22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri Vergilər nazirinin müavini Nurlan Əliyev açmışdır.

Bildirilmişdir ki, “2013-cü ilin yekunları və qarşıda duran vəzifələr”lə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-cü il yanvarın 30-da keçirilmiş müşavirədə və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2014-cü il 28 iyun tarixdə keçirilmiş doqquzuncu sessiyasında Vergilər Nazirliyi qarşısında mühüm vəzifələr qoyulmuşdur. Belə ki, həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması və açılmış bank hesablarının fəaliyyət göstərmələrinə nəzarətin gücləndirilməsi, nağdsız ödənişlərin həcminin əhəmiyyətli şəkildə artırılması, POS-terminallardan səmərəli istifadənin təmin edilməsi, xidmət və ticarət obyektlərinin böyük əksəriyyətində POS-terminalların quraşdırılmasının qısa müddətdə başa çatdırılması, əhalinin bu xidmətdən istifadə etməsi üçün müxtəlif həvəsləndirici təkliflərin təqdim olunması tapşırılmışdır.

Görülmüş tədbirlər nəticəsində muxtar respublika üzrə cari ilin yanvar ayında nağdsız ödənişlərin həcmi 246,0 min manat olduğu halda, noyabr ayında bu məbləğ 1 milyon 661 min manata çatdırılmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Vergilər Nazirliyi tərəfindən əvvəllər də bir sıra həvəsləndirici tədbirlər keçirilmişdir. Belə ki, cari ilin birinci yarımili üzrə POS-terminaldan, bankomatdan və internet üzərindən 500 manatdan yuxarı məbləğdə nağdsız ödənişlər aparan 76 vətəndaşa 6005 manat məbləğində hədiyyələr təqdim edilmişdir. Nəzarət-kassa aparatları vasitəsilə nağd pul hesablarının aparılması üzərində ictimai nəzarətin gücləndirilməsi məqsədilə “Kassa çeki alın, avtomobil qazanın” adlı stimullaşdırıcı lotereya oyunu zamanı tirajın 4 nəfər qalibi muxtar respublikamızın sakinləri olmuş və hər biri avtomobil udmuşdur.
Bildirilmişdir ki, bugünkü tədbirdə muxtar respublikamızın müxtəlif rayonlarından olan insanlar iştirak edirlər. Qalib şəxslərə 147 adda və ya 14 min manat dəyərində müxtəlif məişət əşyaları hədiyyə ediləcəkdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin sədr müavini Elvin Axundov bildirmişdir ki, “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq, muxtar respublikada ödəniş sistemləri və nağdsız hesablaşmalarla bağlı müxtəlif istiqamətli tədbirlər həyata keçirilmişdir. Müştərilərlə hesablaşmaların nağdsız qaydada aparılması üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılmış, 1 dekabr 2014-cü il tarixə 845 ədəd olmaqla, POS-terminalların sayı 618 ədəd artmışdır.
Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyev ikinci tirajın nəticələri barədə tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, bu tirajda muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə 1 iyul 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixədək, yəni 5 ay ərzində nağdsız ödəniş aparan 147 şəxs hədiyyə qazanmışdır. Hədiyyələr 4 meyar üzrə müəyyənləşdirilmişdir. Birinci meyar üzrə 400 manatdan 801 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 60-75 manat arasında müəyyən olunmuşdur ki, bu meyarda 72 şəxs mükafatlandırılacaq. İkinci meyar üzrə 801 manatdan 1501 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 75-125 manat arasında müəyyən olunmuşdur ki, bu meyarda 64 şəxs mükafatlandırılacaq. Üçüncü meyar üzrə isə 1501 manatdan 2001 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 250-300 manat arasında müəyyən olunmuşdur ki, bu meyarda 7 şəxs mükafatlandırılacaq. Dördüncü meyar üzrə 2001 manatdan artıq məbləğdə nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 350-450 manat arasında müəyyən olunmuşdur ki, bu meyarda 4 şəxs mükafatlandırılacaq.
Hədiyyə qazanmış şəxslərin 47 nəfəri təhsil, 16 nəfəri səhiyyə, 3 nəfəri mədəniyyət işçisi, 20 nəfəri hərbçi və hüquq-mühafizə orqanlarının əməkdaşı, 12 nəfəri texniki işçilər, 46 nəfəri dövlət qulluğu üzrə ayrı-ayrı sahələrdə çalışanlar, 1 nəfəri təqaüdçü, 2 nəfəri isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.
Sonra hədiyyələrin təqdimatı olmuşdur. Hədiyyə alanlar adından Vəli Vəliyev, Nadir Tağıyev və başqaları öz minnətdarlıqlarını bildirmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR