Muxtar respublikamızda rabitə sisteminin müasirləşdirilməsi və yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər rabitə və informasiya sistemlərinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər sosial-iqtisadi inkişafda bu sahənin rolunu xeyli artırmışdır. Ona görə də Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun strukturuna daxil olan idarə və müəssisələr qarşıya qoyulan vəzifələrin icrası istiqamətində səylə çalışırlar.
Muxtar respublikada yaşayış məntəqələrinin yeni informasiya-kommunikasiya texnologiyaları ilə tətbiqi əsas diqqət yetirilən məsələlərdəndir. Həyata keçirilən genişmiqyaslı quruculuq işləri rayon mərkəzləri ilə yanaşı, qəsəbə və kəndlərin simasını xeyli dəyişmiş, yeni texnologiyaların tətbiqinə geniş imkanlar açmışdır.
Görülən işlər nəticəsində ən ucqar dağ kəndində belə, əhaliyə müasir rabitə xidməti göstərilir. Bu istiqamətdə noyabr ayı ərzində də bir sıra işlər görülmüş, Şərur rayonundakı Cəlilkənddə 176 nömrə tutumlu yeni ATS istifadəyə verilmişdir. Həmçinin Şərur rayonunun Dizə və Babək rayonunun Naxışnərgiz kəndlərinin hər birində 208 nömrə tutumlu yeni nəsil ATS qurulmuş, Dizədə poçt bölməsi yeni binaya köçürülmüş və müasir şərait yaradılmışdır. Naxışnərgiz kənd ATS-nə qonşu Sirab kənd ATS-dən 3500 metr məsafədə fiber-optik kabel xətti çəkilmiş, kəndin rabitə sistemi tamamilə yenilənmişdir. Həmçinin noyabr ayında mövcud telefon stansiyalarının nömrə tutumlarının artırılması və simsiz rabitənin genişləndirilməsi işləri də davam etdirilmiş, ümumilikdə, 301 yeni telefon nömrəsi istismara verilmiş, evədək optika layihəsi üzrə 5 yeni xətt çəkilmişdir.
Həyata keçirilən ardıcıl tədbirlər poçt xidmətinin də keyfiyyətinin artırılmasına təsir göstərmişdir. Noyabr ayında Naxçıvan şəhərində Əliabad poçt bölməsi, sərhəd qoşunları poçt bölməsi və “57-ci” məhəllə poçt bölməsində, Şərur rayonunun İbadulla, Çəmənli və Dizə kənd poçt bölmələrində MHM şəbəkə sistemi yaradılmış, Şahbuz rayonunun Nursu kəndində yeni poçt bölməsi fəaliyyətə başlamışdır. Həmçinin ötən ay muxtar respublikanın bütün rayon mərkəzi poçt şöbələrində mobil cihazların qeydiyyatı üçün qeydiyyat şöbələri fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şəhər və rayon vergi idarələrinin hər biri xüsusi virtual kanal vasitəsilə Naxçıvan şəhərindəki MHM şəbəkəsinə qoşulmuşdur.
“Naxçıvanpoçt” MMC tərəfindən də noyabr ayında əhaliyə nümunəvi xidmət göstərilmişdir. Bu dövr ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan daxil olan maniqramların məbləği 131 min 904 manat, rüsumu 3 min 794 manat, sayı isə 1482 ədəd olmuşdur. Bundan başqa, colvir sistemi ilə 515 min 906 manat maniqram qəbul edilmiş, 836 min 632 manat maniqram ödənişi həyata keçirilmişdir. Həmçinin 125 manat dəyərində beynəlxalq maniqram qəbul edilmiş, bu istiqamətdə ödəniş 1411 manat olmuşdur. Ay ərzində muxtar respublikaya 3 min 137 ədəd bağlama daxil olmuş və 362 ədəd bağlama göndərilmişdir. Qeyd olunan dövrdə “Naxçıvanpoçt” MMC tərəfindən əhalidən 205 min 898 manat məbləğində abunə və şəhərlərarası danışıq haqları, 498 min 415 manat elektrik enerjisindən istifadə haqqı, 802 min 244 manat qazdan istifadə haqqı olmaqla, cəmi 1 milyon 706 min 839 manat pul vəsaiti toplanmışdır. Ödənişlərin 186 min 29 manatı POS-terminallar vasitəsi ilə, 14 min 253 manatı isə onlayn qaydada həyata keçirilmişdir.
Muxtar respublikada diqqət mərkəzində saxlanılan məsələlərdən biri də keyfiyyətli televiziya yayımının təşkilindən ibarətdir. Artıq muxtar respublikada rəqəmsal televiziyanın yayımına başlanılmışdır. Bu sahədə görülən işlərin davamı olaraq, noyabr ayında Şahbuz rayonunun Türkeş, Culfa rayonunun Ərəzin, Qazançı, Boyəhməd, Nəhəcir, Ordubad rayonunun Pəzməri və Kotam kəndlərində cəmi 7 televiziya vericisi qurularaq istismara verilmişdir. Ötən ay ərzində “Kanal-35” televiziyasında ilk dəfə efirə təqdim olunan videomaterialların sayı 37 ədəd təşkil etmiş, 9 film tərcümə olunmuşdur. Ümumilikdə, ötən ay ərzində televiziyanın dublyaj redaksiyasında səsləndirilmiş 168 film tamaşaçılara təqdim edilmişdir.
Genişzolaqlı və sürətli internet şəbəkəsinin yaradılması muxtar respublikada internet istifadəçilərinin sayının artmasına da səbəb olmuşdur. Belə ki, noyabr ayında 468 abunəçi genişzolaqlı internetə qoşulmuş, tədris mərkəzində 253 nəfər təhsil almışdır.
Göründüyü kimi, muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı diqqət mərkəzində saxlanılır. Bu sahənin davamlı inkişafını təmin etmək məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti