22 Dekabr 2024, Bazar

Əhalinin, eləcə də istehsal və xidmət sahələrinin normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində işlər noyabr ayında da davam etdirilmiş, bu sahədə xidmətin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ötən ay ərzində muxtar respublikanın şəhər və rayonlarında təbii qaz istehlakçıları tərəfindən daxil olan müraciətlərə əsasən qazlaşdırılan yeni mənzillərin, fərdi evlərin və müxtəliftəyinatlı obyektlərin sayı 195 olmuşdur ki, onlardan 191-i əhali, 4-ü isə qeyri-əhali olmuşdur. Naxçıvan Muxtar Respublikasında fərdi və ümumi yaşayış evlərinin qazlaşdırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti işlərinin aparılması, su-kanalizasiya xətlərinin çəkilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq 20 min 478 paqonometr qaz kəmərlərinin yeri dəyişdirilmiş və ya yenilənmişdir.

 Payız-qış mövsümündə artan tələbata uyğun olaraq, təbii qaz istehlakçılarının fasiləsiz, təhlükəsiz yanacaqla təchiz olunması vacib şərtdir. Birliyin kollektivi bu istiqamətdə işlərini günün tələbləri səviyyəsində qurmuş, korroziyaya uğrayan qaz kəmərlərinin yeniləri ilə dəyişdirilməsi və qaz sızmalarının aradan qaldırılması təşkil edilmişdir. Bu dövr ərzində aşkarlanmış 1375 sızma aradan qaldırılmışdır. İstismara yararsız 3 min 967 ədəd qaz sayğacı yenisi ilə əvəz edilmiş, nasazlıq və qəzalarla bağlı daxil olan müraciətlərə vaxtında baxılaraq qazın nəqli bərpa olunmuşdur.

“Naxçıvanqaz” İstehsalat Birliyinin magistral qaz kəmərləri üzərində quraşdırılan və istismarda olan avtomat qazpaylayıcı stansiyalarda təbii qazın məişət və kommunal sənaye obyektlərinə, şəhər, rayon qaz şəbəkələrinə təmizlənmiş, odorizə olunmuş, kubmetrlərlə həcm miqdarı ölçülmüş halda verilməsi məqsədilə bütün zəruri işlər görülmüşdür. İstehlakçılarla bağlanmış müqavilələr əsasında təzyiqin saxlanılması üzrə texnoloji rejim gündüz və gecə rejimləri olmaqla müəyyənləşdirilmiş, sutka ərzində rejim və sərflərin qeydiyyatının aparılması nəzarətə götürülmüşdür. Qrafik üzrə müəyyən olunan vaxtlarda avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət göstərilmişdir.
Qış mövsümündə təbii qaza olan tələbat daha da artır, qaz nəqli sistemi daha artıq yüklənir və gərgin işləyir. Buna görə də sistemin bu dövrdə normal istismarı işini təmin etmək məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, ərazilər üzrə bütün sistem boyu qaz kəmərlərinə qazanalizatorlarla xətti nəzarət edilmiş, texniki baxış zamanı ortaya çıxan nasazlıq və qaz sızmaları aşkarlanıb aradan qaldırılmışdır. Maşın-mexanizmlərin və qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılmış, çətin şəraitdə etibarlı işləməsi üçün tam yararlı vəziyyətə gətirilmişdir. Bundan başqa, istismarda olan yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılmış katod elektrokimyəvi mühafizə qurğularına vaxtlı-vaxtında nəzarət olunmuş, xətdəki potensial fərq ölçü­lərək nəzarətdə saxlanmışdır.
Təhlükəsizlik tədbirlərinə əməl edilməsi və israfçılıq hallarına yol verilməməsi məqsədilə istehlakçılarla maarifləndirici söhbətlər noyabr ayı ərzində də davam etdirilmiş, bu istiqamətdə mütəmadi reydlər keçirilmiş, təbii qazdan səmərəli istifadə qaydaları izah olunmuşdur. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq, “Naxçıvanqaz” İstehsalat Birliyində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə tədbirləri, birliyin mülki müdafiə planının reallığının yoxlanılması təşkil edilmiş, ortaya çıxan çatışmazlıqlar aradan qaldırılmışdır.
Birliyin aid strukturlarının ixtisaslı kadrlarla təminatı da diqqət mərkəzindədir. Ötən ay şəhər, rayon Qaz İstismarı idarələrində çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşəsi üzrə kurslar təşkil edilmişdir.
Qaz təsərrüfatının normal fəaliyyətini təmin etmək məqsədilə qarşıdakı aylarda da bütün zəruri tədbirlər həyata keçiriləcəkdir. Muxtar respublikada qaz təchizatının səmərəliliyini artırmaq və qaz itkisini minimuma endirmək məqsədilə dekabr ayında görüləcək işlərin tədbirlər planı hazırlanmış və bu istiqamətdə işlərin icrasına başlanmışdır.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR