Qarabağlar kəndi Kəngərli rayonunun qədim və ən böyük yaşayış məntəqələrindən biridir. Son illər burada həyata keçirilən quruculuq tədbirləri kəndin simasını tamamilə dəyişib.
2009-cu ildə 2 nömrəli kənd tam orta məktəbin, kənd mərkəzinin, həkim ambulatoriyasının istifadəyə verilməsi, kəndarası yollara qara örtük salınması bu sahələrdə olan mövcud problemlərin aradan qaldırılmasını təmin edib. “Muxtariyyət ili”ndə yeni quruculuq tədbirlərinə start verilib. Belə ki, hazırda bir neçə ünvanda tikinti işləri aparılır. Onlardan biri 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni binadır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb binasının yerləşdiyi ərazi 8 hektara yaxın sahəni əhatə edir. Binada son tamamlama işləri, məktəbin yerləşdiyi ərazidə abadlıq tədbirləri həyata keçirilir.
Qarabağlarda inşa olunan daha bir obyekt isə xidmət mərkəzinin binasıdır. Burada sənaye və təsərrüfat malları mağazaları, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları öhdələrinə götürdükləri obyektlərin tikintisini keyfiyyətlə və vaxtında başa çatdırmaq üçün əzmkarlıq göstərirlər.
Xəbərlər şöbəsi