22 Dekabr 2024, Bazar

Muxtar respublikada yaşayış məntəqələrinin və istehsalat sahələrinin enerji və istilik təchizatı tamamilə həll olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində bu gün muxtar respublikanın qazlaşdırılmayan heç bir məntəqəsi qalmayıb. “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq təbii qaz təchizatının yaxşılaşdırılması və etibarlılığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstehlakçıların fasiləsiz və təhlükəsiz mavi yanacaqla təminatını diqqət mərkəzində saxlayan birliyin kollektivi 2014-cü ilin dekabr ayı ərzində də qarşıda duran vəzifələri uğurla yerinə yetirmişdir.

 Ötən ay ərzində 144 mənzilə və 26 digər müxtəliftəyinatlı obyektə qaz xətləri çəkilmişdir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə əlaqədar olaraq, müvafiq sosial obyektlərin, inzibati binaların qaz təchizatı yenidən qurulmuş, kənd yollarının genişləndirilməsi məqsədilə daşıyıcı və paylayıcı qaz kəmərlərinin yeri dəyişdirilmiş, istismarda olan kəmərlərin dayaqları bərkidilmiş, ümumilikdə, bu məqsədlə 16 min 483 paqonometr polietilen və metal boru istifadə olunmuşdur. Birliyin şəhər, rayon Qaz İstismarı idarələrinin qəza dispetçer xidmətlərinə təbii qaz istehlakçılarından daxil olmuş 1602 çağırışa əsasən vaxtında müvafiq tədbirlər görülmüşdür. Bu müddət ərzində qaz təsərrüfatı şəbəkəsində 1482 halda sızma aşkarlanaraq aradan qaldırılmış və qazın nəqli bərpa olunmuşdur.

Qış mövsümündə təbii qaza olan tələbatın artması ilə əlaqədar qaz nəqli sistemi daha artıq yüklənir və gərgin iş rejiminə keçir. Buna görə də bu dövrdə muxtar respublika ərazisində təbii qazın normal istismarını təmin etmək məqsədilə müvafiq işlər görülür. Belə ki, istehlakçılarla bağlanmış müqavilələr əsasında təzyiqin saxlanılması üzrə gündüz və gecə texnoloji rejimləri yaradılmış və sərflərin qeydiyyatının aparılması ciddi nəzarətə götürülmüşdür. Avtomat qaz paylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə müəyyən olunan vaxtlarda aparılmış, qaz təsərrüfatı sahəsinin bütün istiqamətləri üzrə cari təmir işləri görülmüş, nasazlıqlar aradan qaldırılmışdır. Həmçinin maşın-mexanizmlər, qaynaq və digər avadanlıqların texniki vəziyyəti yoxlanılmış, çətin şəraitdə etibarlı istismar üçün hazır vəziyyətə gətirilmişdir.
Ötən dövr ərzində qaz təsərrüfatında yeraltı xətlərdə korroziyaya uğrayan hissələr yeni borularla əvəz olunmuş, yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılmış katod elektrokimyəvi mühafizə qurğularına vaxtlı-vaxtında nəzarət olunmuş, xətlərdəki potensial fərqi ölçülərək nəzarətdə saxlanmışdır.
2014-cü ilin dekabr ayında kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılmışdır. Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşəsinin növbəti IV qrupu yaradılmış və şəhər, rayon Qaz İstismarı idarələrinin bir qrup işçisi kursa cəlb olunmuşdur.
Təbii qazdan qanunsuz istifadəyə qarşı mübarizə tədbirləri həm sakinlərin təhlükəsiz yaşayışının, həm də fasiləsiz enerji təchizatının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ötən dövr ərzində təbii qazdan səmərəli istifadə olunması, qaz sobalarına və qızdırıcı cihazlara nəzarət edilməsi və qaz sayğaclarına müdaxilələrin aradan qaldırılması məqsədilə Qaz İstismarı idarələrinin müvafiq işçiləri tərəfindən reydlər davam etdirilmişdir. Bu istiqamətdə aparılan işlər nəticəsində 4 min 481 ədəd yararsız qaz sayğacı aşkarlanaraq istismardan çıxarılmış və yeni qaz sayğacları quraşdırılmışdır. Eyni zamanda əhali arasında maarifləndirici söhbətlər aparılmış, kütləvi informasiya vasitələrində qazdan təhlükəsiz istifadə qaydaları mövzusunda vaxtaşırı məlumatlar verilmişdir.
Muxtar respublikanın bütün yaşayış məntəqələrinin, o cümlədən istehsal sahələrinin fasiləsiz təbii qazla təminatı 2015-ci ildə də diqqət mərkəzində saxlanılacaq, əhaliyə nümunəvi xidmət göstəriləcəkdir.

“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR