22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması paytaxt Naxçıvan şəhərinin də simasını xeyli dərəcədə dəyişdirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Pro­qram”da qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Sənəddə nəzərdə tutulmuş yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhsil, səhiyyə və mədəniyyət infra­strukturunun inkişafı, habelə yeni inzibati və yaşayış binalarının tikintisi, eləcə də mövcud olanların yenidən qurulması işləri davam etdirilir.
Hazırda “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən Əziz Əliyev küçəsindən Naxçıvan Şəhər Avtovağzal Kompleksi istiqamətində, eyni zamanda avtovağzal kompleksindən başlayaraq İslam Səfərli və Nizami küçələri boyunca uzanan avtomobil yollarının yenidən qurulması davam etdirilir.

Görülən işlər nəticəsində İslam Səfərli küçəsində yol yatağı genişləndirilib, ümumi uzunluğu 3300 metr olan yolun 2620 metrədək olan hissəsinə asfalt örtük salınıb. Yolun eni 20 metrədək genişləndirilib, 15 santimetr qalınlığında asfalt döşənib. Hazırda yolda kommunikasiya xətlərinin dəyişdirilməsi işləri davam etdirilir.
Naxçıvan şəhərinin ən böyük tikinti obyektlərindən biri də Naxçıvan Muxtar Respublika Xəstəxanasının binasıdır. 2012-ci ilin avqust ayından başlayaraq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan binada ilkin mərhələdə binanın təməl hissəsinin daha da möhkəmləndirilməsi məqsədilə ətraf xüsusi beton örtüyü ilə əhatələnib, zirzəmidə üçmərhələli izolyasiya işləri aparılıb. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada tikinti işləri yekunlaşıb, su, elektrik, istilik xətlərinin çəkilişi başa çatdırılıb. Hazırda dam örtüyünün qurulması davam etdirilir, pəncərələrin şüşələri salınır, fasad hissədə birinci mərtəbənin divarları üzlük daşla üzlənir, binanın zirzəmi hissəsində döşəmə işləri aparılır. Binanın fasad hissəsi klassik və müasir memarlıq elementləri ilə zənginləşdiriləcək, üzlük daş, poliestr və digər yerli inşaat materiallarından istifadə olunacaq. Binada 109 palata yerləşəcək, dördkorpuslu xəstəxana binasının hər korpusunda yük və sərnişin liftləri olmaqla, 10 lift quraşdırılacaq.
Qeyd edək ki, işlər yekunlaşdıqdan sonra binanın zirzəmi hissəsində masaj salonu, SPA mərkəzi, hovuz, duş kabinələri, morq, həkim və tibb bacıları üçün otaqlar və xidməti yerlər yaradılacaq. Birinci mərtəbə stomatoloji kabinələr, təcili yardım, palatalar, fizioterapiya, ot vannası və Naftalan nefti ilə müalicə kabinələri, rentgen, əməliyyat otaqları üçün nəzərdə tutulub. Qalan mərtəbələr isə xəstəxananın şöbə və bölmələri, həkim və tibb bacıları, palatalar və digər müayinə və müalicə otaqları, laboratoriyalar, istirahət guşələri üçün ayrılıb. Binanın sonuncu mərtəbəsində geniş akt zalı, tibb təhsili alan tələbələr üçün siniflər və kafe yerləşəcək.
Bütün bunlarla bərabər, xəstəxana binasından 45-50 metr kənarda yeni bina da tikilir ki, hazırda bu binanın ikinci mərtəbəsində hörgü işləri aparılır, eyni zamanda dam örtüyünün qurulması davam etdirilir. İki mərtəbədən ibarət olacaq binada qazanxana, camaşırxana, elektrik və təsərrüfat otaqları, bufet və sair yerləşəcək.
Müasir layihə əsasında yenidən qurulan xəstəxana binası istifadəyə verildikdən sonra regionun ən nəhəng səhiyyə ocaqlarından biri olacaq.
Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin bir qolunu da yeni yaşayış binalarının tikilməsi, mövcud binaların əsaslı şəkildə yenidən qurulması təşkil edir. Hazırda “İstiqlal” küçəsindəki 91 nömrəli yaşayış binasında yenidənqurma işləri davam etdirilir. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan bina 36 mənzildən ibarətdir. Cari ilin iyun ayının sonundan başlayan əsaslı yenidənqurma işləri nəticəsində binanın təməli möhkəmləndirilib, eni 3 metr artırılıb.
Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri də elə adıçəkilən küçədə yeni yaşayış binasının inşa olunmasıdır. Zirzəmi ilə birlikdə səkkizmərtəbəli yaşayış binasının tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılır. Hazır­da binanın üçüncü və dördüncü mərtəbələrində daxildə suvaq işləri, beşinci mərtəbədə isə arakəsmələrin hörülməsi davam etdirilir. Sonuncu mərtəbədə isə beton-qəlib işləri yekunlaşdırılıb. Bina istifadəyə verildikdən sonra burada 12-si üç­otaqlı, 12-si ikiotaqlı, 6-sı isə bir­otaqlı olmaqla, ümumilikdə, 30 mənzil yerləşəcək.
Qeyd edək ki, bütün tikinti obyektlərində yerli inşaat materiallarına üstünlük verilməsi ilə yanaşı, işin keyfiyyətinə və təhlükəsizlik qaydalarına da ciddi əməl olunur.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR