Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr həyata vəsiqə alıb.
Belə müəssisələrdən biri də “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Panel-Radiator və Dam Örtükləri Zavodudur. Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaranıb. Ümumi ərazisi 10 min 330 kvadratmetr olan zavodda Almaniya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılan zavodda illik istehsal gücü 90 min metr olan panel-radiator istehsalı sahəsində 60x50 və 50x50 santimetrdən 3 metrə qədər ölçülərdə panel-radiator istehsal edilir. Gündəlik istehsal gücü 4800 kvadratmetr olan dam örtükləri istehsalı sahəsində isə uzunluq ölçüsü sifarişçi tərəfindən verilən, 105 santimetr enində rəngli və rəngsiz dam örtükləri istehsal olunur. Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, hazırda bu problem aradan qaldırılıb.
Bütün bunlar barədə məlumat verən mühəndis Anar Bağırov onu da qeyd etdi ki, müəssisədəki keyfiyyətə nəzarət sistemi istifadə olunan materialların və hazır məhsulların davamlılığını, uzunömürlülüyünü artırır. Xammal Türkiyə Respublikasından idxal olunur. Burada istifadə olunan materialların bir qismi isə Naxçıvana məxsusdur. Təcrübəli mütəxəssislərin çаlışdığı müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal əmək şəraiti yaradılıb. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir. Kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş texnoloji avadanlıqlar vasitəsilə verilən sifarişə uyğun işlər avtomatik olaraq yerinə yetirilir. Panel-radiatorun ayrı-ayrı detalları müxtəlif mərhələlər keçməklə hazırlanıb avtomatik qaynaq edilir və qaynaq işlərinin keyfiyyəti 8-9 atmosfer təzyiqlə test-yoxlamadan keçirilir. Sonra isə iki mərhələdə boyaq işləri görülür. Birinci mərhələdə panel-radiator sulu boya ilə boyanıb xüsusi sobada 170 dərəcə istilikdə, ikinci mərhələdə isə tunel sobada 24 dəqiqə ərzində 215 dərəcə istilikdə elektrostatik toz boya ilə boyanıb qurudulur. Hazır məhsul xüsusi avadanlıqlarda paketlənib sifarişçilərin ünvanlarına göndərilir. Dam örtükləri istehsalı sahəsində isə dəmir listlər xüsusi qəliblərdə sıxılıb sifarişə uyğun kəsilir. Rəngli dam örtükləri tunel sobada xüsusi texnologiya – elektrostatik toz boya ilə boyanır.
Müəssisədə fəaliyyət göstərən laboratoriyada müasir avadanlıqlar quraşdırılıb ki, bu da istər xammal, istərsə də hazır məhsulların keyfiyyət göstəricilərinə nəzarəti təmin edir. Hazırlanan məhsullar muxtar respublikamızda fəaliyyət göstərən ayrı-ayrı ticarət obyektlərində və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Bakı şəhərində fəaliyyət göstərən satış mərkəzi vasitəsilə ölkəmizin digər regionlarında və xarici bazarlarda satışa çıxarılır. “Cahan” İnşaat Materialları satış mərkəzində və digər topdansatış bazalarında ayrı-ayrı rayonlardan gəlmiş alıcılar – Əliyar Quliyev, Nizami Məhərrəmov, Sahib Qədimov, Cahangir Qafarov və başqaları keyfiyyət göstəriciləri ilə seçilən bu məhsulların xaricdən idxal edilən eyniadlı məhsullardan daha münasib qiymətə satışa çıxarıldığını bildirdilər.
Məhsulları keyfiyyəti ilə seçilən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Panel-Radiator və Dam Örtükləri Zavodu qısa zamanda rəqabətqabiliyyətli müəssisəyə çevrilib. Burada istehsal olunan məhsullar daxili və xarici bazarlarda özünə xeyli alıcı toplayıb. Müəssisədə istehsal olunan məhsulların xarici bazarlarda tanıdılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, biznes-forumlarda və sərgilərdə yaxından iştirak edilir, istehsal olunan məhsullar nümayiş etdirilir, xarici şirkətlərin nümayəndələri ilə fikir mübadilələri aparılır, bu sahə ilə məşğul olan sahibkarların təcrübələrindən bəhrələnməklə xarici bazarlardan daha çox alıcı cəlb edilməsinə çalışılır. Həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, istehsal edilən keyfiyyətli məhsulların xarici ölkələrə ixracı və satışı təmin edilib. Cari ildə də bu mühüm əhəmiyyətli sahə diqqət mərkəzində saxlanılıb, ötən 10 ayda tələbata uyğun müxtəlif ölçülərdə 1576 ədəd panel-radiator və 24 min 652 kvadratmetr dam örtüyü istehsal olunub, anbarda yaradılan ehtiyatla birlikdə 2240 ədəd panel-radiator və 37 min 265 kvadratmetr dam örtüyü satışa çıxarılıb.
Son illər həyata vəsiqə alan istehsal müəssisəsi daxili və xarici bazarı yüksəkkeyfiyyətli sənaye məhsulları ilə təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaradıb, burada 51 nəfər daimi işlə təmin edilib. İşçilərdən Həsən Ələkbərov, Cabir Sadiqov, Nizami Rəhimov, Ağa Ağazadə və başqaları onlara yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Qeyd etdilər ki, yüksək əməkhaqqı, xüsusi geyim formaları, gündə bir dəfə isti yemək və servis xidməti ilə təmin olunan kollektiv bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edib satışa çıxarılması üçün mövcud imkanlardan səmərəli istifadə etməyə bundan sonra da səy göstərəcək.
Kərəm HƏSƏNOV