22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın torpaq-iqlim şəraiti bol meyvə və tərəvəz yetişdirilməsi üçün olduqca əlverişlidir. Ona görə də meyvəçilik və tərəvəzçilik Naxçıvanın çox qədim kənd təsərrüfatı sahələrindən olub, əhalinin qidalanmasında və ticarətində böyük rol oynamışdır.
Region əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Proqramının başlıca məqsədi bazar iqtisadiyyatı şəraitində muxtar respublikada yerli şəraitə uyğun olan meyvə-tərəvəz məhsullarının istehsalını artırmaqdan, torpaq-iqlim xüsusiyyətlərinə uyğun, yüksək istehlak qabiliyyətinə malik meyvə bağlarının əkilməsindən və unudulmaqda olan məhsuldar sortların bərpasından, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələri yaradılmasından ibarətdir.

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş torpaq mülkiyyətçiləri və fermerlər göstərilən qayğıdan bəhrələnmiş, onların bu sahələrə olan marağı daha da artmışdır. Təkcə onu qeyd edək ki, torpaq mülkiyyətçiləri 2012-ci təsərrüfat ilində meyvə sahələrindən 42 min ton, tərəvəz sahələrindən isə 66 min ton məhsul əldə etmişlər. Gələcəkdə həmin sahələrdən daha çox məhsul əldə etmək üçün geniş imkanlar vardır. Çünki bu gün torpaq mülkiyyətçiləri həm əkinin keçirilməsində, həm də məhsul satışında heç bir problemlə qarşılaşmırlar.
Əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə muxtar respublikada ümumi tutumu 11 min 720 ton olan 15 soyuducu anbar qurularaq istifadəyə verilmiş, meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün lazımi tədbirlər həyata keçirilmişdir.
Ərzaq probleminin həll edilməsinin mühüm istiqamətlərindən olan sənaye texnologiyalarının tələblərinə cavab verən sortların və hibridlərin yaradılması, toxumçuluğun inkişaf etdirilməsi, müasir kənd təsərrüfatı maşın və mexanizmlərindən istifadə olunması, suvarmanın və növbəli əkinlərin tətbiqi, torpaqların münbitliyinin artırılması, istixana komplekslərinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Muxtar respublikada istehlakçıların qış mövsümündə faraş tərəvəzlə təmin olunmasına imkan verən, ümumi sahəsi 30 min kvadratmetr olan 8 istixana kompleksi fəaliyyət göstərir. Bu da tərəvəz məhsullarına olan tələbatı ödəməklə yanaşı, tələbatdan artıq məhsulu xarici ölkələrə ixrac etmək imkanları yaradır.
Dövlət Proqramında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin də qarşısına bir çox vəzifələr qoyulmuşdur. Nazirliyə muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik unudulmuş (aborigen) meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması, eləcə də meyvə-tərəvəz əkinləri sahəsində yüksək məhsul istehsalına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması kimi vəzifələr tapşırılmışdır. Regionun torpaq-iqlim şəraitinə asan uyğunlaşan meyvə sortlarının yetişdirilməsi üçün tingçilik təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması, meyvə və tərəvəzin konservləşdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Yüksək reproduksiyalı məhsuldar toxumla təminatı yaxşılaşdırmaq məqsədilə təchizat bazasının yaradılması, torpaqların münbitliyinin yaxşılaşdırılması, şoran, şorəkət və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılması üçün rayonlarda həmin ərazilərin mütəxəssislər tərəfindən xəritələri hazırlanmış və torpaq mülkiyyətçilərinə lazımi məsləhətlər verilmişdir.
Yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarından ibarət bağların salınması, torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla meyvə və tərəvəzçiliyin rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, torpaqların münbitliyinin artırılması ilə əlaqədar yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Meyvəçilik və tərəvəzçilik sahəsində müasir becərmə və suvarma üsullarının təbliği və tətbiqi məqsədilə kütləvi informasiya vasitələrində maarifləndirmə işi aparılmış, meyvəçilik və tərəvəzçilik sahələrinə yerli və xarici kapitalın cəlb olunması üçün müvafiq tədbirlər həyata keçirilmiş, həmçinin meyvə-tərəvəzçilik sahəsində yüksək reproduksiyalı, yerli şəraitdə məhsuldarlıq baxımından özünü doğruldan toxum və ting istehsal edən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilmiş, onlara güzəştli kreditlər verilmişdir.
Bu gəlirli təsərrüfat sahələrində zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə istifadə edilən kimyəvi preparatlara olan tələbatın ödənilməsi təmin olunmuş, torpaq mülkiyyətçilərinə lazımi köməkliklər göstərilmişdir.
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı üçün kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin tətbiqinə nəzarət edilmiş, geni dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş məhsulların muxtar respublikaya idxalına yol verilməməsi üçün müvafiq işlər görülmüşdür.
İstehsal olunan meyvə-tərəvəz məhsullarının realizə edilməsi üçün sahibkarlar arasında marketinq işinin təbliği, sərgi-satış yarmarkalarının təşkili, eləcə də qış aylarında əhalinin faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması, mövcud sahələrin genişləndirilməsi Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdəndir ki, bu istiqamətdə işlər davam etdirilir, yeni istixana kompleksləri yaradılır.
Bundan başqa, ixtisaslaşmış özəl meyvə və tərəvəzçilik təsərrüfatlarının, müasir texnologiyalarla təchiz edilmiş emal müəssisələrinin yaradılmasının dəstəklənməsi, həmçinin Naxçıvan Muxtar Respublikasının orta dağlıq və dağlıq ərazilərində, bitki örtüyünün nisbətən seyrək yayıldığı və səhralaşmaya meyilli ərazilərdə (Ordubad, Culfa, Babək, Şahbuz) iqlimləşdirilmiş cəviz, badam, ərik, alma və armud bağlarının salınması üçün mütəxəssislər tərəfindən köməkliklər göstərilmişdir.
Dövlət Proqramının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən aparılan təhlillər nəticəsində Ordubad rayonunun Dəstə, Gilançay, Dizə, Kələki, Gənzə, Aza kəndlərində, eyni zamanda Kəngərli rayonunun Xok, Qıvraq, Qarabağlar, Şahtaxtı, Böyükdüz, Yeni Kərki kənd­lərində, Şahbuz rayonunun Şahbuzkənd, Nursu, Ağbulaq, Biçənək, Külüs, Kükü, Badamlı kəndlərində bələdiyyələrin ehtiyat fonduna daxil olan kənd təsərrüfatına az yararlı torpaq sahələrində meyvə, üzüm bağları salınması və tərəvəz əkilməsi tövsiyə olunmuşdur.
Proqramın qəbul olunmasından bir il vaxt keçməsinə baxmayaraq, bu sahədə xeyli işlər görülmüşdür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikamızda meyvə bağlarının sahəsi 4235 hektara çatdırılmış və yaxın gələcəkdə həmin sahələrin genişləndirilməsi üçün müvafiq işlər aparılması nəzərdə tutulmuşdur.

Muxtar respublikanın bir sıra nazirlik, idarə və təşkilatları qarşısında mühüm vəzifələr qoyan Dövlət Proqramının həyata keçirilməsində bu sahədə çalışan sahibkarlar və torpaq mülkiyyətçiləri yaradılmış imkanlardan səmərəli istifadə etməli, onlarla aparılan maarifləndirici tədbirlər davam etdirilməlidir.

Xaliq ABBASOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR