22 Dekabr 2024, Bazar

“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” uğurla həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə ikiillik proqram təsdiqləndi. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” 90 illik muxtariyyətin ictimai, siyasi, mədəni mərkəzi olmuş Naxçıvan şəhərinin iki il ərzində inkişaf xəttini müəyyənləşdirdi. Bir zamanlar bütün Yaxın və Orta Şərqin əsas siyasi və mədəni mərkəzlərindən biri olmuş, hazırda isə yerləşdiyi Cənubi Qafqaz regionunda ictimai-siyasi fikrin formalaşdığı əsas mərkəzlərdən biri olan Naxçıvan şəhərinin infra­strukturunun inkişaf etdirilməsi və genişləndirilməsi ilə yanaşı, qədim şəhər mədəniyyətinə malik Naxçıvanın tarixiliyinin qorunması da proqramda öz əksini tapıb.

Yeni proqramda inzibati binaların tikintisi və təmiri, rabitə sahəsinin inkişafı, şəhərin istilik, su təchizatı və kanalizasiya sisteminin yeniləşdirilməsi, elektrik enerjisi və qaz təchizatının daha yüksək səviyyədə təmin olunması, yol təsərrüfatı və nəqliyyat sahəsinin müasir standartlara uyğunlaşdırılması, yaşıllaşdırma və abadlıq işlərinin davam etdirilməsi, gənclər və idman, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazalarının daha da gücləndirilməsi, yaşayış sahələrinin tikintisi və təmiri, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, kənd təsərrüfatının infrastruktur təminatı sahəsində konkret vəzifələr müəyyənləşdirilib.

Proqramda nəzərdə tutulan işlərin bir hissəsi artıq həyata keçirilib, xeyli hissəsi isə icra olunmaqdadır. Bu gün Naxçıvan şəhəri, sözün həqiqi mənasında, bir tikinti meydançasını xatırladır. Təkcə Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin kollektivi Naxçıvan şəhərində 10-dan çox obyektdə tikinti, qurucu­luq və abadlıq işləri aparır.

Yeni yaşayış binası tikilir

Yeni mərhələyə qədəm qoyan Naxçıvan şəhərində üz tutduğumuz ilk ünvan Naxçıvan şəhərinin “İstiqlal” küçəsi oldu. Burada Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin kollektivi tərəfindən böyük bir yaşayış binası inşa olunur. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binanın artıq sonuncu mərtəbəsində hörgü işləri aparılır, dam örtüyü vurulur.
Bu ilin iyun ayında tikintisinə başlanılan binanın vaxtında təhvil verilməsi üçün var qüvvələri ilə çalışdıqlarını bildirən iş icraçısı Zamin Şükürov tikintidə, əsasən, yerli tikinti materiallarından istifadə olunduğunu bildirdi. İş icraçısı onu da vurğuladı ki, tikilən bina müasir üslubda və günün tələblərinə uyğun inşa olunur.
Söhbət əsnasında onu da öyrəndik ki, yeni yaşayış binası 30 mənzildən ibarət olacaq. 30 ailənin sevincinə səbəb olacaq bu yaşayış binasında digər iaşə obyektləri də fəaliyyət göstərəcək.
Şəhərimizin mərkəzində inşa olunan bu əzəmətli yaşayış binası gənc ailələrin mənzillə təmin olunacağı məkan kimi ərazinin gözəlliyinə yeni çalarlar qatacaq.

İncəsənət məktəbi müasir binada fəaliyyət göstərəcək

Naxçıvan şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərindən incəsənət sahəsinə də kifayət qədər pay düşüb. Bu günədək şəhərimizdə bir neçə musiqi və incəsənət məktəbi ya yenidən tikilərək, ya da əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Bu sahədə görülən işlərin davamı olaraq, Naxçıvan şəhərində İncəsənət məktəbi üçün müasir bina inşa olunur.
Binanın tikintisinə bu ilin mart ayında start verilsə də, obyektdə xeyli iş görülüb. Çardaq hissədə işlər yekunlaşdırılıb, pəncərələr salınıb, daxildə isə suvaq işləri aparılır. Eyni zamanda binanın birinci mərtəbəsinin fasad hissəsi üzlük daşla üzlənir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada işlərin sürətlə aparıldığını deyən iş icraçısı bildirdi ki, binanın zirzəmi hissəsində böyük zal, kitabxana, qazanxana, anbar və sinif otaqları fəaliyyət göstərəcək. Binanın digər mərtəbələrində isə direktor otağı, nəzəriyyə sinfi, 2 musiqi ədəbiyyatı kabinəsi, xor sinfi, böyük konsert zalı və 30-dan çox sinif otağı olacaq.

Xatirə Muzeyi üçün yeni bina

Muxtar respublikada milli və mədəni irsin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu muzeylərin yaradılmasına, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Muzeylərimizə böyük diqqət və qayğı ilə yanaşan Ali Məclisin Sədri muzeylərin fəaliyyəti ilə hər zaman yaxından maraqlanır, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün hər cür şərait yaradır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan şəhərində Xatirə Muzeyi üçün yeni bina inşa olunub.
Xüsusi memarlıq üslubunda tikilən bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə muzey əməkdaşları üçün iş otaqları, ikinci mərtəbədə isə geniş ekspozisiya zalı yaradılıb. Binada bütün işlər yekunlaşdırılıb.
Muzey binasının əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Şəhidlər xiyabanı yaxınlığında yerləşməsidir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əks etdirən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdiriləcəkdir.

Avtomobil dayanacağı müasir standartlara cavab verəcək

“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”da yolların yenidən qurulması, ictimai nəqliyyat üçün dayanacaqların quraşdırılması kimi məsələlər də nəzərdə tutulub. Əksər ailələrin avtomobilinin olması, Naxçıvan şəhərində avtomobil zavodunun fəaliyyət göstərməsi regionun yüksək inkişafından xəbər verir. Bütün bunlar tələb edir ki, nəqliyyat kompleksinin inkişafı, avtomobil yollarının və yol infrastrukturunun genişləndirilməsi, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılsın. Məhz buna görə də muxtar respublikada bu məsələlərin kompleks şəkildə həyata keçirilməsinə xüsusi qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, Naxçıvan şəhərində hazırda 2 avtomobil dayanacağı kompleksi inşa olunur. “Atabəylər” məhəlləsində inşa olunan bu dayanacaq zirzəmi ilə birlikdə iki mərtəbədən ibarət olacaq. Hazırda burada beton-qəlib işləri davam etdirilir, binanın bəzi hissələrində isə hörgü işləri aparılır.
Dayanacağın təkcə zirzəmi hissəsi 304 avtomobil üçün nəzərdə tutulub ki, bu da gələcəkdə Naxçıvan şəhərində yarana biləcək avtomobil sıxlığının qarşısını alacaqdır. Bundan əlavə, ikinci mərtəbədə də avtomobillərin saxlanması və satışı nəzərdə tutulur. Həmin mərtəbədə həmçinin ehtiyat hissələrinin satışını həyata keçirən 51 mağaza da fəaliyyət göstərəcək ki, bu da əhalinin rahatlığına xidmət edəcək. Bu mağazalarda istənilən avtomobilin ehtiyat hissələrini əldə etmək mümkün olacaq. Burada avtomobillərin ehtiyat hissələrinin sifarişi də həyata keçiriləcək.
Müasir standartlara cavab verəcək avtomobil dayanacağında mətbəx, yeməkxana, həmçinin elektrik, çilingər və yuyucu sexləri də fəaliyyət göstərəcək. Bütün bunlar isə avtomobil sahiblərinə keyfiyyətli xidmət etməyə imkan verəcəkdir.

Hamamın tikintisi sürətlə aparılır

Naxçıvan şəhərinin “Atabəylər” məhəlləsində inşa olunan yeni hamamın tikintisi də sürətlə aparılır.
Memar Hicran Rüstəmovun layihəsi əsasında inşa olunan hamamın quruluşunda, əsasən, Şərq hamamına məxsus çalarlar öz əksini tapıb. Üç böyük günbəzlə daha da əzəmətli görünən hamam binası 3 hissədən ibarətdir.
İş icraçısı Yusif Əliyevdən aldığımız məlumata görə, obyektdə işlər öz qaydasında gedir. Hörgü işləri yekunlaşan binanın hazırda dam örtüyü vurulur. Binanın tamamilə travertin daşlarla üzlənməsinin başa çatdırıldığını bildirən iş icraçısı daxildə suvaq işlərinin, ətrafda isə abadlıq tədbirlərinin davam etdirildiyini vurğuladı. İş icraçısından onu da öyrəndik ki, binanın tikintisində və üzlənməsində, əsasən, yerli tikinti materiallarından istifadə olunur.
Şərq memarlığı ilə müasir Qərb memarlığının incəliklərini özündə birləşdirən yeni hamamın günbəzvarı dam örtüyü, incəliklə işlənən sütunları gələcəkdə binaya daha böyük əzəmət bəxş edəcəkdir.

Beləliklə, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” günü-gündən dəyişən və inkişaf edən Naxçıvan şəhərinin yeni mərhələyə qədəm qoymasına şərait yaradır. Bu isə “İslam mədəniyyətinin paytaxtı” statusunu təhvil alacaq, bəzilərinin “Qafqazın San-Fransiskosu”, digərlərinin isə ictimai-siyasi fikrin formalaşmasındakı əhəmiyyətinə görə “Qafqazın Strasburqu” adlandırdıqları Naxçıvan üçün çox vacibdir.

Qafar QƏRİB

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR