Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının davamlı xarakter alması, qəbul edilmiş müvafiq dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın çoxşaxəli inkişafına zəmin yaratmış, makroiqtisadi dinamikanın qorunub saxlanılmasına səbəb olmuşdur. Maddi istehsalın xüsusi çəkisinin ilbəil yüksəlməsi, son illərdə muxtar respublikada məqsədli investisiya qoyuluşu, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması yerli məhsulların istehsal həcminin artmasına da səbəb olmuş, nəticədə, 2014-cü ildə Ümumi Daxili Məhsulun həcmi 2013-cü illə müqayisədə 1,3 faiz artaraq 2 milyard 388 milyon manatdan çox olmuşdur. 2014-cü ildə muxtar respublika üzrə Ümumi Daxili Məhsulun həcmində özəl bölmənin xüsusi çəkisi 87 faizə çatmışdır.
Əldə olunmuş müsbət nəticələr muxtar respublikanın xarici ticarət əməliyyatlarının həcmini də artırmış, 2014-cü ildə bu əməliyyatların həcmi 515 milyon 194 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 408 milyon 640 mini ixracın, 106 milyon 554 mini isə idxalın payına düşür. Artıq bir neçə ildir ki, davam edən ixracın idxalı üstələmə tendensiyası 2014-cü ildə də qorunmuş, 302 milyon 86 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Xəbərlər şöbəsi