Muxtar respublikada fəaliyyət göstərən bankların son vaxtlar yaratdıqları imic etibarlı müştəri auditoriyasının daha da genişlənməsinə səbəb olub. Belə ki, 2014-cü ilin 11 ayı ərzində yeni açılmış bank hesablarının sayı 100-ü hüquqi, 17 min 135-i fiziki şəxs olmaqla, 17 min 235-ə çatıb. Bu, ötən ilin müvafiq dövründəki göstəricidən 9485 ədəd çox olub, son beş ildə müvafiq dövrlərdəki ən yüksək göstəricidir.
Ümumilikdə, 1 dekabr 2014-cü il tarixə bank hesablarının sayı 37 min 520 ədəd təşkil edib ki, bunlardan 34 min 292-si aktiv hesab olub. Bank hesablarının 2238-i hüquqi, 35 min 282-si fiziki şəxslər üçün açılıb. Xidmət olunan bank hesablarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 min 499 ədəd artıb. Bu artım aktiv hesablarda da müşahidə olunub və 13 min 522 ədəd təşkil edib.
Son vaxtlar əhalinin real pul gəlirlərinin, eləcə də bank sisteminə inamın artması, kreditorların və əmanətçilərin maraqlarının müdafiəsinin hüquqi əsaslarının təkmilləşdirilməsi, xüsusilə Əmanətlərin Sığortalanması Fondunun uğurlu fəaliyyəti əhalinin əmanətlərinin sürətli artımını şərtləndirən amillərdən olub. Hələ də banklar tərəfindən əhalidən cəlb edilmiş əmanətlərin həcminin ümumi kredit qoyuluşunun 7 faiz təşkil etməsinə baxmayaraq, bu göstərici ilbəil artan templə davam edir. Belə ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən cəlb olunan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 dekabr 2014-cü il tarixə 1 milyon 796 min manat artaraq 6 milyon 714 min manat olub. Əhalidən cəlb edilmiş əmanətlərin həcmində son beş ildə iki dəfədən çox artım müşahidə edilib. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 531 min manat artaraq 1 milyon 733 min manat təşkil edib. Milli valyutada cəlb edilmiş əmanətlərin cəmi əmanətlərdəki xüsusi çəkisi isə 74,2 faiz həcmində olub və 4 milyon 981 min manata çatıb.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4 faizdən 20 faizədək əmanətləri qəbul edirlər. Əmanətlərin Sığortalanması Fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olmaları onların müştərilər qarşısında müsbət imicinin formalaşmasına, müştəri və bankın etibarlı partnyorluğunun inkişafına təsir göstərən amillərdəndir.
Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9 faizdən çox olmayan bütün əmanətlər sığortalanırlar. Bu, o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9 faizdən artıq deyilsə, bankın müflis olması halında belə, vətəndaşın əmanəti özünə qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılmasında kifayət qədər həlledici və böyük təsirə malikdir.
Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin aparıcı
mütəxəssisi