətəndaşlara yüksəksəviyyəli bank xidməti göstərilir. Yeni yaradılan filiallar vasitəsilə kənd təsərrüfatı və kiçik biznesin kreditləşməsinə 4 milyon 212 min manat kredit verilib.
– Ötən illər ərzində açıqladığınız məlumatlar göstərir ki, vətəndaşların banklarda olan əmanətlərinin həcmi ilbəil artır. Bu gün muxtar respublikada fəaliyyət göstərən banklarda vətəndaşların nə qədər əmanəti var?
– Muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 772 min manat, o cümlədən xarici valyuta ilə 1 milyon 740 min manat təşkil edir. Bu da banklara olan inamın nəticəsidir. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 701 min manat artıb. Banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq, 4 faizdən 18 faizədək illik faiz ödənilir.
– Bank işçilərinin peşə hazırlığının artırılması üçün tədbirlər həyata keçirilirmi?
– Peşəkar kadr olmadan işlərin düzgün qurulması, nailiyyətlər əldə edilməsi mümkün deyil. Ona görə də bank işçilərinin peşəkarlığının artırılması istiqamətində davamlı tədbirlər görülür. Ötən il bank işçilərinin peşə hazırlığının artırılması diqqət mərkəzində saxlanılıb, müvafiq seminar və treninqlər keçirilib. Azərbaycan Bank Tədris Mərkəzinin ekspertlərinin iştirakı ilə “Kənd təsərrüfatının kreditləşdirilməsi” mövzusunda kurs keçilib və kurs iştirakçılarına müvafiq sertifikatlar verilib.
– Səbuhi müəllim, 2014-cü ili uğurla başa vuran bank qurumları bu il diqqəti daha çox hansı sahələrə yönəldəcək?
– Bu il elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, bank infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması, bank resurslarının iqtisadiyyatın real sektoruna, xüsusilə kənd təsərrüfatı və sənayenin inkişafına yönəldilməsi prioritet sahə kimi nəzarətdə saxlanılacaq.
-Müsahibə üçün sağ olun.

Tural SƏFƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR