Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətindən aldığımız məlumata görə, 2014-cü ildə muxtar respublikada 73 kilometr uzunluğunda asfalt yollar salınıb, 5 körpü tikilərək istifadəyə verilib, il ərzində yollarda genişmiqyaslı yenidənqurma və təmir işləri aparılıb.
Məlumatda o da bildirilir ki, şirkətin kollektivi 1473 kilometr yola xidmət edir. Həmin yolların 274 kilometri dövlət və respublika əhəmiyyətli, 1199 kilometri isə yerli əhəmiyyətli yollardır. Kollektiv qış günlərində də ən ucqar yollarda belə, hərəkətin intensivliyinin təmin olunması üçün lazımi tədbirlər görüb. Hazırda 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu yenidən qurulur.
Xatırladaq ki, 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yol salınmış və ya əsaslı təmir olunaraq istismara verilmiş, 21 körpü tikilmiş, 12 körpü isə təmir olunmuşdu. Prezident İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılmış, həmin vəsait hesabına yolun tikintisi başa çatdırılmışdı.
Xəbərlər şöbəsi