22 Dekabr 2024, Bazar

İnkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyə tam nail olunması bütün iqtisadi resursları dövriyyəyə cəlb edə bilən və bununla onların səmərəli istifadəsinə şərait yaradan sənaye məhsulu istehsalından keçir. Sənaye həm də regional inkişafda mühüm rol oynayır. Keçmiş dövrə məxsus mülahizələrin əksinə olaraq, sənaye müəssisələrinin regionlarda təşkili əhalinin məşğulluq problemlərinin həllindən əlavə ucuz xammal ehtiyatlarından səmərəli istifadə olunmasına, iri şəhərlərdə yol-nəqliyyat problemlərinin yaranmamasına, ekoloji vəziyyətin böhran səviyyəsinə çatmadan nəzarətdə saxlanmasına şərait yaradır.

 Ölkəmizin regional inkişaf strategiyası müstəvisində sənaye istehsalına verilən diqqət hələ neçə illər öncəsindən Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında öz bəhrəsini verməyə başlamışdır. Məlum çətinliklərə baxmayaraq, qısa müddət içərisində regionda çoxçeşidli sənaye məhsulu istehsalına nail olunması və ixracyönümlü məhsul istehsalına başlanılması sənayenin inkişafının yalnız mərkəz və ona yaxın ərazilərdə mümkün ola biləcəyinin ən tutarlı inkarıdır. Naxçıvanda artıq sübut olunmuşdur ki, işgüzarlıq və təşkilatçılıq olan yerdə hər bir yerli xammaldan səmərəli istifadə etmək və onun əsasında sənaye müəssisəsi qurmaq mümkündür. 

Lakin muxtar respublikanın müasir sənaye potensialına qovuşması asan olma­mışdır. Belə ki, 1924-cü ildə yaradılan muxtar respublikanın sənaye potensialı barmaqla sayıla biləcək kustar üsulla işləyən və əsasən də, yüngül və yeyinti sahələrinə aid olan müəssisələrdən ibarət idi.
Tarixə dönüb baxsaq, görərik ki, 1965-ci ildə muxtar respublika sənayesi cəmi 40 adda məhsul istehsal edirdi. Bunun səbəbləri isə 1956-cı ildən başlayaraq muxtar respublika iqtisadiyyatında yerli xammaldan asılı olan sahələrin durğunluq dövrü keçirməsi, ənənəvi kənd təsərrüfatı sahələrinin xammalını emal edən sənaye sahələrinin tənəzzülü idi. Belə ki, həmin dövrdə muxtar respublikada yeyinti sənayesinin həcmi 5 faiz artmış, o dövr üçün respublikanın kimya sənayesinin inkişaf etdirilməsi üçün çox lazımlı xammal olan duz hasilatına ciddi fikir verilməmişdi. Muxtar respublikanın iqtisadiyyatı əvvəlki kimi xammal bazası rolunu oynayan kənd təsərrüfatı yönümlü istiqamətdə inkişaf etdirilirdi.
Azərbaycanın yeni tarixinin başlandığı 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə bütün respublikada olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da iqtisadi-mədəni həyatında köklü dəyişikliklər baş vermişdir. Bu dövrdən başlayaraq respublikanın aqrar rayonlarının inkişafına ciddi diqqət yetirilmişdir. Belə ki, 1970-1975-ci illərdə muxtar respublikanın xalq təsərrüfatının müxtəlif sahələrinə əsaslı vəsait qoyuluşunun həcmi buna qədərki 46 ildəkindən, yəni 1925-1970-ci illərdəkindən xeyli çox olmuşdu. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun artımı 1970-1985-ci illər arasındakı dövrdə dəfələrlə artım dinamikası ilə müşayiət olunmuşdur. Beləliklə, respublika üzrə sənaye məhsulu istehsalında muxtar respublika sənayesinin xüsusi çəkisi artaraq 1970-ci ildəki 1,1 faiz səviyyədən 1985-ci ildə 2,3 faiz səviyyəsinə çatmışdı.
Bu dövrdə bir sıra sənaye məhsulları – daşduz, mineral sular, alt trikotaj məmulatları, konserv, ipək xammalı, şərab, üzlük travertin istehsalında Naxçıvan Muxtar Respublikası Azərbaycanda əsas paya sahib olmuşdu. Yerli tələbatın ödənilməsi ilə yanaşı, bu dövrdə muxtar respublikada istehsal olunan travertin üzlük plitələr ittifaqın digər yerlərinə və xarici ölkələrə də ixrac olunurdu.
Bütövlükdə, 1969-1987-ci illər arasında muxtar respublikada sənayenin yüksələn xətlə inkişafı iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan vermiş, 1985-ci ildə iqtisadiyyatın bütün sahələrində işləyənlərin ümumi sayı 1975-ci ildəki müvafiq göstəricidən 2,1 dəfə çox olmuşdur.
1987-1993-cü illərdə baş verən məlum hadisələr Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına ciddi ziyan vurmuşdur. Hələ 1985-ci ildən başlayaraq ittifaqın Azərbaycan da daxil olmaqla bir sıra respublikalarının iqtisadiyyatına zərbə vuran dırnaqarası islahat məqsədli qərarlar üzümlüklərin məhvinə və buna bağlı emal sənayesi sahələrinin işini iflic etməyə yönəlmişdi. Bundan sonra cərəyan edən hadisələr, o zamankı sovet rəhbərliyinin Azərbaycana qarşı zidd siyasəti, Ermənistanın işğalçılıq hərəkətləri, bütövlükdə, respublikanın və blokada vəziyyətinə salınmış Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına, onun sənayesinin inkişafına mənfi təsir göstərmişdir. 1990-1993-cü illərdə xalqımızın xilaskarı Heydər Əliyevin Naxçıvandakı gərgin fəaliyyəti təkcə onun iqtisadiyyatının deyil, bir muxtariyyət kimi özünün də məhv olmasının qarşısını aldı. Dahi şəxsiyyətin səyləri ilə 1991-1992-ci illərdə qonşu Türkiyə və İran respublikaları ilə yaradılmış əlaqələr blokadada yaşayan muxtar respublikanın həyati vacib problemlərinin həllində mühüm rol oynadı. Bu dövrdə Naxçıvanda aparılmış ciddi islahatlar təkcə ölkə­mizin bazar iqtisadiyyatına keçid mərhələsində ilklərdən olmamış, daha sonrakı iqtisadi islahatların da uğurlu təcrübəsi olmuşdur.
1993-2003-cü illər hər bir azərbaycanlının həyatında silinməz iz qoymuşdur. Bu dövr təkcə iqtisadi və mədəni həyatın müəyyən bir sahəsindəki irəliləyişlərlə deyil, eyni zamanda ölkənin bütövlüyünün qorunmasındakı misilsiz xidmətlər və Azərbaycanın ən yeni tarixinin başlanğıcının qoyulduğu günlərlə yadda qalmışdır. Ağır blokada şəraitində yaşayan Naxçıvanda 1996-cı ildən başlayan quruculuq və inkişaf xətti sonrakı illərdə özünü bütün ölkədə nümunə kimi göstərilən ilklərlə doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşmüşdür.
Bu dövrə Naxçıvanda iqtisadiyyatın aparıcı sahəsi kimi sənayenin inkişaf etdirilməsi istiqamətində atılan qəti addımlar dövrü deyə bilərik. Regionun iqtisadi təhlükəsizliyinin təmin olunması üçün bu, çox vacib idi. Fəaliyyətini dayandırmış sənaye müəssisələrinin yenidən işə salınması və yeni müəssisələrin yaradılması sayəsində 2003-cü ildə 1993-cü ildəkinə nisbətən 3,4 dəfə çox sənaye məhsulu istehsal olunurdu. Artıq bu dövrdə muxtar respublikanın aqrar regiondan aqrar-sənaye regionuna çevrilməsi üçün etibarlı zəmin yaradılmış, mühüm istehsal və bazar infrastrukturu formalaşdırılmış, sosial infrastruktur yenilənməyə başlanmışdı. Və ümumilikdə, bu mərhələ Naxçıvan Muxtar Respublikasında bütün sahələri əhatə edən yüksəlişin başlanğıc, kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçmə dövrüdür. Belə ki, 1993-cü ilə nisbətən 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Ümumi Daxili Məhsulunun həcmi 6,8 dəfə, əhali gəlirləri isə 10,5 dəfə artmışdır.
2004-cü ildən ölkəmizdə həyata keçirilən regional inkişaf proqramlarının Naxçıvan Muxtar Respublikasında da uğurlu icrası iqtisadiyyatın bütün sahələri ilə yanaşı, sənayenin də güclü inkişafına gətirib çıxarmışdır. Naxçıvan qısa müddət ərzində işçi göndərən regiondan əcnəbi işçi qəbul edən regiona çevrilmişdir.
