22 Dekabr 2024, Bazar

Muxtar respublikada dəmir yolu nəqliyyatı infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, sərnişin və yükdaşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə yaradılan şərait xidmətin səviyyəsinin yüksəldilməsinə və nəticədə, nəqliyyatın bu növündən istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. Digər tərəfdən böyükhəcmli və ağırçəkili yüklərin daşınmasında dəmir yolu nəqliyyatından geniş istifadə olunur.
Bu ilin noyabr ayında muxtar respublika üzrə dəmir yolu nəqliyyatından 10 min 492 sərnişin istifadə etmiş, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisində 11 min 330 ton müxtəliftəyinatlı yük daşınmışdır.

Hərəkətin davamlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə qatarların və yolların sazlığına daimi nəzarət olunur. Ötən ay ərzində elektrovozlar 3, teplovozlar isə 2 dəfə texniki baxışdan keçirilmiş, elektrovozlarda cari təmir işləri aparılmışdır. Bu dövr ərzində Culfa Vaqon Deposunda noyabr ayında sərnişin və digər təyinatlı 6 vaqon cari təmir edilmişdir. Həmçinin İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına mütəmadi baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları torpaq, çınqıl, daş və tullantılardan təmizlənmişdir. Relslərdə təhlükəsiz dövretmənin təmin olunması məqsədilə 23 dəst R-50 tipli izomaterial işlədilmiş, xidməti ərazidə 140 yararsız şpal yenisi ilə əvəz edilmişdir. Defektoskop briqadası tərəfindən 92 kilometr baş yol, 14 kilometr stansiya yolları, 28 dəst yoldəyişdirici qurğu və 4 min 280 qaynaq calağı yoxlanılmış, yolda olan nasazlıqlar aradan qaldırılmışdır.
Sərnişinlərin payız-qış mövsümündə rahat gediş-gəlişini təmin etmək üçün bütün sərnişin vaqonları yoxlanılaraq mövsümə tam hazır vəziyyətə gətirilmişdir. Təhlükəsizlik İdarəsinin balansında olan yanğın avtomobilində və aqreqatlarda texniki müayinə aparılaraq yanacaq ehtiyatı yaradılmışdır. Hazırda bir sərnişin vaqonunda istilik sisteminin bərpası istiqamətində əsaslı təmir işləri davam etdirilir.
2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar idarələrin ərazilərinə, yolun torpaq yatağına, yolun üst quruluşuna, enerji təchizatına, dartı yarımstansiyalarına, kontakt şəbəkəsinə, işarəvermə və rabitə qurğularına baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmiş nöqsanların əksəriyyəti ötən ay ərzində aradan qaldırılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir. Rabitə və işarəvermə sahəsi üzrə stansiyalarda da qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə işlər davam etdirilmişdir. Bu məqsədlə 25 müxtəliftipli rele dəyişdirilmiş, Aza, Yaycı, Qarabörk, Şərur stansiyalarında və 2 lokomotivdə radio-rabitə avadanlıqlarının nasaz hissələri dəyişdirilmiş, radio-rabitə əlaqəsi texniki normaya uyğun tənzimlənmişdir. Enerji sahəsi üzrə Culfa-Dərəşam və Culfa-Vəlidağ yan xətlərində yararsız vəziyyətdə olan 1 ədəd 10 kilovoltluq ayırıcı dəyişdirilmiş, Şərur stansiyasında alçaqgərginlikli 350 metr hava xətti yenilənmişdir.
Muxtar respublikamızda geniş vüsət alan tikinti-quruculuq işləri “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki obyektləri də əhatə etmişdir. Əksər idarə və yardımçı binalar ətraf əraziləri də daxil olmaqla müasir üslubda yenidən qurulmuş, həmin strukturlarda işçilər üçün hər cür şərait yaradılmışdır. Bu tədbirlərin davamı olaraq, noyabr ayında da Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılmış, rayon Yol Sahəsinin inzibati binasının və dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir. Hazırda İnfrastruktur İdarəsinin inzibati binasında, 110/35/10 kilovoltluq Naxçıvan dartı yarımstansiyası binasında və ətrafdakı bütün dəmiryol obyektlərində son tamamlama işləri aparılır.
Sərnişin və yükdaşımaların həcminin artırılmasına, təhlükəsiz və etibarlı nəqliyyat xidmətinin təmin olunmasına hesablanmış bu cür tədbirlər bundan sonra da diqqət mərkəzində saxlanılacaq, dəmir yolu nəqliyyatı sisteminin inkişafı istiqamətində ardıcıl tədbirlər görüləcəkdir.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR