22 Dekabr 2024, Bazar

Su həyatda insanlar üçün ən vacib nemətlərdəndir. Ana təbiəti susuz təsəvvür edə bilmədiyimiz kimi, insan həyatını da sudan ayrı düşünmək olmaz. Təbabət aləmində suyun insan orqanizmi üçün böyük faydalarından bəhs olunur. Sağlam bir həyat yaşamaq üçün bütün həkimlərin tövsiyəsi çoxlu su içməkdir. Qan təzyiqinin aşağı olması, əsəb pozuntusu, başağrısı və digər bu kimi narahatlığı su vasitəsi ilə müxtəlif şəkildə aradan qaldırmaq olar. Bundan əlavə, halsızlıq kimi xəstəliklərə, əsəblərin sakitləşməsinə su şırıltısı böyük müalicəvi təsir göstərir. Məhz bu xüsusiyyətlərinə görə “Su həyatdır” fikrinin əbəs yerə deyilmədiyinin bir daha şahidi oluruq.

Planetimizin böyük hissəsi su ilə örtülü olsa da, bu suyun yalnız 3 faizi təmiz və içməlidir. Təbiətdə bu qədər böyük həcmə malik olan su ehtiyatından çox az bir hissəsinin içmək üçün yararlı olması indi bir çox dünya ölkələrində təmiz suya olan ehtiyacın təmin edilməsində mühüm problemlər yaradır. Elə ölkələr var ki, kifayət qədər su mənbələrinə malik olsalar da, bu suyun təmizlənməsinə böyük vəsaitlər xərclənir. Qeyd etmək lazımdır ki, qlobal istiləşmə nəticəsində yağıntıların az olması da su ehtiyatlarının getdikcə azalmasına səbəb olur. Müasir dövrdə su ehtiyatlarından düzgün istifadə etmək, eyni zamanda əhalinin içməli suya olan tələbatını ödəmək bütün ölkələrin qarşısında həllivacib məsələyə çevrilib. Məhz belə bir vəziyyətdə muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər öz əhəmiyyətini bir daha ortaya qoyur.

Hələ 2008-ci ildən başlayaraq Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişlərinə uyğun olaraq, Naxçıvan şəhərində “Şəhər Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində tikinti işlərinə başlanılıb. Layihələrə nəzarət Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Naxçıvan şəhər əhalisini Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən təmiz su ilə davamlı olaraq təmin etməkdən ibarətdir. Layihəyə əsasən, Naxçıvançay yatağında müxtəlifdiametrli polietilen borularla dərinliyi 6 metr olan kaptajın (suqəbuledici qurğunun) tikintisi başa çatdırılıb. Kaptajın minimum su sərfi 300 litr /saniyə, maksimum su sərfi 700 litr/saniyə və orta illik su sərfi 460 litr/saniyə təşkil edir. Kaptajdan su anbarlarına qədər diametri 820 millimetr olan şüşəlifli boru ilə 6500 metr uzunluğunda özüaxınlı magistral boru xətti çəkilib. Layihə çərçivəsində hər birinin tutumu 10000 kubmetr olan iki ədəd və tutumu 5000 kubmetr olan bir ədəd su anbarı tikilib. Su anbarlarından paylayıcı şəbəkəyə qədər diametri 720 millimetr olan şüşəlifli boru ilə hər birinin uzunluğu 3750 metr olan özüaxınlı magistral qoşa boru xəttinin tikintisi aparılıb. Magistral xəttin tikintisində istifadə olunan şüşəlifli borular ekoloji cəhətdən təmiz və insan sağlamlığına heç bir zərər verməyən materialdan hazırlanıb.
Naxçıvan şəhərinin içməli su sisteminin yenidən qurulması tədbirləri çərçivəsində inşa olunan və 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Bu hidroobyekt 90 minə yaxın sakinin yaşadığı Naxçıvan şəhərini fasiləsiz olaraq təmiz su ilə təmin edəcək. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur. Belə ki, burada tətbiq olunan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, sudakı bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, ümumilikdə, 4,13 hektar ərazini əhatə edir. 2473 kvadratmetr sahəyə malik sutəmizləyici qurğu isə üçqat təmizləmə işini həyata keçirir. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılmış kompüterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir. İlkin mərhələdə dezinfeksiya etmək üçün suya xüsusi qurğu vasitəsilə havadan ozon alınaraq vurulur. Mexaniki filtrlərə daxil olan su 100 mikrona qədər təmizlənir və avtomatik əks-yuma aparılır. Bundan sonra su ikimərhələli filtrdən keçirilir, sonra Hollandiya istehsalı olan nanofiltrasiya sistemli membranlar vasitəsi ilə suyun tərkibində olan hissəciklər 0,001 mikrona qədər təmizlənir. Təmizlənmiş suya xörək duzundan alınmış natrium-hipoxlorid qatılaraq su anbarlarına vurulur. Bunun üçün binada natrium-hipoxlorid qurğusu yerləşir. Qurğu duz çənindən, məhlulu yumşaltma sistemindən, elektrolizəetmə sistemindən və hazır natrium-hipoxloridin yığılması üçün 3 tonluq çəndən ibarətdir. Məh­suldarlığı saniyədə 472 litr olan sutəmizləyici qurğu əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etməklə yanaşı, həm də ev təsərrüfatlarında elektrik enerjisinə qənaət olunmasına imkan verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumata görə, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində indiyədək Naxçıvan şəhərində 224,36 kilometr uzunluğunda müxtəlifdiametrli borularla daxili su şəbəkəsi çəkilişi, 20 min 200-ə yaxın ev birləşməsi aparılıb. Eyni zamanda adıçəkilən layihəyə uyğun olaraq, 217 kilometrdən çox kanalizasiya xətti çəkilib. Təkcə yola saldığımız 2014-cü ildə Naxçıvan şəhərində 15,24 kilometr uzunluğunda kanalizasiya, 6 kilometr uzunluğunda su xətləri çəkilib, 1440 ədəd ev birləşməsi aparılaraq sayğaclar quraşdırılıb. Hazırda bu sahədə işlər yekunlaşmaq üzrədir, sakinlərlə müvafiq müqavilələrin bağlanması işi davam etdirilir. Komitədən onu da bildirdilər ki, ekologiyanın qorunması, eyni zamanda çirkab sularının yenidən təmizlənərək kənd təsərrüfatında istifadəsi üçün mühüm işlər görülür. Belə ki, Naxçıvan şəhərinin cənub hissəsində ötən ildən tikintisinə başlanılmış membrantipli çirkab sutəmizləyici qurğunun inşası tamamlandıqdan sonra daha bir yeniliyə imza atılacaq. Müasir texnoloji qurğular vasitəsilə təmizlənəcək sudan ətraf ərazilərin əkin sahələrini suvarmaq üçün istifadə olunacaq.
Bəli, Naxçıvan şəhərinin içməli su ilə təminatında həyata keçirilən bu tədbirlər muxtar respublikamızın digər şəhər və rayonlarında da davam etdirilir. Bütün görülən işlərə kompleks yanaşma əhalinin içməli suya olan tələbatını yüksək səviyyədə ödəməyə nail olmaqla bərabər, həm də insanların sağlamlığına göstərilən qayğı kimi dəyərləndirilir. Necə deyərlər, təmiz su sağlam həyat, sağlam həyat isə sağlam gələcək deməkdir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR