Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən tələbatçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər payız-qış mövsümündə də muxtar respublikanın bütün yaşayış məntəqələrinin dayanıqlı elektrik enerjisi təminatına imkan verir.
Noyabr ayında da Dövlət Energetika Agentliyinin kollektivi qarşıya qoyulan vəzifələrin icrasını diqqətdə saxlamışdır. Belə ki, Naxçıvan Modul Elektrik Stansiyasının 9 aqreqatı əsaslı təmir olunmuş, Araz Su Anbarında hidrotexniki müayinələr aparılmış, beton plitələrin altında yuyulmuş torpaq qatı bərpa edilmişdir. Ötən ay “Qıvraq” yarımstansiyasında 10 və 25 meqavolt-amper gücündə iki transformator quraşdırılmışdır. Hazırda Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti işləri davam etdirilir.
Naxçıvan şəhərində və rayonlarda yeni transformator yarımstansiyalarının quraşdırılması və elektrik verilişi xətlərinin dəyişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər noyabr ayında da davam etdirilmişdir. Belə ki, Naxçıvan şəhərinin Qaraçuq kəndində 400 kilovat gücündə yeni transformator yarımstansiyası qoyulmuş, 1,5 km uzunluğundakı hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmişdir. Şərur rayonunun Püsyan kəndində 1 kilomter uzunluğunda yeni elektrik verilişi xətti çəkilmiş, Babək rayonunun mərkəzi Babək qəsəbəsində 250 kilovolt-amper, rayonun Gərməçataq kəndində 63 kilovolt-amper güclü yeni 10/0,4 kilovoltluq transformator yarımstansiyası qoyulmuş, 1 kilometr məsafədə yeni elektrik verilişi xətti çəkilmişdir. Ordubad rayonunda 1,5, Culfa rayonunda 1,5, Kəngərli rayonunda 1 kilometr, Şahbuz rayonunda 1, Sədərək rayonunda isə 0,5 kilometr yeni elektrik verilişi xətləri çəkilmiş, 11 müxtəliftəyinatlı transformator yarımstansiyası əsaslı təmir edilmiş, Şahbuz rayonunun Nursu kəndində 250 kilovolt-amper gücündə yeni transformator yarımstansiyası quraşdırılmışdır.
Qış mövsümündə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə hazırlıq işləri davam etdirilir. Belə ki, noyabr ayı ərzində yüksəkgərginlikli elektrik verilişi xətlərində qrafik əsasında təmir işləri aparılmış, yararsız izolyatorlar dəyişdirilmiş və digər tədbirlər görülmüşdür. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılır. Ötən ay 2 traktor alınaraq agentliyə verilmişdir. Həmçinin qeyd olunan dövrdə elektrik enerjisindən israfçılıqla və sayğacdankənar istifadə olunmasının qarşısını almaq üçün mütəmadi reydlər keçirilmiş, istehlakçılarla maarifləndirici söhbətlər aparılmışdır.
Ümumiyyətlə, noyabr ayında görülən işlər nəticəsində muxtar respublikada elektrik verilişi xətləri, transformatorlar, stansiya və yarımstansiyaların tam fəaliyyəti təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin kollektivi bu istiqamətdə işləri növbəti aylarda da davam etdirəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin mətbuat xidməti