22 Dekabr 2024, Bazar

Ölkəmiz davamlı və kompleks islahatlar strategiyasını dərinləşdirərək yeni əsrin ən inkişaf etmiş və islahatçı ölkəsi kimi tanınmaqla, qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafında xeyli nailiyyətlər əldə etmişdir. Əldə olunmuş uğurların əsasında isə ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi aqrar islahatlar dayanır. Torpaq islahatlarının ilk dəfə ölkə üzrə Naxçıvanda, Müstəqil Dövlətlər Birliyi məkanında isə Azərbaycanda həyata keçirilməsi nəticəsində torpaq həqiqi mülkiyyətçisinə verildi, kənd təsərrüfatının inkişaf dövrü başlandı.

Müasir şəraitdə, ölkəmizdə qeyri-neft sektorunun və regionların inkişafına xüsusi diqqət yetirildiyi bir vaxtda kənd təsərrüfatının inkişafı əsas istiqamətlərdən biri sayılır. Çünki istənilən ölkənin iqtisadi təhlükəsizliyi birbaşa kənd təsərrüfatının dayanıqlı inkisafindan asılıdır. Hələ bizim eradan əvvəl yunan filosofu Ksenofot kənd təsərrüfatını bütün digər sahələrin anası adlandırırdı.
Kənd təsərrüfatı iqtisadi artımın başlıca hərəkətverici qüvvəsi hesab olunmaqla, onun yüksəlməsi, ümumilikdə, iqtisadiyyatın artımı deməkdir. İqtisadi artımın sürəti yüksək olan ölkələrdə ərzaqla təminolunma səviyyəsi də yüksək olur. Kənd təsərrüfatı insanlar üçün əsas ərzaq mənbəyi hesab edilir. Belə ki, əhalinin istehlak fondunun, ən azı, üçdə ikisi bilavasitə kənd təsərrüfatı məhsulları hesabına təmin olunur.

Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi hazırkı dövrdə ölkələrin aqrar sektora ehtiyacı daha çox hiss olunur və ərzaq təhlükəsizliyi məsələsi daha qabarıq şəkildə özünü büruzə verir.
Ölkəmiz uzun zamandır ki, ərzaq təhlükəsizliyi ilə bağlı xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 1995-ci ildən Azərbaycan Respublikası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvü olmuş və bu müddət ərzində Texniki Əməkdaşlıq Proqramı çərçivəsində milli və regional səviyyədə bir neçə layihə həyata keçirilmişdir. Ölkədə ilk dəfə olaraq hazırlanmış Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı isə ümummilli lider Heydər Əliyevin 2 mart 2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Görülən işlərin məntiqi nəticəsi kimi ölkə Prezidenti cənab İlham Əliyev 25 avqust 2008-ci il tarixdə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. 17 sentyabr 2008-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Proqramın əsas məqsədi hər bir vətəndaşın sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul olunmuş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Onun uğurla icra edilməsi nəticəsində muxtar respublikada əsas ərzaq məhsullarının istehsalında müsbət nəticələr eldə edilmiş, yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəştli şərtlərlə gübrə satışının təşkili, əlverişli vergi mexanizminin tətbiqi, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ilbəil artmasına səbəb olmuşdur. Ötən il muxtar respublikada həyata keçirilən uğurlu aqrar siyasət kənd təsərrüfatı məhsulları istehsalında əsaslı nailiyyətlərin əldə olunması ilə nəticələnmişdir. 2014-cü ildə, ümumilikdə, 355 milyon manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu, 1995-ci illə müqayisədə 9,2 dəfə çoxdur.
Mövcud yararlı torpaqlardan, o cümlədən əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, xarici bazardan asılılığın azaldılmasının potensial imkanları hesab edilir. Bu məqsədlə əkin aparılmış sahələr 1995-ci ilə nisbətən 2 dəfə artırılaraq ötən il 60 min 829 hektara çatdırılmışdır. Naxçıvan Muxtar Respublikasının daha çox meyvəçilik və tərəvəzçilik üzrə ixtisaslaşması nəinki ərzaq təminatını yaxşılaşdırır, həm də xarici bazara çıxış imkanlarını genişləndirir. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində bu istiqamətdə xeyli uğurlar əldə edilmiş, 1995-ci illə müqayisədə ötən il 51,5 dəfə çox tərəvəz yığılmışdır.
Son illər əhalini payız-qış mövsümündə tərəvəz məhsulları ilə təmin etmək məqsədilə istixanalar yaradılmış və təkcə ötən il 6 istixana kompleksi fəaliyyətə başlamışdır.
Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və daha da yaxşılaşdırılması, təbii fəlakətlər zamanı ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət ehtiyatlarının yaradılması zəruri hesab edilir. Hazırda muxtar respublikada taxılı uzun müddət saxlamağa imkan verən anbarların həcmi 27 min tona, kənd təsərrüfatı məhsullarının saxlanması və satışını təmin edən soyuducu anbarların sayı 20-yə, ümumi tutumu isə 12 min 250 tona çatdırılmışdır. Belə anbarların gələcəkdə sayının artırılması aqrar siyasətin mühüm istiqaməti kimi diqqətdə saxlanılır.
Kənd təsərrüfatı sənaye üçün xammal bazasıdır. Nəzərə alsaq ki, muxtar respublikada sənayenin aparıcı sahələri yeyinti və yüngül sənayedir, o zaman kənd təsərrüfatının muxtar respublika üçün nə qədər əhəmiyyətli bir sahə olduğunu görmək çətin olmaz.
Aqrar sektor yalnız ərzaq təhlükəsizliyinin təmin olunması baxımından deyil, həm də ekoloji tarazlığın qorunması istiqamətində də mühüm əhəmiyyət kəsb edir. Bir çox ölkələrdə kənd təsərrüfatı siyasəti ekoloji siyasətlə yanaşı qiymətləndirilərək ətraf mühitin və resursların qorunmasına imkan yaradır. Eyni zamanda kənd təsərrüfatı gəlirin, məşğulluğun və xarici ticarətin mənbəyi hesab edilir. Naxçıvan Muxtar Respublikası kifayət qədər geniş iqtisadi potensiala və ixtisaslaşma istiqamətinə malikdir. Həm dağlıq, həm də düzənlik ərazilər burada bitkiçiliyin və heyvandarlığın inkişafına əlverişli şərait yaratmaqla əhali gəlirlərinin yüksəldilməsində mühüm rol oynayır. Muxtar respublikada əhalinin böyük hissəsinin kənddə yaşaması burada məşğulluğun özünəməxsus xüsusiyyətlərini yaratmaqla böyük məşğulluq potensialına malik olan kənd əhalisinə xüsusi diqqət yetirilməsini zəruri edir. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu istiqamətdə görülən işlərin daha da sürətlənməsində mühüm rol oynayır. Kəndlərdə məskunlaşmaya, məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edən və yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılması bu proqramda öz əksini tapan məsələlərdəndir.
Görülmüş işlər nəticəsində hazır­da muxtar respublikada 107 növdə ərzaq məhsullarının istehsalına nail olunmuş, daxili ərzaq bazarının idxaldan asılılığının səviyyəsi xeyli azalmış, idxalın strukturunda bir zamanlar üstünlük təşkil edən ərzaq məhsulları öz yerini müasir texnika və avadanlıqlara vermişdir.
Ali Məclisin Sədri tərəfindən təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Pro­qram”da da kənd təsərrüfatının inkişaf istiqamətləri öz əksini tapmış, bu sahənin infra­struktur təminatının yaxşılaşdırılması və yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur.
Beləliklə, 2015-ci il muxtar respublika üçün dörd mühüm dövlət proqramının icra müddətinin başa çatması ilə əlamətdar olacaq. Bu proqramların ikisi birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlı olsa da, digər ikisində bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Məhz bu baxımdan 2015-ci ilin Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan olunması heç də təsadüfi deyil. Ölkəmizdə də 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması bütün diqqətləri kənd təsərrüfatına yönəltməklə bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verəcək, təsdiq olunmuş dövlət proqramlarının həyata keçirilməsi prosesini sürətləndirməklə, bütünlükdə, muxtar respublikamızın sosial-iqtisadi inkişafını daha dayanıqlı edəcək.
Aqrar sektorun inkişaf etdirilməsinin perspektiv istiqamətləri “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da öz əksini tapmışdır. Yeni proqramda yerli və xarici investisiyaların cəlb edilməsi ilə ərzaq məhsullarının istehsal həcminin artırılması və keyfiyyətinə ciddi nəzarətin davam etdirilməsi, baytarlıq, texniki nəzarət, sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi, tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması, torpaqların meliorativ vəziyyətinin sağlamlaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi, suvarma-drenaj şəbəkələrinin inkişaf etdirilməsi, maliyyə dəstəyinin gücləndirilməsi, kənd təsərrüfatı malları bazarlarının qorunması, maddi-texniki bazanın möhkəmləndirilməsi və digər mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR