Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən abonentlərin elektrik enerjisi tələbatının, yaşayış sahələrinin, istehsal müəssisələrinin və sosial obyektlərin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatının yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər davam etdirilir. 2014-cü ilin dekabr ayında da bu istiqamətdə müvafiq işlər görülmüş, yeni elektrik verilişi xətlərinin çəkilməsi, transformator yarımstansiyalarının qoyulması, mövcud hava verilişi xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi işləri davam etdirilmişdir.
Muxtar respublikanın elektrik enerjisi təchizatında müstəsna əhəmiyyətə malik olan 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyasının 10-cu aqreqatı demontaj edilmiş, bəzi hissələri əsaslı təmir məqsədilə Bakı şəhərinə göndərilmiş, stansiyanın inzibati binasının istilik təchizatı yaxşılaşdırılmışdır. Həmçinin Araz, Qaz-Turbin, Biləv və “Arpaçay-1” Su Elektrik stansiyalarında da cari təmir işləri aparılmış, stansiyaların tam gücü ilə işləməsi üçün zəruri tədbirlər görülmüşdür. Qeyd olunan dövrdə yarımstansiyaların sazlığına nəzarət də gücləndirilmiş, yeni 110/35/10 kilovoltluq 35 meqavolt-amper güclü “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma işləri davam etdirilmiş, yüksəkgərginlikli izolyatorlar, nəzarət-ölçü kabelləri çəkilmiş və idarəetmə panelləri qoyulmuşdur. Kəngərli Rayon Elektrik Şəbəkəsinin ikimərtəbəli yeni inzibati binasının tikintisi isə yekunlaşmaq üzrədir.
Elektrik enerjisi verilişinin davamlılığının və dayanıqlılığının təmin olunması tədbirləri də diqqət mərkəzində saxlanılır. 2014-cü ilin dekabr ayında bu məqsədlə Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün bölgələrində 6,1 kilometr uzunluqlu yeni müxtəlifgərginlikli elektrik verilişi xətləri çəkilmiş, 4,8 kilometr uzunluğunda hava elektrik verilişi xətti və 70-dən çox elektrik dirəyi yenisi ilə əvəz edilmiş, 11 transformator yarımstansiyası əsaslı təmir edilmişdir. Bu dövr ərzində Ordubad rayonunun Məzrə kəndindəki teleötürücünün mütəmadi olaraq elektrik enerjisi ilə təmin olunması məqsədilə 40 kilovolt-amper və Şahbuz rayonunun Biçənək kəndində 63 kilovolt-amper gücündə yeni transformator yarımstansiyaları quraşdırılmışdır.
Şəhər və rayon elektrik şəbəkələrində qrafik əsasında əsaslı və cari təmir işləri aparılmış, məftil və aqreqatların qış rejiminə uyğun nizamlanması, əlavə dayaqların qoyulması, sıradan çıxan izolyatorların, kabel çıxışlarının və abonent girişlərinin dəyişdirilməsi, yeni yüksək və alçaqgərginlikli kommutasiya aparatlarının qoyulması işləri davam etdirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində ötən ilin dekabr ayı ərzində abonentlərin elektrik enerjisinə olan tələbatı tamamilə ödənilmiş, əhaliyə nümunəvi xidmət göstərilmişdir.
Agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birlikdə əhali arasında maarifləndirici söhbətlərin və reydlərin aparılmasını davam etdirmiş, işlədicilərə ötürülmüş elektrik enerjisinin dəyərinin ödənilməsi təmin edilmiş, sayğacdankənar müdaxilələrin və elektrik enerjisindən israfçılıqla istifadənin qarşısı alınmışdır.
Ümumiyyətlə, ötən ili uğurla başa vuran energetiklər qış aylarında əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatına nail olmuşlar. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin kollektivi bu istiqamətdə işləri 2015-ci ildə də davam etdirir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin mətbuat xidməti