22 Dekabr 2024, Bazar

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər Naxçıvanın aqrar regiondan sənaye regionuna çevrilməsinə şərait yaradıb, nəticədə, muxtar respublikada müxtəlif çeşidlərdə yüksəkkeyfiyyətli məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb.     

Belə müəssisələrdən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mühəndis Rövşən Mehdiyev bizimlə söhbətində qeyd etdi ki, müəssisədə Almaniya, İtaliya və Türkiyə respublikalarından alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılıb. Mebel fabrikində divan, kreslo və yumşaq oturacaqlı stullar, döşəmə, həmçinin ofis, mətbəx, yataq mebelləri, qapı-pəncərə, dekorasiya və qapı-pəncərələrin boyanması üçün boyaqxana sexləri fəaliyyət göstərir. Burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıqlar istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir.

Fabrikdə tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə olunan materialların və hazır məhsulların davamlılığını, uzun­ömürlülüyünü təmin edir. Material kimi istifadə olunan məhsulların bir qismi Türkiyə Respublikasından, Afrika ölkələrindən, Gürcüstan Respublikasından idxal olunur.
2010-cu ilin yanvar ayından fəаliyyətə başlayan müəssisədə mebel istehsalı sahəsində təcrübəli mütəxəssislər çаlışırlar. Fabrikdə işçilərin sağlamlığının mühafizəsi də diqqət mərkəzində saxlanılıb, xüsusi havatəmizləyici qurğu quraşdırılıb.
Müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb. Burada fəaliyyət göstərən laboratoriyada müasir avadanlıqlar quraşdırılıb ki, bu da istər xammal, istərsə də hazır məhsulların keyfiyyət göstəricilərinə nəzarətin təmin olunmasına imkan verir. Hazırlanan məhsullar “Gəmiqaya” əmtəə nişanı ilə fabrikin sərgi-satış salonunda, Naxçıvan şəhərinin “Təbriz” küçəsində, Babək məhəlləsində və Ordubad şəhərində fəaliyyət göstərən mebel mağazalarında satışa çıxarılır. Müəssisədə istehsal olunan klassik, avanqard və modern mebellər ölkəmizin paytaxtında və digər regionlarda da alıcılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda fabrikin Bakı şəhərinin Nərimanov və “Neftçilər” prospektlərində, Sumqayıt, Goranboy, Lənkəran şəhərlərində satış mərkəzləri fəaliyyət göstərir. Müəssisənin satış mərkəzlərinə müraciət edən müştərilərə zövqlərinə və ev şəraitinə uyğun müxtəlif çeşiddə mebellər təklif olunur. Müştərilər hazır mebelləri satış mərkəzlərindən seçə və ya sifariş verə bilərlər.
Hazırda istehlakçılar tərəfindən həm klassik, həm də modern üslubda hazırlanan mebellərə böyük tələbat var. Naxçıvan şəhərində ayrı-ayrı ünvanlarda fəaliyyət göstərən mebel mağazalarında müştərilərin bu yerli məhsula olan münasibətlərini öyrəndik. Naxçıvan şəhər sakini Məhsəti Nəcəfova qeyd etdi ki, yeni mənzil almışıq. Evimizin dizaynına uyğun mebel seçdik. Burada öyrəndik ki, mebellərin çatdırılması və quraşdırılması öz mütəxəssisləri tərəfindən pulsuz yerinə yetirilir. Mebellərin keyfiyyətindən və göstərilən xidmətdən çox razıyıq.
Ordubad rayon sakini Nərminə Cəfərova isə alıcı zövqünü oxşayan hər cür mebellərin olduğunu bildirdi və onu da qeyd etdi ki, müştərilərə seçim etmək imkanı yaradılıb. Hər bir evin ölçüsünə və dizaynına uyğun mebelləri sifariş vermək mümkündür. Bu, çox yaxşı haldır və hər bir müştərinin ürəyincədir.
Naxçıvan şəhər sakini Nemət Babayev: “İstehsal olunan məhsulların keyfiyyətli olması işin bir tərəfidirsə, onu olduğu kimi müştəriyə çatdırmaq başqa bir tərəfidir. Yəni bir-birini tamamlayan ayrı-ayrı sahələrdir. “Gəmiqaya Mebel Fabriki”ndə bu mühüm əhəmiyyətli sahə diqqət mərkəzində saxlanılır. İstehsal və satış günün tələbləri səviyyəsində qurulub. Bu həm istehsalçı, həm də istehlakçının mənafeyinə xidmət edir. Ailə həyatı qurub Bakı şəhərində yaşayan övladım üçün mebel almaq istəyirdim. Öyrəndim ki, Bakı şəhərində də müəssisənin mebel mağazaları fəaliyyət göstərir. Mebeli aldım. Həm məhsulun keyfiyyətindən, həm də göstərilən xidmətdən çox razıyam”.
Məhsulları keyfiyyəti ilə seçilən “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa zamanda rəqabətqabiliyyətli müəssisəyə çevrilib. Burada istehsal olunan mebellər daxili bazarda özünə böyük istehlakçı kütləsi toplayıb. Müəssisədə istehsal olunan mebellərin xarici bazarlarda tanıdılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Müəssisənin Gürcüstan Respublikasının Batumi şəhərində satış mərkəzi yaradılıb, “Gəmiqaya” əmtəə nişanı ilə satışa çıxarılan keyfiyyətli mebellərin satışı təmin olunub. Digər xarici ölkələrdə də müəssisədə istehsal olunan mebellərin satışa çıxarılması nəzərdə tutulur.
Fabrikdə 355 nəfər daimi işlə təmin olunub. Kollektiv əməyin məhsuludur ki, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarına tələbat artıb, ixrac potensialı genişlənib. Ötən il 4 milyon 500 min manatdan çox məhsul istehsal edilib satışa çıxarılıb. İşçilərdən Ələsgər Məmmədov, Nurlan Mərdanov, Fərzalı Fərzalıyev, Asim Abbasov, Toğrul Həsənov və başqaları yaradılan şəraitdən razılıqlarını dilə gətirərək yüksək əməkhaqqı, xüsusi geyim formaları, gündə bir dəfə isti yemək və servis xidməti ilə təmin olunduqlarını bildirdilər. Onu da qeyd etdilər ki, bunun müqabilində daha səylə çalışır, keyfiyyətli məhsul istehsalı üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərirlər. Çünki istehsal olunan məhsulların daha çox alıcısı olması həm müəssisənin imkanlarını artırır, nəticədə, yeni istehsal sahələri yaradılır, əlavə iş yerləri açılır, həm də işçilərin əməkhaqlarının artırılmasına səbəb olur. Bu, hər bir işçinin ailə büdcəsinin daha da yaxşılaşması deməkdir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR