Su ehtiyatlarının səmərəli istifadəsi və idarə edilməsi, su itkisinin qarşısının alınması, suvarma tədbirlərinin həcminin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. 2014-cü ilin dekabr ayı ərzində də bu istiqamətdə işlər davam etdirilmiş, meliorasiya və irriqasiya tədbirləri genişləndirilmişdir.
Komitənin rayon suvarma sistemləri idarələri tərəfindən ötən ayda müvafiq təmir-bərpa işləri aparılmış, 2,6 kilometr kanal, 9,6 kilometr kollektor, 24,7 kilometr ara arxları lildən təmizlənmişdir. Müxtəlif əraziləri əhatə edən 4 kilometrdən artıq yeni içməli su xətti çəkilmiş, 3,9 kilometr içməli su xətti, 1,2 kilometr suvarma boru xətti isə təmir olunmuşdur. Ay ərzində lazımi yerlərdə kaptaj xətləri və drenaj sistemlərində bərpa işləri aparılmış, çay və selovlarda 2,3 kilometr istiqamətləndirici bəndlər salınmışdır.
Əkin sahələrinin suvarma suyu ilə təmin olunması və sahələrin vaxtında suvarılması ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən vacib məsələlərdəndir. Bu istiqamətdə işlər ötən ilin dekabr ayı ərzində də davam etdirilmişdir. Kəngərli rayonunda yeni tikilən nasos stansiyasından 1,5 kilometr uzunluğunda boru xətti və Vayxır sol sahil kanalının ətrafındakı torpaq sahələrində 5 kilometr məsafədə suvarma şəbəkəsi və 8 kilometr drenaj xətti çəkilmişdir.
Kəhrizlər su təminatının yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyır. Buna görə də muxtar respublikada kəhrizlərdən səmərəli istifadə diqqət mərkəzində saxlanılır, bu qədim hidrotexniki qurğular bərpa olunaraq istismara verilir. Hazırda Kəhrizlər İdarəsi tərəfindən 6 kəhrizdə təmir işləri aparılır. İndiyədək quyularda 59 metr qazma, 43 metr çələgərdən hörgü işləri aparılmışdır. Bundan başqa, 9 metr yeni kürə vurulmuş, 232 metr mövcud kürə isə lildən təmizlənmiş, 43 metr saybənd hörülmüşdür.
Texnikanın gücündən istifadə edilməsi genişmiqyaslı irriqasiya işlərinin vaxtında həll olunmasına imkan verir. Buna görə də komitənin bazasındakı maşın-mexanizmlərin sazlığı daim nəzarətdə saxlanılır. Ötən ay ərzində texnikalara baxış keçirilmiş, nasaz vəziyyətdə olan subartezian nasosları və elektrik mühərrikləri təmir olunmuşdur. Həmçinin 37 subartezian quyusu bərpa olunmuş, 1 subartezian quyusuna yeni nasos qoyulmuş, çirkab sutəmizləyici qurğunun hovuzlarında və Şahbuz rayonundakı su anbarında dəmir-beton və izolyasiya işləri görülmüşdür.
Naxçıvan Muxtar Respublikasında yaşayış məntəqələrinin içməli su və kanalizasiya şəbəkəsi təkmilləşdirilir, əhalinin kommunal şəraiti yaxşılaşdırılır. Bu istiqamətdə görülən işlər çərçivəsində bəhs olunan dövrdə Naxçıvan şəhərində 54 metr kanalizasiya xətti və 200 metr içməli su xətti çəkilmiş, 200 ev şəbəkəyə birləşdirilmişdir. Bu dövr ərzində Babək rayonunda 3,15 kilometr kanalizasiya, 3,1 kilometr içməli su xətti çəkilmiş, 26 ev birləşməsi qoyulmuşdur.
Komitənin kollektivi yaşayış məntəqələrinin, kənd təsərrüfatı sahələrinin sel və daşqınların zərərli təsirindən qorunmasını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə görülən işlər 2014-cü il ərzində də davam etdirilmiş, bu məqsədlə dekabr ayı ərzində Araz çayında 750 metr uzunluğunda sahilbərkitmə işi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsinin müasir tələblər səviyyəsində davamlı inkişafını təmin etmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, suvarılan torpaqların su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə həllivacib olan məsələlər bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti