Naxçıvanda enerji təhlükəsizliyi məsələlərinin həll olunmasında növbəti mərhələ kimi bərpaolunan alternativ enerji mənbələrindən istifadəyə geniş yer verilir. Hazırda dünyada Günəş, külək və bioqaz enerji mənbələrindən istifadə həm ekoloji təmizliyi, həm də tükənməzliyi ilə diqqəti cəlb edir. Muxtar respublikamızın da enerji ehtiyaclarının tamamilə yerli imkanlar hesabına ödənilməsi üçün belə layihələrin tətbiqi gələcəkdə böyük perspektivlər vəd edir. Qeyd edək ki, Naxçıvandakı küləkli və günəşli günlərin enerji potensialından istifadə olunması mühüm dövlət proqramlarında da öz əksini tapıb.
Noyabrın 24-də Naxçıvan Biznes Mərkəzində Günəş enerjisindən istifadə olunması məsələləri üzrə Naxçıvana dəvət olunmuş belçikalı qonaqlar – “Soltehc” şirkətinin baş meneceri Mişel Kallerami, şirkətin mühəndisi Jerome Alba və Belçikanın Lommel şəhəri merinin məsləhətçisi Elnur Əliyevlə muxtar respublikamızın bu sahə üzrə mütəxəssisləri arasında müzakirələr aparılaraq perspektivlər nəzərdən keçirilib, Naxçıvanda Günəş enerjisindən istifadə üzrə yeni innovativ layihələrin imkanları qiymətləndirilib.
Həmin gün qonaqlar Naxçıvan Biznes Mərkəzində yerli məhsulların sərgisi, Naxçıvanın gəzməli, görməli yerləri, tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olublar.
Xəbərlər şöbəsi