22 Dekabr 2024, Bazar

Babək rayonunda fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşü rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq tədbirin mahiyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, 4 fevral 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə daxili bazarın yerli istehsal məhsulları ilə təminatında sahibkarlıq subyektlərinin üzərinə mühüm vəzifə düşdüyündən danışılmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların problemlərinin həllinə həssaslıqla yanaşılmasının vacibliyi diqqətə çatdırılmış, 2013-cü ildə yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən kiçikhəcmli layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır.

Qeyd olunmuşdur ki, Babək rayonunda onlarla şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq daxili bazara öz töhfələrini verir. Hər il onların sırası genişlənir. Bir vaxtlar süni maneələrlə üz-üzə qalan sahibkarlar üçün artıq belə problemlər yoxdur. Onların sərbəst fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Sahibkarlara kreditlər verilir, onlar fəaliyyət göstərmək istədikləri sahələr üçün tələb olunan avadanlıq və xammalın alınmasında heç bir çətinlik çəkmirlər. 

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov tədbirdə çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həyata keçirdiyi iqtisadi siyasətin məqsədi mövcud müəssisələrin fəaliyyətinin bərpası və yenidən qurulmasını, yeni müəssisələrin yaradılmasını, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi sayəsində iqtisadiyyatın davamlı inkişafını təmin etməkdən ibarətdir. Bu istiqamətdə əldə edilən nailiyyətlərin qazanılmasında yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb olunması və qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi ilə rəqabətədavamlı məhsul istehsal edən 450-yə yaxın müəssisənin böyük rolu var. Ötən il də bu proses davam etdirilmiş, dövlət maliyyə dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 34 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir. Hazır­da 17 sahənin yaradılması davam etdirilir. Cari ildə əlavə olaraq 23 istehsal və xidmət sahəsinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd olunmuşdur ki, 2012-ci ildə sahibkarlığın inkişafı iqtisadi siyasətin üstün istiqamətlərindən olmuş, sahibkarların maliyyə təminatı yaxşılaşdırılmış, güzəştli kreditlərin həcmi artmışdır. Ümumilikdə isə 2000-2012-ci illər ərzində 1087 layihənin maliyyələşdirilməsinə 89 milyon manatdan çox vəsait yönəldilmişdir. Hazırda muxtar respublikada 15 mindən çox sahibkarlıq subyekti var.
Nazir bildirmişdir ki, görülən işlərin davamı olaraq, Sahibkarlığa Kömək Fondunun xətti və sahibkarların şəxsi təşəbbüsü ilə qəsəbə və kəndlərdə daha çox kiçikhəcmli layihələrin reallaşdırılmasına başlanılmışdır.
Sahibkarların diqqətinə çatdırılmışdır ki, layihələr hazırlanarkən sahibkarlar qəsəbə və kəndlərin təbii sərvətlərini, xammal ehtiyatını və əmək resurslarını nəzərə almalıdırlar. Çünki məqsəd az maliyyə vəsaiti hesabına çox iş görmək, bunun üçün xammal və materialın, eyni zamanda işçi qüvvəsinin təsərrüfatın yaradıldığı bölgədən təmin edilməsindən ibarətdir. Reallaşdırılması nəzərdə tutulan layihələr içərisində tingçilik, gülçülük təsərrüfatlarının və limon istixanalarının yaradılması daha məqsədəmüvafiq hesab olunur. Məlumdur ki, muxtar respublikamızda həyata keçirilən iməciliklərdə minlərlə ağac tingləri və gül kollarından istifadə edilir. Bu layihələrin reallaşdırılması nəticəsində hər bir rayon bu tinglərə və gül kollarına olan tələbatını özü ödəyə biləcək ki, bu həm də daha az maliyyə vəsaitinin sərf olunması deməkdir. Eyni zamanda qəsəbə və kəndlərimizdə yetişdirilən meyvə məhsulları, saxlanılan mal-qara və digər təbii ehtiyatlar kiçikhəcmli soyuducu anbarların, istixana komplekslərinin, ət və süd emalı müəssisələrinin qurulmasına imkan yaradır.
Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru Abbasağa Babayev yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilərək hazırlanmış kiçikhəcmli layihələrin hər biri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu məqsədlə Rusiya Federasiyası, İran İslam Respublikası, Çin Xalq Respublikası, Türkiyə Respublikasından müasir avadanlıqlar gətiriləcək, sahibkarların hərtərəfli fəaliyyətinə şərait yaradılacaq.
Görüşdə sahibkarları maraqlan­dıran suallar cavablandırılmışdır.
Tədbirə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev yekun vurmuşdur.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR