Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Dövlət maliyyə dəstəyi ilə müəssisədə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Sahibkarlığa Kömək Fondundan 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi göstərilib. Bu vəsaitlə çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatik yeni xətt istifadəyə verilib.
Burada çörək dəmir üzərində deyil, daş üzərində bişirilir ki, bu da məhsulun daha keyfiyyətli istehsalı deməkdir. Daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına öz töhfəsini verən “Gəmiqaya Bərəkət Qida Məhsulları” MMC-də istehsal sahələri ilbəil genişləndirilir. Belə ki, 2011-ci ildə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb, 2012-ci ildə kəpəkli çörək istehsalına başlanılıb. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək keyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Elə bunun nəticəsidir ki, satışa çıxarılan kəpəkli çörəyə tələbat get-gedə artıb, ötən dövr ərzində kəpəkli çörək istehsalına keçid tam təmin olunub.
Müəssisədə istehsal olunan digər məhsullar da alıcılar tərəfindən rəğbətlə qarşılanır. Makaron sexində istehsal edilən müxtəlif növdə keyfiyyətli makaron 350, 500 qramlıq, 10 kiloqramlıq kisələrdə, Şərq şirniyyatları istehsalı sahəsində hazırlanan Azərbaycan milli şirniyyatları – şəkərbura, Ordubad və Şəki paxlavaları, müxtəlif çeşidlərdə qat-qat, şəkərçörək, milli şirin çörək, biskvit və digər unlu-qənnadı məmulatlar nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır.
Fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan süd məhsulları xüsusi maşınlarla müəssisəyə daşınıb laborator analizdən keçirildikdən sonra istehsala buraxılır. Süddən kərə yağı, pendir, qatıq və ayran istehsal olunur. Ayran 200, kərə yağı 250, 400 qramlıq, 1 və 4 kiloqramlıq, pendir isə 0,5, 1 kiloqramlıq plastik və 17 kiloqramlıq dəmir taralarda qablaşdırılır.
Sanitar-gigiyenik qaydalara ciddi əməl olunduğu müəssisədə müasir avadanlıqlarla təchiz olunmuş iki laboratoriya fəaliyyət göstərir. Müəssisəyə daxil olan xammal və ya hazır məhsul həmin laboratoriyada analizdən keçirildikdən sonra istehsala buraxılır və ya satışa çıxarılır.
İldən-ilə fəaliyyəti genişləndirilən müəssisədə çörək sexi 3, digər istehsal sahələri isə 1 növbəli iş rejimində fəaliyyət göstərir. Burada 200 nəfər çalışır.
Gələcəkdə müəssisədə istehsal olunan məhsulların Azərbaycanın digər regionlarında və xarici bazarlarda satışa çıxarılması nəzərdə tutulur.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 9001-2008 və İSO 22000 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb.
Ayrı-ayrı ticarət obyektlərində alıcı və satıcıların bu yerli məhsullara olan münasibətini öyrəndik. Fərdi sahibkar Yalçın Qədimov: “Əvvəllər alıcılar xaricdə istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarına üstünlük verirdilərsə, indi artıq muxtar respublikada istehsal olunan məhsullara daha çox üstünlük verilir. Yerli istehsal müəssisələri artıq alıcıların rəğbətini qazanıb”.
Həkim-terapevt Vəliqulu Həsənov: “Məlumat üçün qeyd edək ki, sağlamlıq baxımından olduqca faydalı olan vitaminlər buğda üyüdülən zaman vitaminlərin daha çox olduğu üst qabığının kəpək olaraq ayrılması nəticəsində ağ unun tərkibində qalmır. Buğdanın üst qabığı B2 və B6 vitaminləri, niyasin, fol turşusu, dəmir və sinklə zəngindir. Ağ un hazırlanarkən kəpəyin ayrılması nəticəsində buğdanın tərkibində olan B2 vitamini 50 faiz, B6 vitamini 77 faiz, niyasin 65 faiz, fol turşusu 60 faiz, dəmir 65 faiz, sink 85 faiz miqdarında azalır. Lakin kəpəkli unun tərkibində yuxarıda sadalanan elementlərin qalması bu undan bişirilən çörəyin keyfiyyətli qida məhsulu kimi insanların sağlamlığının qorunması baxımından əhəmiyyətini artırır. Qeyd edək ki, kəpəkli çörək qidalar içərisində karbohidrat və yağlı maddələrin sorulmasına qismən mane olur, qan şəkəri və ürək-damar xəstəliklərinə, qan yağlarına, eləcə də ağır çəkidən əziyyət çəkənlərin arıqlamasına müsbət təsir göstərir. Kəpəkli çörəyi təkcə artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkənlər deyil, heç bir sağlamlıq problemi olmayanlar da istifadə etməlidirlər. Çünki bu çörəkdən istifadə həm bol miqdarda vitamin qəbuluna, həm də mədə-bağırsaq sisteminin düzgün fəaliyyətinə səbəb olur, bağırsaq xərçənginə tutulma ehtimalının qarşısını alır. Həmçinin kəpəkli çörəyi digər növ çörəyə nisbətən daha çox müddətə saxlamaq mümkündür ki, bu da israfçılığın qarşısını almaqla yanaşı, hər bir istehlakçının ailə büdcəsinə də müsbət təsir göstərir. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək yüksəkkeyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanır”.
İstehlakçı Nərminə Vəliyeva: “Pensiyaçıyam. Bu şirkətin istehsal etdiyi Şərq şirniyyatları, kərə yağı, qatıq, ayran, makaron məhsullarının daimi alıcısıyam. Dadı, tamı ilə seçilən yerli məhsullar vaxtlı-vaxtında mağazalara çatdırılır”.
Fərdi sahibkar Qadir Əkbərov: “Heyvandarlıqla məşğul olan sahibkar kimi onu deyə bilərəm ki, son illər muxtar respublikamıza alınıb gətirilən və lizinq yolu ilə sahibkarlara verilən məhsuldar cins mal-qara ət və süd istehsalının artımına səbəb olub. Təbii ki, ət və südün emal olunması üçün yaradılmış müəssisələr sahibkarları alıcı problemi ilə üzləşdirmir. Yəni sahibkarın şəxsi istifadəsindən çox olan ət və süd “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tədarükçüləri tərəfindən gündəlik qəbul edilir. Bu həm istehsalçı, həm də istehlakçı üçün sərfəlidir”.
Kərəm HƏSƏNOV