Son illər muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələrdən biri olan Naxçıvan Avtomobil Zavodunda 2010-cu ilin yanvar ayından avtomobil istehsalına başlanılıb. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. Bütün bunlar üçün, ümumilikdə, 3 milyon 800 min manat sərf olunub ki, bunun 1 milyon manatı Sahibkarlığa Kömək Fondundan ödənilib.
Müəssisədə ilk dövrdə “NAZ-Lifan” markası ilə baqaj hissəsi salonda olan (xetçbek) “320” və “520İ”, baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “520” və “620” modellərində avtomobillər istehsal edilib. 2011-ci ildə yeni “NAZ-Lifan-X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə “NAZ-Lifan-X-60” modelinin istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq “NAZ-Lifan” markalı 6 nəfərlik mikroavtobusun “LF-6401” modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin “LF-5028” modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin “LF-1022” modeli satışa çıxarılıb.
Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, genişhəcmli istehsala başlamaq olub. Ötən ilin oktyabr ayında “NAZ-Lifan-620” modelli avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. Həmçinin Naxçıvan Avtomobil Zavodunda yeni layihə həyata keçirilib, cari ildə istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modelləri istehsal olunaraq satışa çıxarılıb ki, bu da alıcılar tərəfindən rəğbətlə qarşılanır. Beləliklə, zavodda 9 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 12-15 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir.
Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal prosesi xarici mütəxəssislər tərəfindən aparılırdısa, hazırda bu iş yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Zavodda, ümumilikdə, 70 nəfər çalışır.
Avtomobil zavodunun fəaliyyətə başladığı dövrdən ötən 5 ilin 4 ili “NAZ-Lifan” markalı minik avtomobillərinin tanıdılması və alıcı etibarının qazanılması mərhələsi olub. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib. Müqayisə üçün qeyd edək ki, 2010-2013-cü illərdə zavodda 2085 ədəd “NAZ-Lifan” markalı minik avtomobili istehsal olunub satışa çıxarılıbsa, təkcə 2014-cü ildə 1891 ədəd “NAZ-Lifan” markalı minik avtomobili istehsal olunub satışa çıxarılıb. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır. Avtomobillərin dəyəri 7500-16000 manat arasında dəyişir.
Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Hesablamalara görə, 1 konteynerə orta hesabla 6 avtomobil banı yerləşirsə, sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşir ki, bu da daşınma xərcinin xeyli azalması deməkdir.
İstehsal olunan avtomobillərin milliləşdirilməsi planlaşdırılır. Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı işi də yüksək səviyyədə aparılır, Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb. Yaxın vaxtlarda isə Gəncə, Şəki və Lənkəran şəhərlərində, Xaçmaz rayonunda satış mərkəzlərinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazalarının yaradılması nəzərdə tutulub ki, bu da həmin bölgələrdə və ətraf rayonlarda istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə Bakı şəhərinə aparmadan yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq.
Qeyd edək ki, “NAZ-Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yer tutub. Sevindirici haldır ki, yerli istehsala önəm verilir, Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillər ölkəmizin digər regionlarında da rəğbətlə qarşılanır.
Məlumat üçün bildirək ki, hazırda muxtar respublikamızda, Bakı, Sumqayıt, Neftçala, Xaçmaz və Qubada “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.
Kərəm HƏSƏNOV