22 Dekabr 2024, Bazar

2013-cü ilin bolluq, xeyir-bərəkət ili olacağına Şərurun zəhmət adamları indidən əmindirlər. Ona görə bu günlər hər kəs görüb-görəcəyi işi bir daha götür-qoy edir, yaz-tarla işlərinə elə başlamağa çalışır ki, yubanmasın, çəkdiyi zəhmətin, gördüyü işin qarşılığında ilin sonunda “şükür, bu il də yaxşı oldu” deyə bilsin.
Bir faktı xatırlatmaq yerinə düşər: ötən il muxtar respublikada hər hektarda taxılın məhsuldarlığına görə ən yüksək göstərici Şərur rayonunda əldə olunmuşdur. Şərur taxılçıları 9111 hektarın taxılını biçmiş, orta məhsuldarlığı 30,8 sentnerə çatdırmışlar. Bütövlükdə, əvvəlki ilə nisbətən 160 ton çox, yəni 28 min 230 ton taxıl istehsal edilmişdir ki, bunun da 22 min 750 tonu buğda, 5480 tonu isə arpa olmuşdur.

Şərurda ötən il digər sahələrdə də məhsul istehsalı yüksək olmuş, torpaq mülkiyyətçiləri 9774 ton kartof, 19 min 454 ton tərəvəz, 5218,2 ton bostan məhsulları, 76,3 ton günəbaxan, 17 min 971 ton meyvə, 1401 ton üzüm istehsal etmişlər. 
Şərur əkinçilərinin qazandıqları nailiyyətlər kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən yüksək diqqət və qayğı sayəsində mümkün olmuşdur. Dövlət qayğısından ruhlanan torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı mütəxəssisləri işlərini yaxşı quraraq bol məhsul istehsalı üçün əzmlə çalışırlar.
Ötən ilin taxıl biçinindən sonra Şərurda 7435 hektar sahədə şum aparılmışdır. 2013-cü ilin məhsulu üçün 7425 hektar sahəyə payızlıq taxıl toxumu səpilmişdir ki, bunun da 7312 hektarını buğda, 113 hektarını arpa təşkil edir. Şumaltına səpinlə birgə mineral gübrələrin verilməsi, rayonlaşdırılmış, yüksək məhsuldar toxum materiallarından istifadə olunması diqqətdə saxlanılmışdır. Payızlıq taxıl səpini optimal müddətdə başa çatdırılmışdır. Sahələri sistemli şəkildə nəzarətdə saxlayan mütəxəssislərin rəyinə görə, 2013-cü ildə Şərurun taxıl zəmilərinin hər hektarından azı 32-33 sentner taxıl istehsalı gözlənilir.
Hazırda rayonun əkinçiləri torpağın qış qayğıları ilə yaşayırlar. Sahələrdə fitosanitar müşahidələr aparılır, bitki xəstəliklərinə, zərərvericilərə, alaq otlarına qarşı qabaqlayıcı mübarizə tədbirləri həyata keçirilir. Taxılın vegetasiya dövründə suvarılması üçün suvarma şəbəkələrində, hidrotexniki qurğularda təmir-bərpa işləri görülür, suvarma kanalları, arxlar təmizlənir, yeni suvarma xətlərinin çəkilişi davam etdirilir. Texnika və avadanlıqların saz vəziyyətdə olması üçün tədbirlər görülür. İndiyədək 208 şum traktorundan 150-si, 23 toxumsəpən aqreqatdan 12-si, 22 taxılbiçən kombayndan 10-u, həmçinin otbiçən, gübrəsəpən aqreqatların və çiləyicilərin xeyli hissəsinin təmiri başa çatdırılmışdır. Bütün texnikanın saz vəziyyətdə olması üçün tədbirlər davam etdirilir.
Rayonda meyvəçiliyin, üzümçülüyün, camışçılığın, balıqçılığın, istixana şəraitində tərəvəz yetişdirilməsinin və digər sahələrin inkişafı istiqamətində geniş layihələr hazır­lanır. İstehsalın artırılması ilə yanaşı, kənd təsərrüfatının sənayeləşməsi, müasir tələblərə cavab verən yeni emal müəssisələrinin yaradılması yönündə də mühüm tədbirlər görülür.
Nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsi yeni iş yerlərinin açılması deməkdir. Ümumilikdə isə əsas məqsəd muxtar respublikanın ərzaq bolluğuna layiqli töhfə vermək, insanların rifah halını daha da yüksəltməkdir.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR