XXI əsrin on dördüncü ili muxtar respublikanın tarixinə “Muxtariyyət ili” kimi yazıldı. Ölkə və beynəlxalq səviyyəli konfranslar, simpoziumlar, möhtəşəm idman yarışları, sərgilər, kitab təqdimatları ilə zəngin olan 2014-cü il hər bir naxçıvanlının taleyinə öz izlərini nəqş etdi. Tarix üçün çox da böyük müddət olmayan bir ilin də necə gəlib keçdiyinin fərqinə vara bilməsək də, bu gün diyarımızın salnaməsinə ötən il həkk olunan saysız-hesabsız genişmiqyaslı quruculuq ərməğanları, unuda bilməyəcəyimiz xoş xatirələr bizimlə qalır. Ona görə də 2014-cü il də ömür kitablarımızda yaşayacaq, tariximizdə vərəqlənəcək, tariximizi yaşadacaq. Bizdən sonrakı nəsillər də tariximizin bu səhifəsini ən qiymətli salnamə kimi dəyərləndirəcəklər. Çünki “Muxtariyyət ili”ndə Naxçıvanın taleyi üçün çox qiymətli sərvət olan muxtariyyətin bu qədim diyara bəxş etdiklərini gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər saya-hesaba gələn deyil. Muxtar respublika sakinləri 2014-cü ildə də bir daha gördülər və yəqin etdilər ki, bu qədim diyarda insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı və diqqət günümüzün reallığına çevrilib. Bu reallığı hər addımda, ilin ilk günündən sonuncu gününə qədər gördük. Qurub-yaratmaq istəyimizi gücləndirən başlıca amil də məhz bu reallığı yaşamağımızdır. Kimlərəsə bu, təəccüblü görünə bilər. Əsl həqiqətdə də belədir. Muxtar respublikaya ölkəmizin digər bölgələrindən, xarici ölkələrdən gələn qonaqlar qədim diyarın belə intibaha qovuşmasına inana bilmirlər.
Bu gün gülzarlıqlar, yaşıllıqlar, gözəlliklər diyarına çevrilən muxtar respublikada bərqərar edilmiş ictimai-siyasi sabitlik bütün sahələrdə böyük uğurlar qazanılmasında stimul olub. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında bunu bütün parametrləri ilə görmək olar.
Tarixən Naxçıvan aqrar region kimi tanınıb. Diyarın yeraltı və yerüstü sərvətlərindən, münbit torpaqlarından səmərəli istifadə olunması məqsədilə 1995-ci ildən bu sahə yeni inkişaf müstəvisinə qədəm qoyub, böyük layihələr həyata keçirilib və keçirilməkdədir. Vurğulamaq gərəkdir ki, paralel olaraq bu illərdə muxtar respublikada sənayenin inkişaf etdirilməsinə ciddi önəm verilib və böyük uğurlara imza atılıb. Məlumdur ki, sənayenin inkişafında ən böyük xammal bazası kənd təsərrüfatıdır.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” böyük nailiyyətlər qazanılmasına stimul olub.
Ötən ilin statistikasına nəzər salsaq, bunun şahidi olarıq. 2014-cü ildə muxtar respublikada 2013-cü illə müqayisədə 6 faiz çox, yəni 355 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Bu qədər həcmdə məhsul istehsalında bir sıra amillər mühüm rol oynayıb ki, onlardan biri meliorasiya-irriqasiya sistemlərinin daim təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Bu sırada su anbarlarının doldurulması, suyun yığılması, kollektor və drenaj şəbəkələrinin inşası və təmiri, yeni kanalların tikintisi, nasos stansiyalarının təmiri və yararsız suvarma xətlərinin yenilənməsi işləri mühüm yer tutur. İl ərzində meliorasiya sahəsi üçün müxtəliftəyinatlı maşın-mexanizmlər alınıb. Uzunoba Su Anbarı yenidən qurulub, 2 nasos stansiyası tikilib və 9 kəhriz təmir olunub. Sahibkarların əməyini yüngülləşdirmək diqqət mərkəzində saxlanılıb. Onların vaxtında və güzəştli şərtlərlə lazımi texnika ilə təmin edilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2014-cü ildə 260 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib və məhsul istehsalçılarına verilib. Bundan başqa, məhsul istehsalçıları 3867 ton mineral gübrə ilə də təmin olunublar.
Aqrar sektorun inkişafına yuxarıda adlarını çəkdiyimiz dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasının da böyük və müsbət təsiri şəksiz qəbul edilməlidir. Belə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əkinəyararlı torpaqların səmərəli istifadəsi ciddi nəzarətdə saxlanılıb, 2014-cü ildə 60 min 829 hektar sahədə əkin aparılıb. Strateji məhsul sayılan taxıla olan tələbatın ödənilməsinə diqqət daha da artırılıb: 35 min 750 hektar sahədən 103 min 70 ton taxıl tədarük edilib.
Muxtar respublikada məhsuldar və keyfiyyətli buğda toxumlarının istehsalının stimullaşdırılması və daxili tələbatın ödənilməsi məqsədilə 2000 hektar torpaq sahəsi ayrılıb və toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşasına başlanılıb.
Sözügedən dövrdə kartofçuluqda da yüksək nəticələrə nail olunub. 2962 hektar sahədən 41 min 406 tona yaxın məhsul tədarük edilib. Mətbəximiz üçün qiymətli məhsullar sayılan meyvəçilik və tərəvəzçiliyin inkişafı ərzaq təminatının yaxşılaşması ilə yanaşı, xarici bazarlara çıxış imkanlarının genişlənməsinə də şərait yaradıb, 2014-cü ilin məhsulu üçün tərəvəz əkilmiş 6125 hektar sahədən 66 min 731 ton məhsul götürülüb.
Əhalinin ilin bütün fəsillərində tərəvəz məhsulları ilə təchizatı üçün istixana komplekslərinin yaradılması davam etdirilib, il ərzində 6 yeni istixana kompleksi fəaliyyətə başlayıb. Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində və ərzaq təminatının yaxşılaşdırılmasında dövlət ehtiyatlarının yaradılması, anbar təsərrüfatının inkişaf etdirilməsi də vacib şərt kimi nəzərə alınaraq muxtar respublikamızda taxılı uzun müddətə saxlamağa imkan verən anbarların həcmi 27 min tona, kənd təsərrüfatı məhsullarının saxlanılmasını təmin edən soyuducu anbarların sayı 20-yə, ümumi tutumu isə 12 min 250 tona çatdırılıb.
Kənd təsərrüfatının digər aparıcı sahəsi olan heyvandarlıq əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynamaqla yanaşı, həm də sənayenin xammal təchizatında mühüm çəkiyə malikdir. Bu sahənin inkişaf etdirilməsində mövcud ərazi imkanlarının məhdudluğu nəzərə alınaraq intensiv metodlara, o cümlədən heyvanların cins tərkibinin yaxşılaşdırılması tədbirlərinə daha çox üstünlük verilir. Son illər muxtar respublikaya 1678 baş yüksək məhsuldarlığa malik cins mal-qara gətirilib və onların lizinq yolu ilə satışı həyata keçirilib.
Heyvandarlığın inkişaf etdirilməsində, mal-qara arasında müxtəlif xəstəliklərə qarşı epizootik tədbirlərin aparılmasında baytarlıq xidmətinin günün tələbləri səviyyəsində qurulması mühüm rol oynayır. Bu baxımdan ötən il baytarlıq laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müxtəlif adda avadanlıq və cihazlar, həmçinin süni mayalanma ləvazimatları alınıb baytarların istifadəsinə verilib.
Qeyd edək ki, quş əti və yumurtaya olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi məqsədilə tədbirlər ötən il də davam etdirilib. Daha 4 quşçuluq təsərrüfatı yaradılmaqla quşçuluq təsərrüfatlarının sayı 64-ə çatdırılıb.
Muxtar respublikamız üçün kənd təsərrüfatının ənənəvi və yüksək inkişaf perspektivlərinə malik sahələrindən olan arıçılığın inkişafına da ciddi önəm verilib. Yeni arıçılıq təsərrüfatlarının yaradılması məqsədilə il ərzində 525 min manat həcmində kredit verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni təsərrüfat subyektləri fəaliyyətə başlayıb, arı ailələrinin sayı 69 minə çatdırılıb.
2014-cü il dekabr ayının 27-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bütün bunları nəzərə alaraq deyib: “Biz bu gün 2014-cü ilə yekun vurduq. 2015-ci ildə muxtar respublikada tarixən formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilməli, əhalinin ərzaq məhsulları ilə təminatı davamlı xarakter almalı, emal müəssisələri xammalla fasiləsiz təchiz edilməlidir. Muxtar respublikanın ərzaq təhlükəsizliyi və meyvə-tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası da kənd təsərrüfatına xüsusi diqqət yetirilməsini tələb edir. Qeyd olunanlar nəzərə alınaraq, 2015-ci il Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilir”.
Bu isə o deməkdir ki, aqrar sahəyə qayğı, onun inkişafını diqqətdə saxlamaq davamlı xarakter alıb və bu, naxçıvanlıların genefondu məhz qədim diyara məxsus olan qiymətli kənd təsərrüfatı məhsullarından istifadəsinə istiqamətlənmiş növbəti addımdır...
...2015-ci ilin ilk günlərini yaşayırıq. Necə qarşıladıq növbəti ili? Dükan-bazarlarımızda torpaqlarımızda yetişdirdiyimiz, həmçinin emal və istehsal müəssisələrində hasilə gətirdiyimiz məhsulların daha da bolluğu, çöhrələrimizdə təbəssüm, qəlblərimizdə sevinc, diləklərimizdə yurdumuzda belə günlərin əbədi olması istəyi ilə. Bu əbədiliyə bütün varlığımızla inanırıq. Çünki min illərdir, hər açılan sabah həyatın davamı olub. Bu həyat, bu yaşam möhkəm özüllər üzərində qurulubsa, onun gələcəyi gözlənildiyindən də yaxşı olacaq.
Muxtar MƏMMƏDOV