Naxçıvan Muxtar Respublikasında 2003-cü ildən başlayaraq davam edən intibahın növbəti mərhələsi həyatın bütün sahələrində davam etməkdədir. Muxtar respublikada insanların rifahının yüksəlməsinə yönəlmiş siyasət, ilk olaraq, özünü daha çox elm və əmək tutumlu, innovativ yüklü sənaye sahələrinin yaradılması istiqamətində göstərir. Ölkə başçısının iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması və neftdən asılılığın aradan qaldırılması istiqamətində müəyyən etdiyi strategiyaya uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında həm yerli xammala əsaslanan, həm də yüksək texnologiya bazalı sənaye müəssisələrinin yaradılması işi uğurla davam etdirilir. Özəl sektora göstərilən qayğı və diqqət, sahibkarlığın dəstəklənməsi konkret olaraq öz nəticəsini sənaye sahəsində də göstərmişdir. Xammal ixracı yerinə hazır məhsul ixracının daha sərfəli olduğunun bir aksiom kimi qəbul edildiyini bir daha xatırladaraq bu rəqəmlərin müqayisəsi yerinə düşər: 2003-cü illə müqayisədə 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun həcmi 49 dəfə, ixracın həcmi isə 96,6 dəfə artmışdır. Üzərində “Naxçıvan Muxtar Respublikasında istehsal olunmuşdur” etiketli yüzlərlə adda məhsul buraxan müəssisələr indi Naxçıvanı bir sənaye regionu kimi təkcə ölkəmizdə deyil, yaxın regionda tanıdır, yaxın-uzaq onlarla ölkə ilə idxal-ixrac əlaqələri uğurla davam etdirilir.
Hazırda Naxçıvan Muxtar Respublikasının sənaye inkişafı göstəriciləri çox qabarıqdır. 2003-cü illə müqayisədə regionda sənaye müəssisələrinin sayı 7 dəfə artaraq 2013-cü ildə 438-ə çatmışdır. Sənayenin regionda aparıcı mövqeyə gəlib çatması onun kütləcə həcminin artmasına da səbəb olmuşdur. Belə ki, 2013-cü ildə istehsal olunmuş 2 milyard 339 milyon manat həcmli Ümumi Daxili Məhsulda sənaye 862 milyon 871 min manat həcmlə ilk yeri tutmuşdur. 2013-cü ildə muxtar respublikanın sənaye müəssisələrində 15385 nəfər işçi çalışmışdır ki, bu da 2003-cü ildəki müvafiq göstəricini 5,4 dəfə üstələmişdir. Muxtar respublikanın sənaye sahəsində orta aylıq əməkhaqqının səviyyəsi 2013-cü ilin sonuna 356,3 manata çatmaqla, 2003-cü ildəki müvafiq göstəricidən 4,7 dəfə çox olmuşdur. Ötən ildən Naxçıvan Muxtar Respublikasında sənaye parklarının yaradılmasına başlanılması gələcəkdə bu mühüm sahənin daha da genişləndirilməsinə imkan verəcəkdir.
Hazırda muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Təkcə 2014-cü ilin yanvar-oktyabr aylarında sənayedə 743 milyon 886 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir. Muxtar respublika sənayesində 116 növü ərzaq, 234 növü qeyri-ərzaq olmaqla, 350 növdə məhsul istehsal olunmaqdadır. Əlbəttə, bu, son hədəf deyildir. Muxtar respublikanın malik olduğu potensial, insan resursları daha çox növ və çeşiddə sənaye məhsulu istehsal etməyə imkan verir. Bölgənin təbii ehtiyatları, işgüzar fəaliyyətin dəstəklənməsi və tranzit imkanları burada daha geniş istehsalyönümlü layihələrin həyata keçirilməsi imkanları yaradır.

Qarşıya qoyulmuş məqsəd aydın olanda çatılması mümkün olmayan hədəf yoxdur. Hələ on il əvvəl Naxçıvanda avtomobil istehsal olunacağını düşünəndə bunun, bəlkə də, çətin iş olduğunu deyə bilərdilər. Ancaq bunun real olduğunu görüb, onu da düşünürsən ki, istənilən şəraitdə, hər hansı çətinliklər olduqda belə, ürəyində Vətən sevgisi, çalışmaq əzmi olan hər kəs uğur qazanacaqdır. Naxçıvanın, naxçıvanlıların tarixin dönüş anlarındakı bu uğurları da onların sədaqətinin, gələcəyə inamının, rəhbəri ətrafında sıx birləşmələrinin qələbəsidir. Bu, onların tarixi muxtariyyət qələbəsidir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR