Tikinti sektorunun əsas istiqamətlərindən birini də əhalinin yeni mənzillərə olan tələbatını ödəmək təşkil edir. Son 20 il ərzində Naxçıvan şəhəri də daxil olmaqla, digər rayon mərkəzlərində yüzlərlə yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalar müasir kommunikasiya xətləri ilə təmin edilib. Təbii ki, yaradılan şərait bina sakinlərinin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədini daşıyır.
Naxçıvanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan bu addımlar son illərdə daimi yaşayış üçün muxtar respublikaya qayıdanların da sayının artmasına səbəb olub. Bundan əlavə, il ərzində muxtar respublikada, orta hesabla, 4 mindən çox gəncin ailə qurduğunu da nəzərə alsaq, mənzil bazarında mövcud tələbin ildən-ilə yüksəldiyini proqnozlaşdırmaq mümkündür. Gənc ailələrin bir qismi fərdi ev inşa etməyə, digər böyük bir hissəsi isə hazır mənzil almağa üstünlük verir. İl ərzində Naxçıvan Muxtar Respublikası üzrə əhalinin şəxsi vəsaiti hesabına tikilən, orta hesabla, 300 min kvadratmetr yaşayış sahəsinin də məhz böyük bir hissəsi belə ailələrin payına düşür. Təbii ki, Naxçıvanı yaşayış yeri seçənlər üçün burada qaz, elektrik, su təminatının yüksək səviyyədə olması, məhəllədaxili abadlıq və təmizlik işlərinin aparılması mühüm əhəmiyyətə malikdir.
Məlumdur ki, muxtar respublikada gənclərin mənzilə olan tələbatının ödənilməsi istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikintisi aparılır. Onu da deyək ki, gənclərin mənzil təminatının ödənilməsi məqsədilə tikilən “Gənclər şəhərciyi” muxtar respublikada bu məqsədlə inşa olunan ilk yaşayış kompleksidir.
Hazırda ərazidə ikisi 9 mərtəbəli, ikisi 11 mərtəbəli olmaqla, 4 bina inşa olunub. Binalardakı mənzillər iki və üçotaqlı olub, müvafiq olaraq mənzillərin sahəsi 77 və 104 kvadratmetrdir. Binaların hər birində mansardtipli dam örtüklərinin vurulması işi aparılır, elektrik və kommunikasiya xətləri çəkilir, suvaq işləri görülür.
Məlumat üçün bildirək ki, “Gənclər şəhərciyi”ndə bu ilin mart ayında bir, iki, üç və dördotaqlı mənzillərdən ibarət olacaq beşinci binanın inşasına başlanılacaq.
Layihəyə uyğun olaraq, yaşayış binalarının hər birində sərnişin və yük lifti quraşdırılacaq, 323 yerlik yeraltı avtomobil dayanacağı yaradılacaqdır.
Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulacaqdır. Həyətyanı sahədə müasir işıqlandırma və təhlükəsizliyi təmin etmək üçün videokamera sistemləri quraşdırılacaq, uşaq bağçası, basketbol və voleybol, eləcə də açıq şahmat meydançaları inşa olunacaqdır. Həmçinin kompleksi “Cahan” Ticarət Mərkəzi ilə birləşdirən yeraltı keçid istifadəyə veriləcəkdir.
Xəbərlər şöbəsi