22 Dekabr 2024, Bazar

 “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaradıb. Bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. 

“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. 88 kilometrlik Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistralı, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd və uzunluğu 25,6 kilometr olan Hacıvar-Sirab-Vayxır avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təkcə bir faktı qeyd edək ki, son 19 ildə muxtar respublikamızda 3221 kilometr uzunluğunda yeni avtomobil yolu salınıb ki, bu da 1924-1995-ci illər ərzində salınmış 1320 kilometr uzunluğunda avtomobil yollarından 2,4 dəfə çoxdur. Cari ildə də yol infrastrukturunun yenidən qurulması mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin Baş direktoru Bəhruz Əsgərov bizimlə söhbətində qeyd etdi ki, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalı üçün möhkəm zəmin yaradılıb, müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib. Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, şirkət istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınmasında mühüm rol oynayan müasir mexanizmlərlə təmin olunub. Bu da, təbii ki, genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilən muxtar respublikamızda yol infrastrukturunun yenidən qurulmasına əlverişli şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin kollektivləri cari ildə də respublika və yerli əhəmiyyətli yollarda əsaslı və cari təmir işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərib. Naxçıvan şəhərinin Qaraçuq kənd dairəvi avtomobil yolunda su keçidləri salınıb, yol əsası bərkidilib, yola asfalt-beton örtük salınıb.
Şərur rayonunda daxili avtomobil yollarında cari təmir işləri aparılıb, Püsyan kəndinə gedən avtomobil yoluna su keçidləri salınıb, suaparıcı kanal çəkilib, giriş avtomobil yoluna asfalt-beton örtük salınıb. Dizə-Axura kənd avtomobil yolu yenidən qurulub, Axura kənd avtomobil yolunun 2,7 kilometrinə yeni asfalt örtük salınıb, əsaslı təmir işləri aparılıb. Yol boyu 266 metr uzunluğunda beton kanal çəkilib, 2 körpü əsaslı, 1 körpü isə cari təmir olunub, 16 su keçidi tikilib. Kürkəndə giriş avtomobil yoluna su keçidi salınıb, suaparıcı kanal çəkilib, yol əsası bərkidilib, yola asfalt-beton örtük verilib. Bundan başqa, Diyadin kəndi ərazisində 1580 metr, Tumaslı kəndi ərazisində 600 metr məsafədə kənddaxili avtomobil yollarına asfalt-beton örtük salınıb, 340 metrlik beton kanal və 8 su keçidi tikilib.
Babək rayonunda da daxili avtomobil yollarında cari təmir işləri aparılıb, Qoşadizə-Babək avtomobil yolu yenidənqurma işləri aparılaraq genişləndirilib, borular salınıb, yol əsası bərkidilib. Həmçi­nin Yarımca-Qahab-Nəcəfəlidizə-Naxış­nərgiz avtomobil yolu yenidən qurulub, yol yatağı genişləndirilib. Hərəkət hissəsinin eni 8 metr, uzunluğu 14,5 kilometr olan yola asfalt-beton örtük salınıb, 4 sel­ötürücü, 75 suötürücü tikilib, yolun kənarı boyunca 1211 metr məsafədə kanal çəkilib. Nəcəfəlidizə kəndinin giriş avtomobil yolunda 8 paqonometr uzunluğunda körpü inşa olunub.
Culfa rayonunda daxili avtomobil yollarında və Culfa-Ordubad, Nəhəcir və Darıdağ Arsenli Su Müalicəxanasına gedən avtomobil yollarında cari təmir işləri, Əbrəqunus-Teyvaz avtomobil yolunda səthi emal işləri aparılıb. Dizə-Gal-Şurud avtomobil yolunda təmir işləri davam etdirilir.
Ordubad şəhərində şəhərdaxili avtomobil yolunda cari təmir və asfalt-beton işləri görülüb, Aşağı Əylis kənddaxili avtomobil yollarında təmir işləri aparılıb, 1250 metr məsafədə asfalt-beton örtük salınıb.
Ərazisi dağlıq və dağətəyi zonadan ibarət olan Şahbuz rayonunda şəhərdaxili avtomobil yollarında su keçidləri salınıb, rayondaxili avtomobil yollarında, Sələsüz və Külüs-Keçili kənd avtomobil yollarında təmir işləri aparılıb. Gömür kəndindəki daxili avtomobil yolunda isə yenidənqurma işləri həyata keçirilib. Qarababa-Mahmud­oba-Nursu avtomobil yolu yenidən qurularaq asfalt-beton örtük salınıb.
Keyfiyyətli asfalt-beton istehsalı da diqqət mərkəzində saxlanılıb, cari ilin ötən dövründə 82 min 85 ton asfalt-beton istehsal olunub. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib, regionumuzda mövcud olan 274 kilometr dövlət əhəmiyyətli, 1199 kilometr isə yerli əhəmiyyətli avtomobil yollarında hərəkətin intensivliyinin təmin olunmasına əlverişli şərait yaradılıb.
2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirildiyini bildirən Bəhruz Əsgərov onu da vurğuladı ki, leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi məqsədilə bütün texnikalar saz vəziyyətə gətirilib. Fəhlə və mexanizatorlar mövsümlə əlaqədar iş paltarları ilə təmin olunublar. Ümumilikdə, 10 ədəd avto­qreyder, 24 ədəd özüyükünboşaldan avtomaşın, 20 ədəd buldozer, 1 ədəd qumsəpən avtomaşın, 2 ədəd ekskavator, 1 ədəd qarsovuran mexanizm, 4 ədəd yükləyici ekskavator və 4 ədəd avtoyükləyici muxtar respublikamızın ayrı-ayrı rayonlarının, ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarında yarana biləcək hər hansı maneənin vaxtında aradan qaldırılması üçün tam hazır vəziyyətdədir. Həmçinin avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqət mərkəzində saxlanılıb, Şorsu massivindən xammal daşınaraq Naxçıvan Asfalt-Beton Zavodunda qurulmuş qum-çınqıl karxanasında üyüdülərək ehtiyat yaradılıb.
Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, qarlı-çovğunlu günlərdə istər magistral, istərsə də rayon mərkəzlərini ucqar dağ və sərhəd kəndləri ilə birləşdirən yerli əhəmiyyətli yollarda hərəkətin intensivliyi operativ surətdə təmin ediləcəkdir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR