Yollar zirvəyə gedir...
Hər şeyi bildiyini güman edən insanlar həmişə təbiətlə ünsiyyətdə olanda çoxsaylı etiraflarla üz-üzə qalırlar. “Görünür, hələ çox öyrənməliyəm”, “Görəsən, təbiət bu məsələni niyə məhz bu şəkildə həll edir?” kimi fikirlər məhz adam tək olanda, öz düşüncələri ilə baş-başa qalanda yaranır. Belə bir anı mən də yaşadım. Özü də təbiətin əsrarəngiz məkanında – Sədərəkdə.
...Dostumla vədələşdik ki, axşamüstü saat 5-də Heydər Parkında görüşək. Bura indi Heydərabad qəsəbəsində görüş yeri təyin edənlərin ən tez yadlarına düşən ünvanlarındandır. Hava yaxşı olduğuna görə vədələşdiyimiz yerə bir az tez gəlmişdim və hələ solmaq istəməyən gül-çiçəyin arasında bir qədər gəzişirdim. Hər gün qayğı göstərilən və yayın axır günlərində əkilmiş gül-çiçək hələ tam solmasa da, cavan, qollu-budaqlı ağacların yarpaqları artıq xeyli müddətdir ki, tökülür. Yerə tökülmüş yarpaqlara yazığı gəlirmiş kimi boylandım və... heç zaman fərqinə varmadığım qəribə bir lövhənin şahidi oldum. Bütün yarpaqlar yerə üzü üstdə düşmüşdü. Yəni ağacda olduğu kimi yox, tərsinə qərar tutmuşdu. Ən maraqlısı o idi ki, bütün yarpaqların saplağı yuxarı – ağaca doğru uzanmışdı. Bu, nə idi? Yarpağın hələ yaşamaq istəyi, yoxsa ağacdan ayrılmaq istəmədiyinin ifadəsi? Nə bilmək olardı? Fakt o idi ki, yarpaqların hamısı ağaca doğru “dartınırdı”. “Yaratdığına şükür, İlahi!” – deyib yuxarı baxanda gördüm ki, dağın ətəyində kol-kosdan qalxan yarpaqlar da yuxarıya doğru uzanır. Lap yuxarıda – qarlı dağların başına dolanan buludlar da öz yerində. Bir anda mənə elə gəldi ki, Sədərəkdə sanki hamı, hər şey üzü zirvəyə, yüksəkliyə doğru can atır.
Bir azdan görüşdüyüm dostuma bayaqdan məni heyrətləndirən məqamları söylədim.
– Görünür, təbiətlə az ünsiyyətdə olursan, – dedi. – Təbiət insana çox şey öyrədir, xüsusən torpaq, bar-bəhər dərin bir müdrikliyin mənbəyidir. İnsan ucalığa doğru gedən bütün yolları təbiətdən öyrənib.
– Bunları bildim, bəs o yarpaqların hamısının saplağı nə üçün budaqlara sarıdır?
– Bəlkə də, ağaca müraciət edirlər ki, bizi əvəz edəcək yarpaqlar dünyaya gətirənə qədər özünü qardan, çovğundan qoru. Hər halda, təbiətin öz qanunları var və insanlar zirvəyə gedən yolun sirlərini məhz o qanunlardan öyrəniblər. Bu gün Sədərəkdə bütün yollar zirvəyə doğru gedir. Dostumu yaxşı başa düşdüm. İndi artıq söhbət buludun və ya qartalın qalxdığı zirvədən deyil, qarşıya qoyulan məqsədlərə varılan zirvədən gedir.
Doğrusu, “qarşıya qoyulan məqsədlərin zirvəsi” ifadəsini də birinci dəfə eşidirdim. İfadə təzə olsa da, bu qəbildən olan həqiqətləri Sədərəkdə çox görmüşəm. Verilən tapşırıqların layiqincə yerinə yetirilməsi, qarşıya qoyulan məqsədlərə ən yüksək səviyyədə nail olmaq üçün nümayiş etdirilən əzmkarlıq sanki hər bir sədərəklinin tale yazısıdır. Neçə illərdir, bu sərhəd bölgəsilə tanışlığım, əməkdaşlığım var, hələ bircə dəfə də olsun, bu rayonda hansısa tapşırığın yarımçıq yerinə yetirilməsinin və ya kiminsə qarşıya qoyulan məqsədə birtəhər, ala-babat şəkildə çatdığının şahidi olmamışam. Ona görə də həmsöhbətimin “Sədərəkdə bütün yollar zirvəyə doğru gedir” ifadəsi ilə səmimi-qəlbdən razılaşdım.
Sədərək, doğrudan da, ilin bütün fəsillərində gözəldir. Son illər burada yeni binalar tikilib, yaşıllıq zolaqları salınıb, Sədərək daha da dəyişib, gözəlləşib, abad yurda çevrilib. İnsan əli təbiətə sığal çəkib, onu daha da gözəlləşdirib.
Ancaq gözəlləşən, zənginləşən təkcə təbiət deyil. Son illər sərhəd bölgəsi Sədərəkdə həyatın bütün sahələrində əsaslı inkişaf və irəliləyiş əldə edilib, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılıb, iqtisadi, sosial və mədəni sahədə dinamik inkişaf təmin edilib.
Güllələr düşən yerdə gül bitir, imarətlər ucalır indi
Sədərəyin indiki büsatını görəndə inana bilmirsən ki, yaxın keçmişdə bu yerlər müharibənin törətdiyi gözdağlayan, ürəkgöynədən xarabalıqlar olub. İllər sübut etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursu ən doğru seçilmiş yoldur. Bu yolu yenilməz sədaqətlə, müasir dövrün inkişaf prinsiplərinə uyğun yaradıcılıqla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan tarixən qısa bir zamanda bütün dünyanı heyran qoyan inkişaf səviyyəsinə yüksəldi. Ölkənin artan iqtisadi qüdrəti sayəsində bütün regionlarla bərabər, cəbhə bölgələrinin də siması dəyişdi. Bu sırada Sədərəyin yeri tamam başqadır...
Təmas xəttinin iki addımlığında yerləşən Sədərək bənzərsiz yaraşığı, xoş növrağı ilə, sözün gerçək mənasında, düşmənlərimiz üçün gözdağına çevrilib. Əlbəttə, görəni heyran edən bu ürəkaçan mənzərə sehrli bir çubuqla yaranan möcüzə deyil. Bu, Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, muxtar respublikanın hər qarışını gülüstana döndərməyə çalışan Ali Məclis Sədrinin yenilməz iradəsinin, tükənməz qurub-yaratmaq əzminin məntiqi nəticəsidir. Bu bölgədə adama xoş gələn ən üstün cəhət isə odur ki, daş üstə qoyulan hər daş, ucalan hər bina, əkilən hər ağac, gül-çiçək Vətənə gerçək sevginin canlı təzahürüdür. Burada iş xatirinə iş görmək istəyən yoxdur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, görülən hər bir iş candan, könüldən görülür.
Sədərək rayonunun inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Elə “Muxtariyyət ili”ndə də abadlıq, quruculuq işləri yüksək ahənglə davam etdirilir. Bu ilin yanvar ayında əsaslı təmir olunan və yenidən qurulan Sədərək kənd 1 nömrəli tam orta məktəbin binası qapılarını müəllim və şagirdlərin üzünə açıb.
Rayonda tikinti-quruculuq işləri bununla məhdudlaşmır. Bu il 1500 hektar sahəni suvarmaq üçün Şir arxından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası da cari ilin ərməğanlarındandır. Hazırda rayonda Təhsil və Torpaq şöbələri üçün inzibati binanın tikintisində son tamamlama işləri görülür, rayon ərazisində Araz çayında sahilbərkitmə işləri davam etdirilir.
Sədərəkdə ən mühüm layihələrdən biri də içməli su və kanalizasiya sisteminin qurulmasıdır. Bu, rayon sakinlərinin çox böyük razılığı ilə qarşılanıb. Bu məsələnin həlli isə sadə iş deyil, ağır zəhmət, külli miqdarda vəsait tələb edən bir işdir.
Bir məsələni də qeyd edək ki, həyata vəsiqə alan bütün obyektlər müasir arxitektura üslubunda inşa edilib. Düşmənə gözdağı olan bu tikililəri sədərəklilər qoruyub saxlamağı, gələcək nəsillərə ərməğan etməyi özlərinin vətəndaşlıq borcu sayırlar.
Uğurları əks etdirən statistika
Azərbaycan Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladıqları dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi Sədərəyin uğurlarını şərtləndirən başlıca amillərdəndir.
Cari ilin ilk doqquz ayında rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 1,2 faiz artaraq 3 milyon 244,9 min manata, kənd təsərrüfatı məhsulları istehsalı 6,2 faiz artaraq 10 milyon 970,6 min manata yüksəlib.
Doqquz ayda pərakəndə əmtəə dövriyyəsinin həcmi 20 milyon 723,6 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 2,2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2013-cü ilin müvafiq dövrünün səviyyəsini 5,2 faiz üstələyərək 2 milyon 696,8 min manat olub. 2014-cü ilin ilk doqquz ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiya 16 milyon 349,9 min manata, tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 14 milyon 817,2 min manata çatıb.
Rayon üzrə orta aylıq əməkhaqqının artım dinamikası da qalmaqdadır. Hazırda 399,9 manat təşkil edən orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Doqquz ayda 65 nəfər daimi işlə təmin edilib.
Rabitə xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması, elektrik enerjisi, təbii qaz və su təminatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər əhalinin razılığı ilə qarşılanır.
Müqəddəs torpaq
Sədərəyin torpağı bərəkətli, insanları zəhmətkeşdir. Yerli əhali ta qədimdən heyvandarlıq və əkinçiliklə məşğuldur. Torpağa bu bağlılıq nəsildən nəslə ötürülərək bu gün də yaşadılır. Rayonda təcrübəli, necə deyərlər, “torpağın dilini bilən” adamlar çoxdur. Torpaq da, öz növbəsində, onunla ülfət bağlayandan öz səxavətini əsirgəmir, sinəsində bol məhsul yetişdirir. Götürülən məhsulun bir hissəsi ehtiyac üçün ayrılır, qalan hissə isə satılır. Pulu ilə oğul evləndirir, qız köçürdür, ev tikdirir, maşın alır, təsərrüfatlarını genişləndirirlər.
Dedik ki, rayonda “torpağın dilini bilən” adamlar çoxdur. Onlar insan yaranışının əsası, dörd əsas ünsürdən biri olan torpağa müqəddəs bir varlıq kimi münasibət bəsləyirlər. Onu gücdən, taqətdən düşməyə qoymurlar. Şum altına mineral və üzvi gübrələrin verilməsinə laqeyd münasibət göstərmirlər. Nəticə isə göz qabağındadır. Cari ilin məhsulu üçün rayonda 3574 hektar sahədə əkin aparılıb. Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ölkənin ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr verməyə çalışan rayon əməkçiləri bu il 2130,2 hektar sahədən 6146 ton “sarı kəhrəba” tədarük ediblər. Hektarın məhsuldarlığı 28,9 sentnerə çatdırılıb. Qazanılan nəticə taxılçıları gələn təsərrüfat ilində daha yüksək uğurlara ruhlandırıb. Hazırda rayonda əkin kampaniyasının ən qızğın dövrüdür.
Sərhəd bölgəsi daha xoş sabahlara addımlayır
Bəli, Sədərək inkişaf edir, abadlaşır. Rayon sakinləri sərhəd bölgəsində yaşamaqla fəxr edirlər. Buradakı qaynar həyatda gənclər xüsusilə fəal mövqe tuturlar. Rayonun gecələri nur selinə qərq olur. Bir sözlə, sərhəd bölgəsi qədim Sədərək aydan-aya, ildən-ilə daha da gəncləşir. Söhbət açdığımız bu bölgə, sözün həqiqi mənasında, möcüzələr yurdudur. Hər doğan Günəş, hər açılan səhər xoş müjdələri ilə bu yerin övladlarının könlünə nikbinlik toxumu səpir. Dövlətin qayğısından güc alan Sədərək camaatı Vətənə, xalqa, dövlətimizə sədaqətli olduqlarını fəal vətəndaş mövqeləri ilə hər gün dönə-dönə sübut edirlər.
Bu yazıda rayon həyatının bəzi sahələri haqqında konkret faktlar və rəqəmlər əsasında fikir söyləməyə çalışdıq. Ümumi mülahizələrin hamısını bir cümlədə belə ifadə edə bilərik: aparılan bütün tədbirlər rayonda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, insanların maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Sədərək öz qədim tarixinə daha bir uğurlu ili əlavə etməyə hazırlaşır. 2014-cü il quruculuğun geniş miqyasda davam etdirilməsi, sosial-iqtisadi göstəricilərin yüksəlməsi ilə əlamətdardır. Həyata keçirilən əsaslı tədbirlər, nəzərdə tutulan yeni planlar, müəyyənləşdirilmiş vəzifələr isə rayonu yeni uğurlara doğru aparır. Sədərəkdə işlər bir an belə səngimir. Burada adamların yeganə devizi vardır: düşmənə gözdağı olan doğma yurdumuzu cənnətə döndərək.
Cəfər ƏLİYEV