22 Dekabr 2024, Bazar

Enerji təminatı məsələləri bəşəriyyətin qlobal problemlərindən biridir. Bu problemlərin həlli hər bir regionun özünəməxsus xüsusiyyətlərindən asılıdır.
1992-ci ildə Braziliyanın Rio de Janeyro şəhərində dünya ölkə­lərinin ekoloji təmiz enerji ilə təchiz edilmələrinin inkişafı haqqında qəbul edilmiş qərarın müddəalarından birinin əsasını “tədricən ənənəvi yanacaqların yandırılmasından alınan enerjidən alternativ (bərpa olunan) enerji mənbələrinin (Günəş, su, külək, biokütlə, yeraltı istilik və sair) enerjiyə keçilməsi” təşkil edir.
Dünyada sərf olunan enerjinin 90 faizdən çoxu ənənəvi yanacaqların payına düşür. Ənənəvi yanacaq ehtiyatlarının azalması, xammalın səmərəsiz işlədilməsi və eləcə də ətraf mühitin çirklənməsi vəziyyəti daha da ağırlaşdırır.

Bu amillər və enerjiyə tələbatın daim artması yeni – alternativ (bərpa olunan) enerji mənbələrinin tapılması tələbini ortaya çıxarır. Bərpa olunan enerji mənbələrinin müsbət cəhəti ondan ibarətdir ki, ondan istifadə zamanı enerji balansı tükənmir.
Naxçıvan Muxtar Respublikasında böyük miqdarda bərpa olunan enerji mənbələri vardır. Muxtar respublikada ən mühüm məsələlərdən biri bərpa olunan enerji mənbələrinin enerjisindən istifadə etməklə enerji təhlükəsizliyinin təmin edilməsidir.
Naxçıvan Muxtar Respublikası üçün ən perspektivli və üstünlük təşkil edən enerji mənbəyi tükənməz, bərpa olunan enerji mənbələridir. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 sentyabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda “muxtar respublikada alternativ enerjidən istifadə metodlarının tətbiqi və araşdırılmasının davam etdirilməsi” və “...alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi” maddələri öz əksini tapmışdır.
Naxçıvan Muxtar Respublikası ərazisində bərpa olunan enerji mənbələrindən istifadə edilməsi hesabına enerji potensialının inkişaf etdirilməsi böyük perspektivə malikdir. Hazırda Naxçıvan Muxtar Respublikası ərazisində bərpa olunan enerjinin inkişafının əsas istiqamətlərindən biri Günəş enerjisinin elektrik enerjisinə çevrilməsidir. Buna görə də gələcəkdə regionda Günəş şüalarının enerjisindən istifadə edilməsi üçün əsas diqqəti Günəş şüalarının enerji potensialının qiymətləndirilməsinə yönəltmək lazımdır.
Naxçıvan Muxtar Respublikasında il ərzində günəşli günlərin uzunluğu 2900-3000 saat təşkil edir. Günəşdən gələn radiasiya qismən atmosferdə səpələnir və göy qübbəsindən yerə səpələnmiş radiasiya şəklində gəlir. Muxtar respublikada il ərzində birbaşa radiasiyanın qiyməti yüksək dağlıq ərazilərdə 156 kkal/sm², Araz çayı vadisində 48 kkal/sm² -ə bərabərdir. Radiasiya balansı gündüzlər mart ayından noyabr ayınadək müsbət, dekabr ayından fevral ayınadək mənfi qiymətə bərabər olur.
Muxtar respublika ərazisində Günəş enerjisinin bərpa olunan enerji mənbələri arasında ən perspektivli olduğunu deyə bilərik. Naxçıvan Muxtar Respublikasında Günəş enerjisindən geniş istifadə olunmasına maneə ancaq onun dağlıq ərazidə yerləşməsidir. Bu maneəni isə yeni texnologiyaların tətbiqi ilə asanlıqla aradan qaldırmaq olar və bu istiqamətdə aparılan araşdırmalar öz bəhrəsini verməkdədir. Alınmış nəticələr onu deməyə imkan verir ki, Naxçıvan Muxtar Respublikası ərazisində Günəşin tükənməz enerjisindən istifadə etməklə kifayət qədər ucuz enerji hasil etmək mümkündür.
Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan alternativ enerji mənbələrindən biri də çayların enerji ehtiyatlarıdır. Naxçıvanın hidroenerji potensialından səmərəli istifadə olunur. Son illər tikilib istifadəyə verilən Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik Stansiyası, “Biləv”, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları muxtar respublikanın enerjiyə olan tələbatının ödənilməsində mühüm rol oynayırlar. Hazırda Ordubad Su Elektrik Stansiyasının tikintisi uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası ərazisində mövcud alternativ enerji mənbələrindən biri olan küləyin enerji ehtiyatları tükənməzdir.
Yer atmosferinin Günəş tərəfindən qeyri-bərabər qızdırılması zamanı atmosferdə temperatur fərqi yaranır; bu temperatur fərqindən əmələ gələn hava kütləsinin hərəkətinə külək deyilir. Hələ eramızdan əvvəl insanlar külək enerjisinin mexaniki enerjiyə çevrilməsinin çox sadə üsullarını bilirdilər (yel dəyirmanı, su quyuları, yelkənli gəmilər və sair). XIX əsrin axırlarında – 1890-cı ildə dünyada ilk dəfə olaraq Danimarkada birinci külək elektrik stansiyası quraşdırıldı.
Külək elektrik stansiyalarının üstün cəhətlərindən biri də burada faydalı qazıntılardan istifadə edilmə­məsidir. Əgər 1 Mvt gücə malik külək elektrik generatorunu 20 il işlətsək, bu, 29000 ton daş kömürə və ya 18000 ton neftə qənaət etmək deməkdir. 1 Mvt gücə malik külək elektrik generatoru 1 ildə 1800 ton karbon qazının (CO2), 9 ton kükürd qazının (SO2), 4 ton azot oksidinin atmosferə buraxılmasının qarşısını alır.
Naxçıvan Muxtar Respublikası ərazisində külək enerjisindən istifadə edilməsi ucuz, tükənməyən elektrik enerjisi ixracına imkan yaradar.
Naxçıvanın yerləşdiyi coğrafi mövqe onu bir-birləri ilə qarşılıqlı təsirdə olan iki hava axınından: şimaldan gələn (şimal, şimal-qərb və şimal-şərq) arktik mənşəli soyuq hava axını və cənubdan gələn (cənub və cənub-qərb) tropik mənşəli isti hava axınından asılı edir. Bu hava kütlələrinin hərəkəti nəticəsində Naxçıvan Muxtar Respublikasının hüdudlarında əlahiddə xüsusiyyətə malik hava axını cərəyan edir.
Culfa şəhəri yaxınlığında, Araz vadisinin geniş hissəsində olan hava kütlələri onun ensiz olan hissəsindən çıxmağa can atdığı zaman güclü qasırğalı yerli küləklər əmələ gəlir.
Naxçıvan Muxtar Respublikasının rayonlarında küləyin enerji ehtiyatlarının qiymətləndirilməsi üçün küləklərin orta illik sürətlərinə uyğun olaraq, rayonları zonalara bölmüşük: birinci ən çox küləkli zonaya Culfa şəhəri, Ordubad rayonu, Şahbuz rayonu, ikinci küləkli zonaya Naxçıvan şəhəri, Şahbuz şəhəri, Ləkətağ kəndi, Haçadağ (Culfa rayonu) və Gərməçataq kəndi (Babək rayonu), üçüncü küləkli zonaya Şərur, Sədərək və Kəngərli rayonları daxildir.
Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının ərazisində küləyin enerjisindən istifadə etməklə uzaq dağlıq ərazilərdə yerləşən yaşayış yerlərinin, kənd təsərrüfatı obyektlərinin və sairlərin stasionar qaydada enerji ilə təchizat problemlərini həll etmək olar.
Bərpa olunan enerji növlərindən biri də Darıdağ geotermal sularının enerjisidir. Darıdağ termal sularını praktik olaraq aşağıdakı məqsədlər üçün istifadə etmək olar:
– elektrik enerjisi hasilatında qızmış su kimi;
– kommunal obyektlərin istiliklə təmin olunmasında termal su kimi;
– müalicə məqsədi ilə kimyəvi elementlərin qatışığından ibarət olan su kimi;
– sənaye üçün kimyəvi duzlar şəklində xammal kimi.
Darıdağ arsen mənşəli geotermal mineral su mənbəyi ən qiymətli mənbə sayılır. Hələ qədim dövrlərdən başlayaraq Darıdağ geotermal mənbələrin isti su və buxar qarışığı dağ süxurlarının çatlarından təbii yolla yerin səthinə çıxaraq ulu babalarımız tərəfindən müalicə məqsədləri üçün istifadə olunurdu. Haliyədə qazma quyusu vasitəsilə dərinlikdən yerin üstünə çıxarılmış Darıdağ geotermal suyunun temperaturu 52 dərəcə, minerallaşması 14 qr/litr, bir gün ərzində bir quyudan çıxan suyun miqdarı (debit) 4,5 milyon litrdir.
Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan bioloji resursların enerjisindən istifadə edilməsi iqtisadi baxımdan sərfəli deyil.
Bütün bunların praktik olaraq həyata keçirilməsi üçün bərpa olunan enerji mənbələrindən kompleks şəkildə istifadə imkanları öyrənilmiş və istehlakçıların stasionar qaydada enerji ilə təmin olunmaları üçün bərpa olunan enerji mənbələrinin əsasında müasir tələblərə cavab verə bilən enerji sistemlərinin yerləşdiriləcəkləri yerlər seçilmişdir.
Beləliklə, aparılan tədqiqatlar bizə Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji mənbələrinin böyük ehtiyatlarının olduğunu və bu enerjidən istifadə edilməsinin iqtisadi cəhətdən sərfəli olduğunu deməyə əsas verir. Bütün bunlar nəzərə alınaraq muxtar respublikamızda bərpa olunan alternativ enerji mənbələrindən istifadə edilməsinə ciddi diqqət yetirilir. Bu il noyabrın 24-də Günəş enerjisindən istifadə olunması məqsədilə Naxçıvana dəvət olunmuş Belçikanın “Soltehc” şirkətinin nümayəndələri ilə muxtar respublikanın bu sahə üzrə mütəxəssisləri arasında müzakirələr aparılaraq perspektivlər nəzərdən keçirilib, Günəş enerjisindən istifadə üzrə yeni innovativ layihələrin imkanları qiymətləndirilib.
Muxtar respublikamızın enerjiyə olan ehtiyacının bərpa olunan enerji mənbələri hesabına ödənilməsi üçün belə layihələrin tətbiqi gələcəkdə böyük perspektivlər vəd edir.

Məhbub KAZIMOV
AMEA Naxçıvan Bölməsinin elmi işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR