Ötən il Şərur rayonunun Zeyvə kəndində yaradılan quşçuluq təsərrüfatında keyfiyyətli məhsul istehsal olunur
Son illər respublikamızda aparılan uğurlu islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Güclü investisiya qoyuluşu, müasir texnologiyaların tətbiqi, idarəetmə təcrübəsi rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin açılmasına və nəticə etibarı ilə, xalqın maddi rifahının yüksəldilməsinə şərait yaratmışdır. Sahibkarlığın inkişafı muxtar respublikamızda da diqqət mərkəzində saxlanılır.
Bunun nəticəsidir ki, təkcə 2012-ci ildə muxtar respublikada əvvəlki illə müqayisədə 15,7 faiz çox, daha dəqiq desək, 799 milyon 492 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənaye sahəsində inkişafın dinamikliyinin qorunub saxlanması üçün yeni istehsal və xidmət obyektlərinin fəaliyyətə başlaması davamlı olaraq dəstəklənməkdədir. 2012-ci ildə yerli xammaldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən müxtəlif təyinatlı istehsal və xidmət müəssisələri yaradılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 115 növdə, 335 çeşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq məhsulları istehsal edilir. 106-sı ərzaq və 224-ü qeyri-ərzaq olmaqla, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi bu sahədə qazanılan nailiyyətləri daha da artırmaqdadır. Ötən dövrdə muxtar respublikada dövlət maliyyə dəstəyi ilə yaradılan istehsal müəssisələri bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Bu sırada daxili bazarın quş əti və yumurta məhsullarına olan tələbatının ödənilməsi məqsədilə görülən işlər də qeyd olunmalıdır. Ötən il muxtar respublikada bir neçə quşçuluq təsərrüfatı yaradılmışdır. Onlardan biri də Şərur rayonunun Zeyvə kəndində yaradılan “Məmmədtağı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu günlərdə həmin müəssisənin fəaliyyəti ilə yaxından tanış olduq. Burada təmizlik və səliqə-sahman, gigiyenik qaydalara əməl olunduğu elə ilk baxışdan nəzərə çarpırdı.
Cəmiyyətin sədri Məmməd Tağıyevlə görüşdük. Öyrəndik ki, müəssisəyə Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilmiş, 140 min manat güzəştli kredit verilmişdir. Ötən il dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kəndə gələrək təsərrüfatın fəaliyyəti ilə maraqlanmışdır. Bu, kollektivi daha yaxşı işləməyə ruhlandırmışdır.
Müəssisə 7 hektarlıq geniş bir ərazini əhatə edir. İstehsal sahəsində Türkiyə, İtaliya, İsrail və Tailand mənşəli müasir avadanlıqlar quraşdırılmış, müəssisənin yaradılmasına 1,2 milyon manat vəsait sərf olunmuşdur. Yaradılan şərait ay ərzində 60 ton quş əti və gündəlik 30 min yumurta istehsal etməyə imkan verir. Müəssisədə ayrıca kəsim sexi, ümumi tutumu 113 ton olan 3 soyuducu anbar, laboratoriya, yem anbarı, yeməkxana, baytar otağı və digər iş otaqları vardır. Damazlıq cücələr Naxçıvan şəhərində fəaliyyət göstərən “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınır.
Hazırda müəssisədə məhsul verən quşların sayı 30 min 800 başdır. Yaxın vaxtlarda onların sayı artırılacaqdır. Təsərrüfatda indi 20 günlük 13 min baş cücə də bəslənilir. Təkcə bu il 33 min baş ətlik quş kəsilib, 6 min baş quş isə kəsimə hazırdır.
Biz müəssisədə olanda ətlik toyuq bəsləmə sexi yuyulub təmizlənir, dezinfeksiya olunur, divarlar əhənglə ağardılırdı. Bura daha 40 min baş ətlik cücə yetişdirmək üçün hazırlanırdı. Bu cücələrin də hamısı “Araz-3” MMC-dən alınacaqdır.
Sahibkar qeyd etdi ki, müəssisədə 10-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin hazır məhsullar saxlanan bölümündə satışa çıxarılacaq quş əti və yumurtanın saxlandığı şəraitlə də maraqlandıq. Toyuqlar kəsilir, təmizlənir, yuyulur və 3 mərhələli soyuducudan keçir. Əvvəlcə toyuq əti soyuducuda 3 saat ərzində sıfır dərəcəyədək soyudulur, paketlənir, sonra digər soyuducu anbarda mənfi 40 dərəcədə 8 saat saxlanılır, sonuncu – üçüncü mərhələdə isə hazır məhsul başqa bir soyuducu anbara yerləşdirilir, burada mənfi 18 dərəcə temperaturda saxlanılır və satışa çıxarılır. Məhsulların üzərində tərkibi, saxlanma şəraiti, istehsal və son istifadə tarixi göstərilir.
Müsahibimiz bildirdi ki, istehlakçılar tərəfindən get-gedə bu məhsullara olan maraq artmaqdadır. Bunu ticarət şəbəkələrindən, ayrı-ayrı şəxslərdən alınan sifarişlərdən də görmək olar. İstehsal olunan məhsullar təkcə Şərur rayonunda deyil, Naxçıvan şəhərində də özünə xeyli sayda alıcı toplamışdır.
Bu müəssisə muxtar respublikada əhalinin quş ətinə və yumurtaya olan tələbatının ödənilməsində, idxaldan asılılığın aradan qaldırılmasında mühüm rol oynayır. İstehsal sahələrində avtomatik rejimdə işləyən havalandırma və istilik sistemləri quraşdırılmış, enerji kəsintisinin qarşısını almaq üçün ayrıca generator qoyulmuşdur. “Şərur broyler” ticarət nişanı ilə satışa çıxarılan məhsulların pərakəndə ticarət obyektlərinə çatdırılması üçün nəqliyyat vasitəsi də vardır.
“Məmmədtağı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmməd Tağıyev onu da nəzərə çatdırdı ki, quş yemi üçün gələcəkdə Zeyvə kəndindəki bələdiyyə və dövlət torpaqlarından icarəyə götürmək, özləri arpa, buğda və qarğıdalı yetişdirmək fikrindədirlər. Bunun üçün dəyirman binasının tikintisi artıq başa çatdırılmışdır. Yaxın vaxtlarda bu dəyirmanda avadanlıqlar quraşdırılacaq və yem istehsalına başlanılacaqdır. Həmçinin müəssisə öz məhsullarını satmaq üçün Naxçıvan və Şərur şəhərlərində firma mağazaları da açacaqdır.
Müəssisə ilə tanışlığımız başa çatır. Buradan gəldiyimiz qənaət isə belə olur ki, muxtar respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan sahibkarlıq fəaliyyəti bu gün regionda müxtəlif sahələr üzrə yerli məhsul istehsalında başlıca rol oynayır. Bu isə daxili bazarın qorunmasında mühüm əhəmiyyət daşıyır.
Cəfər ƏLİYEV