Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu 2014-cü ildə də muxtar respublika iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf templəri qeydə alınmışdır.
2014-cü ilin ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə Prezidenti Naxçıvan Beynəlxalq Hava Limanının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binalarının, Gənclər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışında iştirak etmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal edilən məhsulların sərgisi ilə tanış olmuş, muxtar respublikanın ərazisində yerləşən hərbi hissələrə daxil olan yeni texnika və silahlara baxmışdır.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə muxtar respublikada aparılan irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.
Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılmasını, müasir şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsini, abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat vəsait ayrılmışdır.
Ötən dövrlər ərzində muxtar respublikada qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın diversifikasiyasına, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına nail olunmuşdur. Əldə olunmuş sosial-iqtisadi inkişaf səviyyəsini qorumaq və daha da möhkəmləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.
2014-cü ildə muxtar respublikada 2 milyard 391 milyon manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,3 faiz çoxdur. 2014-cü ildə hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilə nisbətən 0,8 faiz artaraq 5465,2 manat (6967,4 ABŞ dolları) səviyyəsində olmuşdur. 2014-cü ildə Ümumi Daxili Məhsul istehsalında maddi istehsalın payı 62,8 faiz təşkil etmişdir.
2013-cü illə müqayisədə 2014-cü ildə sənaye məhsulunun həcmi 2,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2,3 faiz, o cümlədən mobil rabitə xidməti 0,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,2 faiz, ixracın həcmi 1,5 faiz, əhalinin gəlirləri 2,2 faiz, hər bir nəfərə düşən gəlirlər 0,8 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,9 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
Sənaye
Müasir texnologiyalarla təchiz olunmuş yeni sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sənaye məhsulunun dinamik artımını təmin etmişdir.
2014-cü ildə muxtar respublikada 891 milyon 486 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 2,5 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşmüşdür. Dövlət sektorunda 65 milyon 536 min manatlıq, qeyri-dövlət sektorunda isə 825 milyon 950 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunan məhsulun 92,6 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının dinamikası,
min manatla
2014-cü ildə muxtar respublikada dövlət dəstəyi ilə 47 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 30 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə davam etdirilmişdir.
2014-cü ildə sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 5 milyon 674 min 300 manat həcmində kredit verilmişdir.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, 2014-cü ildə 313 milyon 481 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikanın etibarlı müdafiəsinin təşkili istiqamətində həyata keçirilən genişmiqyaslı hərbi quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Yəni bundan sonrakı illərdə də Naxçıvanın hərbi gücünün artırılması üçün əlavə tədbirlər görüləcəkdir”.
Muxtar respublikada ordu quruculuğu tədbirləri çərçivəsində 2014-cü ildə Naxçıvan şəhərində əsgər yataqxanasının, üç anbarın tikintisi, su xətlərinin çəkilişi başa çatdırılmış, qərargah binasının, mərkəzi hərbi xəstəxananın, əsgər yataqxanasının və yeməkxanasının, iki yaşayış binasının tikintisi davam etdirilmişdir.
Kəngərli rayonundakı hərbi hissədə Təlim-Tədris Mərkəzinin tikintisi, Şahbuz şəhərindəki hərbi hissədə əsgər yataqxanasının təmiri, Ordubad rayonunda hərbi hissənin avtomobil yolunun yenidən qurulması, hərbi hissədə təmir işləri başa çatdırılmış, “Naxçıvan” Sərhəd Diviziyasında və Şərur rayonunda “N” hərbi hissəsi üçün infrastruktur obyektlərinin, Kəngərli rayonunda su anbarının tikintisi davam etdirilmişdir.
2014-cü ildə muxtar respublikada Əlahiddə Ümumqoşun Ordusuna 15 ədəd “Mitsubishi-PAJERO”, 11 ədəd “Mitsubishi L-200”, 10 ədəd “UAZ”, 2 ədəd “FİAT” markalı xidməti avtomobil, 2 ədəd “Ford” markalı səyyar tibbi yardım və 1 ədəd rentgen flüoroqrafiya avtomobilləri verilmişdir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
2014-cü ildə muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 924 milyon 629 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 806 milyon 943 min manatı və ya 87,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Muxtar respublikada tikinti-quruculuq işlərini sürətləndirmək məqsədilə 2014-cü ildə 1 ədəd 12 tonluq kran, 3 ekskavator, 3 yükləyici və 6 yük avtomobili alınmışdır.
2014-cü ildə muxtar respublikada 296 müxtəliftəyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 153 müxtəliftəyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri muxtar respublikanın bütün inzibati ərazisini, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə edir. 2014-cü ildə 8 kənd mərkəzi istifadəyə verilmiş, 8 kənd mərkəzinin inşası davam etdirilmişdir. Bundan əlavə, bu dövr ərzində 1 şəhər mərkəzi istifadəyə verilmişdir.
2014-cü ildə muxtar respublikada 4 yaşayış binasının tikintisi, 6 yaşayış binasının yenidən qurulması, 2 yaşayış binasının əsaslı təmiri, 6 yaşayış binasının təmiri başa çatdırılmış, 4 yaşayış binasının tikintisi, 4 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının əsaslı təmiri, 1 yaşayış binasının isə təmiri davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin tikintisi davam etdirilmiş, yeddi yaşayış binasında istilik xətlərinin yenidən qurulması, doqquz yaşayış binasında istilik xətlərinin təmiri başa çatdırılmışdır.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2014-cü ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 365 min 767 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 2,2 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davam etdirilmişdir. Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində tədbirlər görülmüş, Naxçıvan şəhərində Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmiş, 1 yanvar 2015-ci il tarixə Naxçıvan şəhərində 217 kilometr məsafədə kanalizasiya və 224,4 kilometr məsafədə içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi layihələri üzrə, ümumilikdə, 542 kilometr məsafədə içməli su və 331 kilometr məsafədə kanalizasiya xətləri çəkilmişdir. Layihə çərçivəsində 19 subartezian quyusunun tikintisi davam etdirilir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada cəmiyyətin hər bir üzvünün ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi diqqətdə saxlanır. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul olunduğu 2008-ci illə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 229 milyon 646 min manata, heyvandarlıq məhsullarının həcmi isə 2,1 dəfə artaraq 125 milyon 511 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 260 ədədi 2014-cü ilin yanvar-dekabr aylarında olmaqla, cəmi 1505 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilmişdir. 2014-cü ildə 276 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. İl ərzində məhsul istehsalçıları 3867,3 ton mineral gübrə ilə təmin olunmuşlar.
2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılmışdır ki, bu da 2013-cü ilin məhsulu üçün əkilmiş sahədən 702 hektar çoxdur.
Cəmi əkin sahələri, hektarla
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazası möhkəmləndirilmiş, Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilmişdir. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada 6 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
2014-cü ildə taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanılmışdır. 2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 26274,1 hektarını buğda, 9475,6 hektarını isə arpa təşkil etmişdir. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar artmışdır. Taxıl zəmilərindən 103 min 70 ton məhsul toplanmışdır ki, bu da 2013-cü illə müqayisədə 110 ton çoxdur.
Tələbata uyğun olaraq, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmışdır. 2014-cü ildə 2962 hektar sahədə kartof əkini aparılmış və sahələrdən 41405,5 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 109 ton üstələyir.
2014-cü ildə 109624 ton dənli və dənli-paxlalı məhsulu (qarğıdalısız), 4225,5 ton dən üçün qarğıdalı, 662,8 ton dən üçün günəbaxan, 66731,4 ton tərəvəz, 34338,9 ton ərzaq üçün bostan məhsulları, 36196 ton meyvə, 14395 ton üzüm toplanmışdır.
2014-cü ildə tutumu 100 ton olan 1 soyuducu anbar istifadəyə verilmiş, soyuducu anbarların sayı 20-yə, ümumi tutumu isə 12 min 250 tona çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində 2014-cü ildə 6 yeni istixana kompleksi yaradılmışdır.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına öz təsirini göstərmişdir. 2014-cü ildə muxtar respublikada 5 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 1 heyvandarlıq kompleksinin yaradılması üzrə işlər davam etdirilir.
2014-cü ildə Dövlət Baytarlıq Xidmətinin laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 27 adda müxtəlif avadanlıq və 26 adda müxtəlif ləvazimat, süni mayalanma tədbirlərinin genişləndirilməsi üçün 15 ədəd yedəkli motosiklet, 32 ədəd süni mayalama çantası və 10 adda müxtəlif ləvazimatlar alınıb gətirilmişdir. 2014-cü ildə muxtar respublikanın heyvandarlıq təsərrüfatlarında 7559 baş inək və düyə süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək və düyələrdən 6555 baş sağlam buzov alınmışdır.
1 yanvar 2015-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 107 min 632 baş, qoyun və keçilərin sayı isə 646 min 344 baş olmuşdur ki, bu da 1 yanvar 2014-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 1,3 və 1,7 faiz üstələmişdir. 2014-cü ildə muxtar respublikada diri çəkidə 19882,3 ton ət, 78929,4 ton süd istehsal olunmuşdur ki, bu da 2013-cü illə müqayisədə müvafiq olaraq 2 və 0,4 faiz çoxdur.
Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi istiqamətində tədbirlər görülür. 2014-cü ildə 4 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 1 quşçuluq təsərrüfatının yaradılması istiqamətində iş aparılmışdır.
Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın və balıqçılığın inkişafı məqsədilə tədbirlər görülmüş, 1 balıqçılıq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi başa çatdırılmış, 1 arıçılıq təsərrüfatının yaradılması davam etdirilmişdir.
2014-cü ildə kənd təsərrüfatı subyektlərinə, ümumilikdə, 17 milyon 966 min manat həcmində kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 21,5 faiz çoxdur.
2014-cü ildə 355 milyon 157 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ildəki müvafiq göstəricini 6,1 faiz üstələyir.
Kənd təsərrüfatının ümumi məhsulu,
min manatla
Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın səmərəli ödənilməsi ilə yanaşı, ixrac potensialını gücləndirmişdir. 2014-cü ildə muxtar respublikada tələbatdan çox istehsal edilmiş 95 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi və yeniləşdirilməsi davam etdirilir. 2014-cü ildə bu sahədə görülən işləri daha da sürətləndirmək məqsədilə muxtar respublikaya 10 ədəd ekskavator və 1 ədəd yükünü özüboşaldan ağırtonnajlı avtomobil gətirilmişdir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat vəsait ayrılmışdır.
Babək və Sədərək rayonlarının hər birində bir nasos stansiyasının tikintisi, Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan su xəttinin çəkilişi, Babək rayonunda Uzunoba Su Anbarının yenidən qurulması başa çatdırılmış, Kəngərli rayonunda nasos stansiyasının tikintisi davam etdirilmişdir.
Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarılması üçün əlavə su xətlərinin, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kərimbəyli, Babək rayonunun Cəhri və Güznüt kəndlərində drenaj xətlərinin, Bənəniyar gölündən Babək rayonunun Nehrəm kəndi ərazisinə suvarma su xəttinin çəkilişi, Culfa rayonunun Camaldın kəndində suvarma kanalının təmiri başa çatdırılmışdır.
Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin ətrafına suvarma su xəttinin çəkilişi başa çatdırılmış, Şərur rayonunun Xanlıqlar kəndində suvarma kanalının yenidən qurulması davam etdirilmişdir.
Babək rayonunun Xalxal, Ordubad rayonunun Aşağı Əylis və Nüsnüs, Şahbuz rayonunun Kolanı kəndlərində suvarma su xətlərinin çəkilişi, Ordubad rayonunun Dəstə kəndində suvarma su kanalının tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun Bəhruz Kəngərli kəndində suvarma şəbəkəsinin bərpası, Ordubad rayonunun Yuxarı Əylis kəndində suvarma su xəttinin yeni əraziyə köçürülməsi başa çatdırılmışdır.
Şahbuz rayonunda Badamlı çayında istiqamətləndirici bəndin tikintisi, Şərur rayonunda Arpaçay sol sahil kanalı üzərindəki sel ötürücünün bərpası, Ordubad şəhərindən keçən Dübəndi çayında sahilbərkitmə işləri başa çatdırılmışdır.
Muxtar respublikada 9 kəhrizin təmiri başa çatdırılmışdır.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində 2014-cü ildə 536,5 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 440,7 min ədəd ağac və bəzək kolları əkilmişdir.
Nəqliyyat, informasiya və rabitə, energetika
Muxtar respublikada nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti 2014-cü il avqustun 27-də “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının maliyyələşdirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmış və işin icrasına başlanılmışdır.
Ümumilikdə, 2014-cü ildə 73 kilometr uzunluğunda asfalt yollar salınmış, 5 körpü tikilmiş, 1 körpü təmir olunmuşdur.
Muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə 2014-cü ildə 2 ədəd yük avtomobili, 2 ədəd ekskavator, 1 ədəd qreyder və 1 ədəd vərdənə alınmışdır.
Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasının tikintisi başa çatdırılmış, əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə yeni maşın-mexanizmlər gətirilmişdir. Aerovağzal kompleksində yenidənqurma işləri, Şərur və Ordubad şəhərlərində aviakassa binalarının tikintisi davam etdirilmişdir.
Bu dövr ərzində dəmir yolu nəqliyyatının normal işi təmin olunmuşdur.
2014-cü ildə muxtar respublikanın nəqliyyat sektorunda yük daşınması 2013-cü illə müqayisədə 1,9 faiz, sərnişin daşınması 1,8 faiz artmışdır. Yük və sərnişin daşınmasından 47 milyon 570 min manat gəlir əldə edilmişdir ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 2,1 faiz çoxdur.
2014-cü ildə informasiya-kommunikasiya xidmətləri infrastrukturunun yaxşılaşdırılması məqsədilə Şahbuz Rayon Rabitə Evi əsaslı təmir olunmuş, Şahbuz və Babək rayonlarını əhatə edən 13952 abunəçi tutumlu 38 ədəd yeni nəsil telefon stansiyaları quraşdırılmış, Babək Rayon Rabitə Evinin tikintisi davam etdirilmişdir.
Muxtar respublikada simsiz internetin sürətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Naxçıvan şəhərində “Naxtel” şəbəkəsi üzərindən hər bir abunəçiyə 3,1 mb/saniyə sürətində internet xidməti verən, EV-DO sistemini dəstəkləyən 5 ədəd yeni baza stansiyası istifadəyə verilmiş, “Naxtel” üzərindən qısa mesaj xidmətinin göstərilməsi üçün avadanlıqlar qurulmuş, digər mobil operatorlarla SMS mübadiləsi təmin edilmişdir. Bundan əlavə, “Naxtel”in Toplu SMS xidməti mərkəzi yaradılmışdır.
Muxtar respublikanın yaşayış məntəqələrində rəqəmsal televiziya yayımını təmin edən 6 güclü, 43 azgüclü televiziya vericisi istifadəyə verilmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilmişdir. Bundan əlavə, Naxçıvan şəhərinin, Şərur, Babək, Şahbuz və Sədərək rayonlarının ərazilərində internet televiziyasının yayımı təşkil edilmiş, əhaliyə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.
2014-cü ildə Naxçıvan şəhərində, Şərur rayonunun Diyadin və Dizə, Babək rayonunun Qahab, Güznüt və Naxışnərgiz, Ordubad rayonunun Yuxarı Əylis, Şahbuz rayonunun Sələsüz və Nursu kəndlərində, Şahbuz şəhərində yeni poçt bölmələri istifadəyə verilmişdir.
Naxçıvan şəhərinin “İstiqlal” küçəsində 32, Xətai məhəlləsində 320, Şərur rayonunun Alışar kəndində 448, Diyadin kəndində 160, Cəlilkənddə 176, Kürkənd və Dizə kəndlərinin hər birində 384, Babək rayonunun Naxışnərgiz kəndində 160, Qoşadizə kəndində 384, Gülşənabad kəndində 256, Culfa rayonunun Yaycı kəndində 184, Şurud kəndində 384, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 160, Şahbuz rayonunun Mahmudoba kəndində 256 nömrə tutumlu avtomat telefon stansiyaları qurulmuşdur.
2014-cü ildə muxtar respublikada Elektron İmzanın Sertifikat Mərkəzi yaradılmış və “Elektron imza”nın tətbiqinə başlanılmışdır. Bundan əlavə, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası davam etdirilmişdir.
Ümumi uzunluğu 242 kilometr olan Ordubad-Sədərək alternativ fiber-optik magistral kabel xəttinin tikintisi başa çatdırılmış, ümumilikdə, muxtar respublika üzrə fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 1122 kilometrə çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar internet saytı yaradılmış, poçt markası və zərf hazırlanmışdır.
İnformasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülmüşdür. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidməti göstərilir.
2014-cü ildə muxtar respublikada 5420 ədəd yeni telefon sabit şəbəkəyə qoşulmuş, 1 yanvar 2015-ci il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 71-ə çatmışdır.
2014-cü ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ildəki müvafiq göstəricini 2,3 faiz üstələyərək 46 milyon 86 min manat olmuşdur. Ümumi xidmətlərin 83,8 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2013-cü illə müqayisədə 0,7 faiz çoxdur.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Enerji hər bir inkişafın təməlində dayanan ən vacib amildir və bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan bu məsələni tam şəkildə həll edibdir”.
Bu sahədə tədbirlərin intensivləşdirilməsi məqsədilə 2014-cü il martın 14-də Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat vəsait ayrılmışdır.
2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilmiş, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası davam etdirilmişdir.
Muxtar respublikada 11 kilometr uzunluğunda 35 kilovoltluq, 83 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi başa çatdırılmış, 42 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmışdır.
Təbii qazla təminat üzrə işlərin davam etdirilməsi nəticəsində 1 yanvar 2015-ci il tarixə muxtar respublikada 82 min 352 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Muxtar respublikaya yanacaq-sürtgü materiallarının daşınmasını təmin etmək məqsədilə 2014-cü ildə Almaniya istehsalı olan 10 ədəd “Man” markalı avtomobil gətirilmişdir. Bundan əlavə, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilmişdir.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi sayılan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməklə iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir.
2014-cü ildə muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 33 milyon 548 min 500 manat təşkil etmişdir. Bu kreditlərdən 21 milyon 482 min 500 manatı fərdi sahibkarlığın inkişafına, 12 milyon 66 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, 2014-cü ildə muxtar respublikada bank və kredit təşkilatları tərəfindən iqtisadiyyatın bütün sahələri üzrə təsərrüfat subyektlərinə 54 milyon 457 min manat həcmində kreditlərin verilməsi təmin edilmişdir ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 9,4 faiz çoxdur.
2014-cü ildə muxtar respublikada 22 hüquqi və 2796 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafı nəticəsində 2014-cü ildə muxtar respublikada 352 növdə məhsul istehsal olunmuşdur. Bu məhsulların 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
2014-cü ildə muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 87,2 faiz təşkil etmişdir.
Muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 2,2 faiz artaraq 1 milyard 775 milyon 742 min manata, onun hər bir nəfərə düşən həcmi isə 0,8 faizlik artımla 4059 manata çatmışdır. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 391,3 manat olmuşdur ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 3,9 faiz çoxdur.
Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər görülmüş, “isaxtar.nmr.az” internet saytı yaradılmışdır. Bu saytda muxtar respublikada əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlar yerləşdirilmişdir.
2014-cü ildə muxtar respublikada 3805 yeni iş yeri yaradılmışdır ki, bunun da 3709-u və ya 97,5 faizi daimi iş yerləridir.
İstehlak bazarı
Muxtar respublika iqtisadiyyatının dinamik inkişafı üzrə həyata keçirilən mühüm tədbirlər nəticəsində əhalinin rifah halı yaxşılaşmış və alıcılıq qabiliyyəti daha da yüksəlmişdir. 2014-cü ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 331 milyon 581 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə 2014-cü ildə Şərur rayonunun Diyadin, Dizə və Axura, Babək rayonunun Güznüt, Şahbuz rayonunun Nursu, Kəngərli rayonunun Qarabağlar kəndlərində xidmət mərkəzlərinin tikintisi, Babək rayonunun Qahab və Naxışnərgiz kəndlərində xidmət mərkəzlərinin yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kürkənd və Püsyan, Babək rayonunun Qoşadizə, Culfa rayonunun Bənəniyar və Şurud, Şahbuz rayonunun Gömür kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şərur rayonunda Cəlilkənddə xidmət mərkəzinin yenidən qurulması davam etdirilmişdir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2014-cü ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 517 milyon 427 min ABŞ dollarına çatmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,1 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 408 milyon 640 min ABŞ dollarını və ya 79 faizini ixrac, 108 milyon 787 min ABŞ dollarını və ya 21 faizini isə idxal təşkil etmiş və 299 milyon 853 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Son bir il ərzində ixracın həcmi 1,5 faiz artmış, idxalın həcmi isə 0,7 faiz azalmışdır.
Muxtar respublika iqtisadiyyatının möhkəmlənməsində, hərtərəfli və dinamik inkişafında xüsusi rolu olan bank sektorunun il ərzində normal fəaliyyəti təmin olunmuşdur.
Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması məqsədilə 2014-cü ildə 619 POS-terminal istifadəyə verilmiş və bu göstərici 1 yanvar 2015-ci il tarixə 867-yə çatmışdır. POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərmişdir.
1 yanvar 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 38257-yə çatmışdır ki, bunun da 35020-si və ya 91,5 faizi aktiv hesablardır. 2014-cü ildə açılmış 17974 bank hesabının 17883-ü və ya 99,5 faizi aktiv hesab olmuşdur.
2014-cü ildə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kənd təsərrüfatı sahəsi və biznes üzrə verilən kreditlərin faiz dərəcələri 15 faizədək endirilmiş, kiçikhəcmli kreditlərin verilməsi qaydaları sadələşdirilmiş, bankın Naxçıvan şəhər, Şərur və Culfa rayon filialları yaradılmışdır. Həyata keçirilən tədbirlər sahibkarların maliyyə resurslarına olan tələbatlarının ödənilməsi ilə yanaşı, muxtar respublikada kənd təsərrüfatının davamlı inkişafına əlverişli şərait yaratmışdır.
İnsanların həyat tərzinə, ümumilikdə, iqtisadiyyatın dinamik inkişafına birbaşa təsir göstərən sığorta sisteminin fəaliyyətinin daha da yaxşılaşdırılması üzrə müvafiq tədbirlər həyata keçirilmişdir.
2014-cü ildə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 5973,6 min manat olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 680,3 min manat və ya 12,9 faiz çoxdur.
Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
2014-cü ildə sosial sahənin inkişafında da bir sıra uğurlar əldə edilmişdir. Elmin inkişafına göstərilən qayğının nəticəsidir ki, 1 nəfər elmlər doktoru, 13 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi müdafiə etmiş, 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 5 nəfər isə müxbir üzvü seçilmişdir.
Təhsil infrastrukturunun inkişaf etdirilməsi üçün Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Klinik Xəstəxanasının, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun yenidən qurulması başa çatdırılmış, Naxçıvan Özəl Universitetində yeni tədris korpuslarının və sosial obyektlərin tikintisi davam etdirilmişdir.
Şahbuz şəhərində 216 şagird yerlik 2 nömrəli, Şərur rayonunun Diyadin kəndində 88 şagird yerlik, Babək rayonunun Naxışnərgiz kəndində 234 şagird yerlik, Ordubad rayonunun Aşağı Əylis kəndində 234 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmışdır.
Naxçıvan şəhərində Heydər Əliyev adına 1206 şagird yerlik tam orta məktəbin, 1100 şagird yerlik 11 nömrəli, Kəngərli rayonunun Qarabağlar kəndində 648 şagird yerlik 1 nömrəli, Naxçıvan şəhərinin Qaraçuq kəndində 702 şagird yerlik, Şərur rayonunun Püsyan kəndində 792 şagird yerlik, Axura və Dizə kəndlərinin hər birində 234 şagird yerlik, Babək rayonunun Qahab kəndində 612 şagird yerlik, Güznüt kəndində 324 şagird yerlik, Culfa rayonunun Bənəniyar kəndində 630 şagird yerlik, Əlincə kəndində 252 şagird yerlik, Şurud kəndində 88 şagird yerlik, Şahbuz rayonunun Sələsüz və Nursu kəndlərinin hər birində 234 şagird yerlik, Gömür kəndində 110 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.
Ordubad şəhərində 3 nömrəli məktəb binasının tikintisi, Babək rayonunun Nehrəm kəndində 2 nömrəli, Şərur rayonunun Kürkənd və Babək rayonunun Qoşadizə kəndlərində məktəb binalarının yenidən qurulması, Şərur rayonunda Cəlilkənddə məktəb binasının əsaslı təmiri davam etdirilmişdir.
Babək rayonunun Babək qəsəbəsindəki 242 yerlik uşaq bağçası üçün bina tikilmiş, Şahbuz şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərinin Qaraçuq, Culfa rayonunun Bənəniyar kəndlərində uşaq musiqi məktəbi binalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində uşaq musiqi məktəbi binasının tikintisi davam etdirilmişdir.
Şərur Texniki-Peşə və Sürücülük Məktəb kompleksinin tikintisi başa çatdırılmışdır.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu mənada mühüm əhəmiyyətə malikdir. Dövlət proqramına uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir. Mərkəzdə server və çevirici avadanlıqlar quraşdırılmış, tədris sinfinə intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər avadanlıqlar qoyulmuşdur. Hazırda muxtar respublika üzrə sağlamlıq imkanı məhdud 18 uşaq distant təhsilə cəlb edilmiş, onların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılmışdır.
“Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, 2014-cü ildə muxtar respublikanın ümumtəhsil məktəblərində Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılmışdır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artmasında mühüm rol oynayır.
2014-cü ildə də təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində quraşdırılmış elektron lövhələrin sayı 600-ə, kompüterlərin sayı 3640 dəstə çatdırılmış, hər 12 şagird bir dəst kompüterlə təmin olunmuşdur. İstifadədə olan 3640 dəst kompüterin 3052-si və ya 84 faizi internetə qoşulmuşdur.
Təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğı bu sahənin keyfiyyət göstəricilərini ilbəil yaxşılaşdırmışdır. 2014-cü ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1725 nəfəri ali məktəblərin, 519 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışlar. Ali məktəblərə qəbul olan məzunların 347 nəfəri qəbul imtahanlarında 500-700 arası bal toplamışdır. Onlardan 2-si ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür. Təhsildə qazandığı nailiyyətlərə görə 3 məktəb “Ən yaxşı ümumtəhsil məktəbi”, 5 müəllim isə “Ən yaxşı müəllim” mükafatı ilə təltif olunmuşdur.
Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, tibbi xidmətlərlə ən yüksək səviyyədə təmin olunması üçün 2014-cü ildə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin əsaslı təmiri başa çatdırılmışdır.
Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Dizə və Püsyan, Babək rayonunun Qahab və Güznüt, Şahbuz rayonunun Nursu kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Diyadin, Babək rayonunun Naxışnərgiz, Ordubad rayonunun Aşağı Əylis, Culfa rayonunun Şurud və Əlincə, Şahbuz rayonunun Gömür kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Culfa rayonunun Bənəniyar kəndində həkim ambulatoriyası binasının əsaslı təmiri başa çatdırılmış, Şərur rayonunda Cəlilkənddə həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon manat vəsait ayrılmışdır.
2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə Prezidentinin müvafiq tapşırığı muxtar respublikamızda da uğurla icra olunmuşdur. Bu aksiyanın mütəşəkkil keçirilməsi üçün xüsusi tədbirlər planı hazırlanmış, dispanserizasiya tədbirlərinin səmərəliliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilmiş, şəhər və rayon tibb müəssisələrində maarifləndirici seminarlar keçirilmişdir. Bu dövr ərzində muxtar respublikada 273 min 555 vətəndaş tibbi müayinədən keçirilmiş, tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilmişlər.
Sosial layihələr çərçivəsində 2014-cü ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 296 cərrahi əməliyyat, o cümlədən 52 xəstədə açıq ürək, 1 xəstədə periferik damar, 6 xəstədə plastik əməliyyat, 110 xəstədə göz əməliyyatları aparılmışdır.
2014-cü ildə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 443 min manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,7 faizini təşkil etmişdir ki, bu da öz minimal həddi ilə ümumi inkişafa uyğundur.
Ümumilikdə, bu dövr ərzində 530 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 218 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 323 uşağın müalicəsi təşkil edilmiş, istirahət etmələri üçün bu kateqoriyadan olan 47 uşaq Ağbulaq İstirahət Mərkəzinə göndərilmişdir. Sağlamlıq imkanları məhdud 6 uşaq valideynlərinin müşayiəti ilə Latviya Respublikasına, 15 uşaq Acarıstan Muxtar Respublikasına, 6 nəfər isə Yunanıstan Respublikasına müalicəyə göndərilmişdir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində keçirilmiş yarış və müsabiqələrdə, ümumilikdə, 323 uşağın iştirakı təmin edilmişdir.
Ötən dövr ərzində 139 nəfər əlil müxtəlif sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 216 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 399 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 39 nəfər əlilin ölkə daxilində müalicəsinə, 65 nəfər əlilin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Sosial qayğıya ehtiyacı olan 89 nəfərə minik avtomobilləri verilmiş, üç ailə üçün fərdi yaşayış evləri tikilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı 1 dekabr 2014-cü il tarixə bir il öncəyə nisbətdə 4 min 447 nəfər artaraq 439 min 367 nəfər olmuşdur.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. 2014-cü ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 112 milyon 830 min manatdan çox vəsait yönəldilmişdir. Bu dövr ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 52 faizi məcburi dövlət sosial sığortahaqqı kimi muxtar respublikada toplanmışdır. 2014-cü ildə Dövlət Sosial Müdafiə Fonduna cəmi daxilolmalar 2013-cü ildəki müvafiq göstərici ilə müqayisədə 11,6 faiz, o cümlədən özəl sektor üzrə 17,6 faiz artmışdır.
2014-cü ildə bədən tərbiyəsi və idman infrastrukturu yaxşılaşdırılmış, turnir və yarışların keçirilməsi təmin edilmişdir. Şərur şəhərində Əl Topu Oyunları idman meydançasının əsaslı təmiri başa çatdırılmış, Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbi binasının tikintisi davam etdirilmişdir. “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalı, sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnir, ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarışlar keçirilmişdir.
Muxtar respublikada tarixi-mədəni irsin qorunması və təbliği diqqətdə saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası davamlı xarakter almışdır. 2014-cü ildə Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin, Dövlət Bayrağı Meydanı və Muzeyinin, Xatirə Muzeyinin tikintisi başa çatdırılmışdır. Naxçıvan şəhərində Naxçıvançay vadisində və Əziz Əliyev küçəsində parkların tikintisi davam etdirilmişdir.
Ordubad şəhərində Akademik Yusif Məmmədəliyevin ev-muzeyinin yenidən qurulması, tarixi Buzxana abidəsinin bərpası başa çatdırılmışdır.
Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi istifadəyə verilmiş, Şərur rayonunda Cəlilkənddə Cəlil Məmmədquluzadənin xatirə muzeyinin, Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin tikintisi, Cəlilkənddə mədəniyyət evinin yenidən qurulması, tarixi Buzxana abidəsinin, Culfa rayonunda Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilmişdir.
Ordubad rayonunun Yuxarı Əylis kəndində məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində və Şərur rayonunda Kürkənddə məscidlərin tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində hamam kompleksinin tikintisi davam etdirilmişdir.
Gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda böyüməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzində saxlanılmışdır. 2014-cü ildə Naxçıvan şəhərində istifadəyə verilmiş Gənclər Mərkəzi gənclərin xüsusi layihələr vasitəsilə muxtar respublikada aparılan quruculuq tədbirlərinə cəlbi və asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
Muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüş, “Naxçıvan – bəşəriyyətin beşiyi” mövzusunda İkinci Beynəlxalq Rəsm Festivalı keçirilmiş, Bakı və Naxçıvan şəhərlərində, eləcə də ölkəmizdən kənarda naxçıvanlı rəssamların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.
2014-cü ildə muxtar respublikada kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətinin səmərəli təşkili istiqamətində də tədbirlər görülmüş, Dövlət Televiziyası və Radiosunun texniki imkanları daha da artırılmışdır.
Son illər muxtar respublikada əldə olunmuş sosial-iqtisadi tərəqqi turizm sahəsinin hərtərəfli inkişafına yeni imkanlar açmış, 2014-cü ildə Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilmişdir.
2014-cü ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 378 min 102 nəfər turist gəlmişdir.
Hüquq-mühafizə orqanları ilə iş
2014-cü ildə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin xidməti binasının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının tikintisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binaları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzi tikilərək istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi, Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxana binasının, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeməkxanasının tikintisi davam etdirilmişdir.
2014-cü ildə muxtar respublikanın inkişafına, tərəqqisinə töhfəsini verənlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 93 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif edilmiş, 3 nəfərə ali hərbi və 1 nəfərə ali xüsusi rütbə verilmiş, 1 nəfər Prezident təqaüdünə, 9 nəfər isə Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 47 nəfərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilmiş, 20 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 92 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuşdur.
Aparılan təhlillər deməyə əsas verir ki, bu gün muxtar respublikamızda əldə olunmuş ciddi uğurlar sonrakı dövrlərdə muxtar respublikamızın tarazlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi