Naxçıvan Muxtar Respublikasında nəzərəçarpan iqtisadi yüksəliş, infrastrukturun müasir dövrün tələbləri səviyyəsində yenidən qurulması, yeni iş yerlərinin yaradılması, əhəmiyyətli iqtisadi, sosial layihələrin həyata keçirilməsi qədim diyarın uğurlarını daha da artırır. Bu gün reallaşdırılan mühüm layihələr nəticəsində muxtar respublikada makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Naxçıvanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Buna görə də muxtar respublikada özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir.
Təkcə bu faktı qeyd edək ki, 2014-cü il ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan 18 layihənin maliyyələşdirilməsinə, ümumilikdə, 6 milyon 30 min manat vəsait sərf edilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, həmin vəsaitin 5 milyon 415 min manatı müxtəlif sənaye məhsulu yönümlü 11 layihənin maliyyələşdirilməsinə yönəldilib. 615 min manatı isə kənd təsərrüfatı məhsulları istehsalı yönümlü 7 layihənin maliyyələşdirilməsinə sərf olunub.
Bu məqamda xatırladaq ki, 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdu. Bu, keyfiyyətcə yeni mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamıdır. Bu məsələ Naxçıvan Muxtar Respublikasında da diqqətdə saxlanılıb və əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sənaye sektoru dövlət qayğısı nəticəsində öz inkişafını davam etdirib. Muxtar respublikanın tarixinə həm də “Muxtariyyət ili” kimi yazılan 2014-cü ildə müxtəlif sənaye məhsulu yönümlü 11 layihənin Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilməsi də dediklərimizi təsdiq edir.
2014-cü ilə nəzər yetirdikdə tikinti sektoru, kənd təsərrüfatı, ərzaqla yanaşı, digər sektorların inkişafı istiqamətində də əhəmiyyətli addımların atıldığını görmək mümkündür. Belə ki, ötən il ərzində laminat örtüklü iş masası lövhəsi, melamin lövhə və PVC örtüklü parlaq lövhə, plastik qapı-pəncərə, köynək, uşaq bezi, konserv taraları istehsalı, ətin konservləşdirilməsi, meyvəqurutma, qarışıq yem, bərk pendir, südün emalı və xama, qazlı-şirəli içkilər, kompot, unlu-qənnadı məmulatlar, lavaş istehsalı sahələri, heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatları, istixana kompleksləri və xidmət olmaqla, 40 sahənin yaradılması başa çatdırılıb.
Muxtar respublikada digər istehsal sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Silikon yorğan-döşək və yataq bazası, qızıl-gümüş zinət əşyaları, elektrik açarları, alçıpan örtüklər, gips, əhəng, ət qovurması, unlu-qənnadı məmulatlar, bərk pendir istehsalı, toxumçuluq, quşçuluq, kompleks arıçılıq təsərrüfatı, istixana kompleksləri və xidmət olmaqla, 19 sahənin yaradılması istiqamətində işlər davam etdirilir. Yaradılmış istehsal və xidmət sahələrində 432 yeni iş yeri açılıb.
Bütün bunlar belə deməyə əsas verir ki, muxtar respublikada mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər ötən il də uğurla həyata keçirilib.
Xəbərlər şöbəsi