Muxtar respublikada müasir və etibarlı yol-nəqliyyat infrastrukturu yaradılmış, bu sahənin davamlı inkişafı təmin olunmuşdur. Son illər şəhər mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə belə, müasir standartlar səviyyəsində yollar tikilərək istifadəyə verilmişdir.
Yol-nəqliyyat şəbəkəsinin inkişafı istiqamətində müəyyənləşdirilən tədbirlər 2014-cü ilin noyabr ayında da davam etdirilmişdir. Noyabrın 12-13-də Naxçıvan Avtobus Parkında muxtar respublikada sərnişindaşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilmiş, “Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını yerinə yetirən sürücülərin intizam qaydaları” müzakirə edilmiş, sahibkarlarla birlikdə payız-qış mövsümünə hazırlığın vəziyyəti təhlil olunmuşdur.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsindən ayrı düşməsi avtomobil nəqliyyatı sahəsində əlaqələrin kəsilməsinə səbəb olmuşdur. Ona görə də İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı və Bakı-Naxçıvan marşrutu fəaliyyət göstərir. Hazırda bu marşrut üzrə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə məxsus 2 “Mersedes Benz-Traveqo”, habelə “M.Trans” şirkətinə və İran İslam Respublikasının “Didari Seyri Giti” şirkətinə məxsus avtobuslar fəaliyyət göstərir. Noyabr ayı ərzində avtobusların davamlı fəaliyyəti diqqət mərkəzində saxlanılmış, müvafiq təmir işləri görülmüşdür.Ötən ay Naxçıvandan Bakıya 93 reys baş tutmuş, 3 min 934 sərnişin daşınmışdır. Əks istiqamətdə daşınan sərnişinlərin sayı isə 2 min 445 nəfər olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın icrası ötən ay ərzində diqqət mərkəzində saxlanılmışdır. Hazırda şəhərdaxili nəqliyyata beynəlxalq standartlara cavab verən müasir avtobusların cəlb olunması, Naxçıvan şəhərində nəqliyyatın sıx olduğu yerlərdə piyada keçidlərinin yaradılması və ictimai nəqliyyat üçün yeni dayanacaqların quraşdırılması işləri davam etdirilir.
Xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə dövlət nəzarəti gücləndirilir. 2014-cü ilin noyabr ayı ərzində 16 fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 39 avtonəqliyyat vasitəsinə lisenziya kartları verilmişdir. Bu müddət ərzində avtonəqliyyat vasitələrinə vergi ödəyərək fərqlənmə nişanı alınması işinə diqqət artırılmışdır. Lisenziya almış avtomaşınların texniki müayinədən keçirilməsindən əldə olunmuş 4 min 400 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya rüsumu olaraq toplanmış 2 min 400 manat vəsait isə büdcəyə köçürülmüşdür. Noyabr ayı ərzində nazirlik tərəfindən sərnişindaşıma ilə məşğul olan avtobus və taksilərin təmizliyinə, sürücülərin geyim formasına və hərəkət qrafikinə nəzarət edilmiş, xüsusən axşam saatlarında şəhərdaxili marşrutların intensiv hərəkəti təmin olunmuşdur. Nəqliyyat vasitələrinin, eləcə də avtovağzal binalarının istilik sistemləri yoxlamadan keçirilmiş, sərnişinlərə keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür.
Nəqliyyat vasitələrinə nəzarət məqsədilə nazirliyin Reyd komissiyası Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə müxtəlif günlərdə 13 dəfə reyd keçirmiş, qanunsuz sahibkarlıqla məşğul olan sürücülər müəyyən edilərək onların barəsində müvafiq tədbirlər görülmüşdür. “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın icrasına nəzarət gücləndirilmişdir. Bu dövr ərzində yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilmiş, yükdaşımalarda təhlükəsizlik tədbirləri haqqında həmin sürücülərlə söhbətlər aparılmış və 160 nəqliyyat vasitəsinə “icazə kartı” verilmişdir.
Görülən tədbirlər nəticəsində muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəlmişdir. Belə ki, fəaliyyətdə olan 123 marşrut xətti üzrə hərəkət edən 296 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmiş, 485 taksidən 482-si fəaliyyətini davam etdirmişdir. Qış mövsümü ilə əlaqədar olaraq sərhəd kəndlərinə və ucqar dağ kəndlərində sərnişindaşıma işini həyata keçirən avtobusların hərəkətinə nəzarət artırılmışdır.
Yol-nəqliyyat infrastrukturunun inkişafına, nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinə hesablanmış tədbirlər bundan sonra davam etdiriləcək, əhaliyə göstərilən nəqliyyat xidmətinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə olunacaqdır.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti