Bütün tarixi boyu şərəfli yol keçmiş qədim Naxçıvan özünün muxtariyyət illərində də iqtisadi inkişaf ilə nəyə qadir olduğunu bir daha sübut edərək doğma Azərbaycanın tərkibində yeni intibahına qovuşmuşdur. “Bütün uğurlar iqtisadiyyatdan başlayır və bütün gələcək planlar onunla yaranır” deyənlərin nə qədər haqlı olduğunu sübut etmək üçün Şərqlə Qərbin astanasında Azərbaycanın Naxçıvan Muxtar Respublikası timsalından daha tutarlı tezis irəli sürmək çətindir.
Naxçıvan Muxtar Respublikası 90 illik inkişaf dövründə iqtisadiyyatının, təbii ehtiyatlarından istifadənin, sənaye, kənd təsərrüfatı, ticarət, əhali məşğulluğu, insanların həyat səviyyəsi kimi məsələlərin həllində ictimai münasibətlərin formasına və dövrün tələbinə görə kifayət qədər mürəkkəb və kəşməkəşli proseslərdən keçmişdir. Bir zamanlar özünün duzu, ipəyi, meyvələri ilə tarixi İpək Yolu üzərində yaxşı tanınmış Naxçıvanda Sovet hakimiyyətinin qurulması ilə aparılan kooperativləşmə yönümlü islahat tədbirləri, yaradılan bir neçə istehsal müəssisələri bu regionun malik olduğu potensialın əsl səviyyəsindən çox uzaq idi. O dövrdə ucqarların hərtərəfli inkişafı, əhalisinin məşğulluğu, sosial-rifah halının yüksəldilməsi kimi məsələlərin həlli üçün hələ neçə onillər gözləmək lazım gələcəkdi. Nəticədə, Naxçıvanda 1965-ci ilədək cəmi 40 adda məhsul istehsalına nail olunmuş, bunların da əksər hissəsi mineral ehtiyatların hasilatı və yeyinti sənayesi hesabına mümkün olmuşdu. Həmin dövrdə Naxçıvanın iqtisadiyyatı aqrar çərçivədən kənara çıxa bilməmişdir. Naxçıvanın müasir intibaha qədər gəlib çıxdığı 90 illik muxtariyyət tarixinin yarısını təşkil edən birinci mərhələyə nəzər saldıqda bir tərəfdən qurulmuş sovet dövlətinin elektrikləşdirmə və sənayeləşdirmə kimi özünəməxsus kütləvi şüarları altında həyata keçirilən işlər, digər bir tərəfdən isə ötən beşillik və onilliklər ərzində inkişaf dinamikası get-gedə aşağı düşən sənaye, kənd təsərrüfatı yönümlü istehsal sahələri görünməkdədir. Nə qədər qəribə olsa da, bu illər ərzində Naxçıvanın zəngin, təbii iqlim və mineral ehtiyatlarından istifadə olunmaması bir muxtar qurum kimi onun iqtisadiyyatının inkişaf etdirilməməsi üçün hər cür əsassız əsaslandırmalar irəli sürülürdü.
Ölkəmizin yeni tarixinə dönüş ili kimi yazılmış 1969-cu ildən sonra başlayan yeni bir intibah dalğası Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafında dərin izlərlə yadda qaldı. Həmin ildən hansı şəraitdə olursa-olsun, Vətən sevgisi amalını hər şeydən üstün hesab edən, öz xalqına, millətinə xidmət etməyi ən böyük xoşbəxtlik sayan xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması məhz Naxçıvanın da dirçəlişinin başlanğıcı idi. 1969-1987-ci illərin sürətli inkişaf prosesləri, sözün əsl mənasında, Naxçıvanı özünə qaytardı. Naxçıvanlılar ilk dəfə olaraq regionda yaradılmış irihəcmli istehsal müəssisələri hesabına rahat iş yerləri əldə etdilər. Təkcə 1971-1975-ci illərdə muxtar respublikada xalq təsərrüfatına əsaslı vəsait qoyuluşunun 1924-1970-ci illərdəkindən çox olması hər şeyi deyir. Naxçıvanda 1985-ci ilədək müxtəlif sahələr üzrə yaradılmış 21 iri sənaye müəssisəsində trikotaj məmulatlarından elektrotexnika avadanlıqlarınadək geniş çeşiddə məhsul istehsal olunurdu. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullar respublikanın və keçmiş ittifaqın müxtəlif yerlərinə göndərilir, geniş sahələrdə torpaqlar əkin dövriyyəsinə cəlb olunaraq ənənəvi bağçılıq, meyvəçilik istiqamətində mühüm işlər aparılırdı. Qeyd olunan dövrdə əhalinin rifah halının yüksəlməsi istehlak xərclərinin artması, rabitə, nəqliyyat xidmətlərindən geniş istifadə olunması ilə müşayiət olunur, Bakı və Naxçıvan arasında hava nəqliyyatı əlaqələri yaradılırdı. Muxtar respublikanın iqtisadi və sosial həyatını hərtərəfli əhatə etmiş bu mərhələ, əslində, Azərbaycanın müstəqilliyin ilk illərində qarşılaşacağı çətinliklərdən qarantı olacaqdı. Xalqımızın ümummilli liderinin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması və SSRİ-nin dağılması ilə başlayan böhran dalğası qısa müddətdə Naxçıvan Muxtar Respublikasının da iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Naxçıvan yenidən çətinliklərlə, məkrli düşmənlə üz-üzə qalmışdı.
Xalqımızın milli mübarizə tarixinə qızıl hərflərlə yazılmış 1990-1993-cü illərin Naxçıvanın muxtariyyət tarixində xüsusi yeri vardır. Bu dövr xalqımızın yenidən müstəqillik qazanması, düşmən təcavüzünə qarşı onu qoruyub saxlaması və öz liderinin ətrafında yenidən daha sıx birləşməsi dövrü kimi xarakterizə edilə bilər. Bir vaxtlar dünyanı lərzəyə salmış bir imperiyanın çöküşündən sonra iqtisadiyyatının dağılması, siyasi idarəetməsinin böhran keçirməsi ilə məhvolma təhlükəsi yaşayan Azərbaycanın köməyinə yenə dahi rəhbər Heydər Əliyev yetişdi. Bu, elə bir zaman idi ki, hər tərəfdən blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının taleyi möcüzələrə qalmışdı.
Dünya tarixində iqtisadi həyatın dalğalı inkişafı ilə növbələşən yüksəliş və tənəzzül periodları çox olmuşdur. Lakin xarici aləmlə nəqliyyat, kommunikasiya, ticarət imkanları hər tərəfdən bağlanmış, enerji və ərzaq ehtiyatları məhdud bir regionun iqtisadiyyatının da çökməsi burada yaşayan insanlar üçün ən ağır imtahan idi. Ancaq “ümid sonda ölür”, – deyiblər: Naxçıvanın soyuq, qaranlıq gecələrində kerosin lampasının titrək işığında yorulmaq bilmədən Yeni Azərbaycanın gələcək layihəsi üzərində düşünən dahi rəhbər Heydər Əliyev öz xalqının yanında idi. Artıq Naxçıvanda hamının Tanrının ona bəxş etdiyi liderinin ətrafında sıx birləşib düşmənə zərbə vurmağa, dağılmış iqtisadiyyatı yenidən inşa etməyə iradə və gücü var idi. Tarix sübut etmişdir ki, məhz təkcə bu amil hər cür resurs çatışmazlığını dəf etməyə, hər şeyi yenidən başlamağa imkan verir. 1993-cü ilə qədər Naxçıvanın qonşu dost ölkələrlə əlaqələrinin yaradılması, ərzaq, enerji təminatı məsələlərinin həlli, ölkənin paytaxtı ilə hava yolu əlaqəsinin genişləndirilməsi, aqrar islahatlara başlanılması muxtar respublikanın etibarlı müdafiəsi qədər həyati əhəmiyyətli işlər olub, Naxçıvanın növbəti inkişaf və intibah dövrü üçün etibarlı zəmin yaradırdı.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkə iqtisadiyyatının dirçəldilməsi və qırılmış təsərrüfat əlaqələrinin yenidən qurulmasına təkan verən ən mühüm amil olmuşdur.
Naxçıvanın muxtariyyət tarixində mühüm yer tutan 1995-ci ildən sonrakı dövr ölkəmizdə makroiqtisadi sabitliyə nail olunması ilə bərabər başlanan və cəmiyyətin bütün sahələrini əhatə edən intibah mərhələsi adlanır. Bu intibah blokadanın ağır nəticələrini – ərzaq, enerji, sənaye məhsulları çatışmazlığını aradan qaldırdı, regionda əhalinin həyat səviyyəsini müasir istehsal və sosial infrastruktur yaratmaqla yüksəltdi. Uzun keçən böhran illərindən sonra əli işdən soyumuş minlərlə naxçıvanlını yenidən öz işinə qaytara bilmək heç də asan məsələ deyildi. Müəllimi dərs dediyi sinfə, mühəndisi inşaat meydançasına, kəndlini tarlasına qaytara bilmək üçün aparılan iqtisadi islahatlarla bərabər, həm də yay-qış demədən onların yanında olmaq böyük fədakarlıq tələb edirdi. Naxçıvanın şəhərləri ilə yanaşı, irili-xırdalı 200-dən artıq kəndində aparılan quruculuq tədbirləri blokadada yaşayan bir regionda aparıla biləcək sosial siyasət tədbirlərinin səviyyəsi üzrə dünyaya bir nümunə oldu. Nəticədə, keçən 19 ildə bir dənə də olsun, kənd boşalmadı, əksinə, şüşə kimi hamar yollarına qovuşan kəndlərimizdə Naxçıvanın işığı parladı, Odlar yurdunun alovu şölələndi.
Naxçıvanı intibaha qovuşduran bu illərdə region iqtisadiyyatı kəmiyyətcə nə qazandı? Qısa desək, 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsulun həcmi 1995-ci ildəki 43 milyon 722 min manatlıq səviyyəyə qarşılıq 2 milyard 339 milyon manatadək yüksəldi. Nəticədə, 19 ildə iqtisadiyyatı 54 dəfə artan bir region enerji idxalından enerji ixracına qədər uğurlu inkişaf yolu keçdi. Bu dövrdə muxtar respublikada əhali gəlirləri 55 dəfə çoxaldı, orta aylıq əməkhaqqı 377 manatadək artdı. Son 19 ildə Naxçıvan aqrar regiondan sənaye regionu olmaq yolunda mühüm məsafə qət etdi.
Ötən ilin nəticələrinə görə, muxtar respublikada sənaye məhsulunun ümumi həcmi 1995-ci ildəki səviyyədən 94 dəfə artaraq 862 milyon 871 min manatadək həcmə çatdı. Nəticədə, Naxçıvanda iş yerlərinin sayı artdı, istehlak xərclərində lüks predmetlərin payı çoxaldı. Naxçıvanlılar daha çox səyahət etməyə, təhsilə, mədəniyyətə vaxt və vəsait ayırmağa imkanlar əldə etdilər. Naxçıvanın şöhrəti onun hüdudlarını, ölkə sərhədlərini aşıb dünyaya yayıldı: muxtar respublika informasiya cəmiyyətinə qovuşdu, humanitar inkişaf yoluna qədəm qoydu.
Əli CABBAROV