22 Dekabr 2024, Bazar

Yanvarın 8-də Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq lisenziyası əsasında “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhər filialı fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov filialla tanış olmuşlar. Filial Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan müştərilərə xidmət göstərəcək. Əsas məqsəd “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşlara təklif olunan bank xidməti və məhsullarının istehlakçılara birbaşa onlar üçün daha yaxın xidmət mərkəzində çatdırılması, işin daha effektiv aparılması və bank işinin səmərəli təşkilindən ibarətdir. Filialın yeni inzibati binasında qurulmuş infrastruktur istehlakçıların bank xidmətlərindən daha rahat şəkildə istifadəsinə imkan verəcək.
Filialla tanışlıq zamanı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirmişdir ki, Naxçıvan şəhərindəki “İstiqlal” küçəsində fəaliyyət göstərəcək bank filialında müasir avadanlıqlar quraşdırılmış, müştərilərə yüksəksəviyyəli bank xidmətlərindən istifadə etmələri üçün hərtərəfli şərait yaradılmışdır. Bütün bank xidmətlərinin göstəriləcəyi filialda əhali, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar onlara təklif olunan kiçik maliyyə resurslarından yararlana biləcək, plastik kartlar, müxtəlif pul köçürmələri, vergi və rüsumların ödənişləri və digər bu kimi maliyyə əməliyyatlarından istifadə etmək imkanı əldə edəcəklər.

Bundan əlavə, filial tərəfindən cari ildə 100-ə yaxın yeni POS-terminalın quraşdırılması, bankomat şəbəkəsinə yenilərinin əlavə edilməsi, kredit qoyuluşunu 3,5 milyon manata çatdırmaq və digər bank xidmətləri sahəsində nailiyyət əldə etmək hədəflənir.
Xatırladaq ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kredit portfelinin həcmi 1 yanvar 2015-ci il tarixə 27,2 milyon manat olmuşdur ki, bu kredit qoyuluşunun 7,7 milyon manatını tikinti, 6,2 milyon manatını sənaye, 3,4 milyon manatını istehlak, 2,9 milyon manatını kənd təsərrüfatı, 2,9 milyon manatını isə biznes-ticarət və digər kreditlər təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə mətbuata açıqlmasında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında ötən 20 ildə həyata keçirilən davamlı islahatlar nəticəsində iqtisadiyyatın möhkəm təməli yaradılmış və sosial-iqtisadi inkişafın dinamikliyi təmin edilmişdir. Bu inkişaf iqtisadiyyatın bütün sahələrini əhatə edir. Əldə edilmiş uğurların təməlində dayanan amillərdən biri də budur ki, muxtar respublikada inkişafa kompleks yanaşma mövcuddur. Ötən dövr ərzində istehsal sahələrinin inkişafı istiqamətində görülmüş işlər maliyyə və bank sektorunun inkişafı ilə paralel şəkildə aparılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə təsdiq edilmiş mühüm dövlət proqramlarında bank sektorunun inkişafı ilə bağlı vəzifə­lər müəyyənləşdirilmişdir. Ali Məclisin Sədri tərəfindən əhaliyə göstərilən bank xidmətlərinin növünün artırılması, keyfiyyətinin yüksəldilməsi, nağdsız ödəniş sistemlərinin inkişaf etdirilməsi, kiçik sahibkarlıq fəaliyyəti üçün kreditlərin verilməsi qaydalarının sadələşdirilməsi barədə aid strukturlara tapşırıqlar verilmişdir. Bunun nəticəsidir ki, ötən illər ərzində muxtar respublikada bank quruculuğu sahəsində də böyük uğurlar qazanılmışdır. Banklar yeni, müasir binalar və son texnologiyalara əsaslanan avadanlıqlarla təmin edilmişdir. Yaradılmış infrastruktur əhalinin bank-maliyyə xidmətlərindən rahat, vaxt itirmədən və etibarlı şəkildə istifadə etməsinə əlverişli imkanlar açmışdır.
Müslüm Cabbarzadənin sözlərinə görə, hazırda muxtar respublikada banklar tərəfindən 20 növdə bank xidməti göstərilir. Əhalinin bu xidmətlərdən daha rahat şəkildə istifadə etməsi üçün fəaliyyət göstərən bank, bank filialı və kredit təşkilatlarının sayı artırılaraq 26-ya çatdırılmışdır. Təkcə 2014-cü il ərzində şəhər və rayonlarımızda 3 yeni bank filialı fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə poçt məntəqələri vasitəsilə bütün kənd­lərdə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi təmin edilmişdir. Bu da vətəndaşlara yaşadıqları ərazidə bu xidmətlərdən yararlanmaq imkanı verir. Bundan əlavə, nağdsız ödəniş sistemlərinin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Artıq inkişaf etmiş ölkələrdə tətbiq edilən müasir ödəniş texnologiyalarından muxtar respublikamızda da istifadə etmək mümkündür. Bunun üçün zəruri olan infrastruktur yaradılmışdır. İri yaşayış məntəqələrimiz bankomatlarla təmin edilmişdir. Əhaliyə verilən ödəniş kartları son 5 ildə 2 dəfə artmışdır. Hazır­da muxtar respublikanın hər iki sakinindən biri plastik ödəmə kartına sahibdir. Nağdsız ödəmələrin yüksəldilməsi və ödənişlərin rahatlığının təmin edilməsi üçün quraşdırılan POS-terminalların sayı son 5 ildə 20 dəfə artmışdır. Muxtar respublikada fəaliyyət göstərən banklar internet bankçılıq, mobil bankçılıq, SMS məlumatlandırma kimi müasir bank xidmətləri göstərmək imkanlarına malikdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına müvafiq olaraq, muxtar respublikadakı banklarda xidmət haqları və kreditlər üzrə faiz dərəcələri ölkənin digər bankları ilə müqayisədə ən aşağı səviyyədədir.
“Muxtar respublikada iqtisadi fəallığın ilbəil yüksəlməsi bankların da inkişafına təkan verir, yeni bank filiallarının yaradılmasına tələbatı artırır”, – deyən Müslüm Cabbarzadə əlavə etmişdir ki, son 5 ildə banklarımızın müştərilərinin sayı 6 dəfədən çox artmışdır. Yeni bank qurumlarının fəaliyyətə başlaması əhalinin bank-maliyyə xidmətlərinə daha rahat şəkildə çıxışını və müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin edir. 2015-ci ilin ilk günlərində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhər filialının yeni binada fəaliyyətə başlaması da bu sahədə görülən işlərin davamıdır.
Qeyd edək ki, yeni bank filialları həm də “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə öz töhfəsini verir. Muxtar respublikada kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi və əhalinin yerli məhsullara olan tələbatının tamamilə ödənilməsi baxımından yeni bank və bank filiallarının yaradılması, onların əhatə dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR