Dünən Babək rayonunun Cəhri Kənd Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Yığıncağı rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev açaraq tədbirin mahiyyətindən danışmışdır. Bildirmişdir ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması üçün bir sıra Dövlət proqramları qəbul edilmişdir. Bu proqramlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi aqrar sahədə çalışanlar qarşısında mühüm tapşırıqlar qoymuşdur. Bu sahəyə dövlət qayğısı da yetərincədir. Ancaq bununla belə, hələ də işdə müəyyən nöqsanlar var və bu nöqsanlara Babək rayonunda da rast gəlinir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əsgər Həsənov bildirmişdir ki, 4 fevral 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri aqrar sahədə mövcud olan nöqsanlardan da danışmışdır. Ali Məclisin Sədri demişdir: “Kənd təsərrüfatında da mövcud potensialdan tam istifadə olunmur. Əkinəyararlı torpaq sahələrinin elmi cəhətdən araşdırılması və onların əkin dövriyyəsinə daxil edilməsi, əkin zamanı mütərəqqi üsulların tətbiqi, texnikadan səmərəli istifadə işi düzgün təşkil edilməmişdir. Bütün bunlar əldə olunan nəticələrin daha da artırılmasına mane olur. Məhsuldarlığa mənfi təsir göstərən digər amil isə şoranlaşma və eroziyaya qarşı mübarizə tədbirlərinin davamlı xarakter almaması, suvarmanın düzgün aparılmaması və mütərəqqi suvarma metodlarından istifadənin zəif təşkili ilə bağlıdır”.
Bu nöqsanları aradan qaldırmaq üçün aidiyyəti təşkilatlar, sahibkarlar, torpaq mülkiyyətçiləri növbəti təsərrüfat ilində öz işlərini günün tələbləri səviyyəsində qurmağa səy göstərməli, daxili bazarın tələbatını yerli istehsal hesabına ödəmək üçün yaradılan imkanlardan səmərəli istifadə etməlidirlər. Bu gün muxtar respublikada kənd təsərrüfatını intensiv yollarla inkişaf etdirmək üçün yüksək şərait yaradılmışdır. Regiona ən müasir kənd təsərrüfatı texnikalarının gətirilməsi, yüksək reproduksiyalı toxumlarla təchizatın təmin olunması, həyata keçirilən genişmiqyaslı meliorasiya və irriqasiya tədbirləri də məhz aqrar sektorda uğurlara nail olmaq məqsədi daşıyır. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı İntizar Həziyev torpaqların münbitliyinin qorunması və artırılması ilə bağlı çıxışında bildirmişdir ki, komitə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə rayonların əkin atlaslarının hazırlanmasına başlamış və bu iş uğurla başa çatdırılmışdır. Hazırlanan atlaslarda hər bir bələdiyyə ərazisi üzrə torpaqların kartoqramı, ərazidə yayılmış torpaq tipləri və növ müxtəliflikləri üzrə torpaq xəritələri tərtib edilmişdir. Bu da aqrar sahədə çalışan torpaq mülkiyyətçilərinin, fermerlərin, torpaq icarəçilərinin elmi əsaslarla, müasir intensiv texnologiyalarla məhsul istehsalının stimullaşdırılmasına və artırılmasına köməklik göstərir.
Qeyd olunmuşdur ki, bol məhsul istehsal etmək üçün bitkilərin əlverişli su rejiminin yaradılmasını təmin edən aqrotexniki tədbirlərə geniş yer verilməlidir. Belə ki, bağların, üzümlüklərin, dənli bitkilərin, bostan və tərəvəz bitkilərinin suvarılmasında şırım üsulu tətbiq olunmalıdır. Bu üsulla suvarılmada su sərfiyyatına qənaət edilir, torpağın strukturu pozulmur, bitkilərin inkişafına əlverişli şərait yaranır və məhsuldarlıq artır. Bu amillərə düzgün əməl edilmədikdə torpaqların su eroziyasına şərait yaranır.
Təcrübəli kənd təsərrüfatı mütəxəssisi, Nehrəm Bələdiyyəsinin sədri Tofiq Abutalıbov son illər muxtar respublikada aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışmış, torpaq mülkiyyətçilərinin məhsul istehsalında üzərinə düşən vəzifələrdən bəhs etmişdir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Muxtar MƏMMƏDOV