Ulu öndər Heydər Əliyevin ideyalarının ardıcıl və mükəmməl səviyyədə həyata keçirilməsi sayəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sosial, iqtisadi və mədəni həyatın bütün sahələrində misilsiz uğurlar qazanmış, blokada şəraitinin yaratdığı çoxsaylı çətinlikləri mətanətlə dəf edərək əsaslı yüksəlişə nail olmuşdur. Ötən illər ərzində doğma diyarımızın hərtərəfli və sürətlə inkişaf edərək əsl intibaha qovuşması məhz ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının, mükəmməl siyasi kursunun yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir.
Muxtariyyətinin 90 illik yubileyi ölkə Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli Sərəncamı əsasında geniş şəkildə qeyd olunan Naxçıvanda son dövrdə keçilmiş şərəfli yolun təhlil edilib öyrənilməsi inkişafın miqyas və əhatəsinin geniş üfüqlərini bir daha göstərir. Bu baxımdan Azərbaycan Respublikasının Əməkdar müəllimi, AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Zəhmət Şahverdiyevin və həmin ali məktəbin dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalovun “Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni inkişaf (2001-2012-ci illər)” adlı kitabı özünün məzmun və mündəricəsi, elmi səviyyəsi ilə diqqəti çəkir. Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində çap olunmuş 248 səhifəlik kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadədir.
Kitabla yaxından tanışlıq göstərir ki, müəlliflər bəhs olunan mərhələni, ona aid elmi və statistik materialları, faktları diqqətlə öyrənmiş, Naxçıvan Muxtar Respublikasının 2001-2012-ci illərdəki hərtərəfli inkişafının elmi təhlilini vermişlər.
Yeddi fəsildən ibarət kitabın hər bir bölməsində Naxçıvanın inkişafının müxtəlif sahələri elmi şəkildə səciyyələndirilir. “Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın əsas xüsusiyyətləri” adlanan ilk fəsildə əvvəlcə Naxçıvanın muxtariyyət tarixinə qısa nəzər salınmış, müvafiq dəyərləndirmələr aparılmışdır. Azərbaycanın müstəqilliyi dövründə Naxçıvanın sosial-iqtisadi inkişafının əsas mahiyyətinə nəzər yetirən müəlliflər ötən illər ərzində hərtərəfli tərəqqinin xarakterik məziyyət və göstəricilərini təhlil edib ümumiləşdirmişlər.
İkinci fəsil Naxçıvan Muxtar Respublikasında sənayenin sürətli inkişafı məsələlərinə həsr olunmuşdur. Haqlı olaraq vurğulandığı kimi, 2000-ci ilədək qazanılmış inkişaf səviyyəsi növbəti daha böyük yüksəliş üçün uğurlu zəmin olmuş, sonrakı illərdə muxtar respublikanın müxtəlif bölgələrində çoxsaylı sənaye müəssisələri tikilib istifadəyə verilmiş, yeni istehsal sahələri, minlərlə iş yerləri yaradılmış, özəl sektorun inkişafı üçün lazımi şərait təmin edilmişdir. Bircə faktı xatırladaq ki, təkcə 2012-ci ildə əvvəlki illə müqayisədə sənaye məhsulunun istehsalı 15 faiz çoxalmışdır ki, bunun da 93 faizə qədəri özəl bölmənin payına düşür.
Kitabın üçüncü fəslində muxtar respublikada kənd təsərrüfatının son dövrdəki inkişafından xəbər verən çoxsaylı göstəricilər təhlilə cəlb olunmuşdur. Regionda maldarlıq və heyvandarlıqla yanaşı, meyvəçilik, tərəvəzçilik, arıçılıq və digər sahələrin inkişafı üçün həyata keçirilmiş sistemli tədbirlər bu fəsildə öz ifadəsini tapmışdır. Ayrı-ayrı təsərrüfat sahələrinin (kartofçuluq və sair) daha intensiv inkişafı üçün qəbul edilmiş dövlət proqramlarının uğurla icrası muxtar respublikada aqrar sektorun əsaslı yüksəlişinə rəvac vermişdir. 1995-ci ildə muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı müqayisəli qiymətlərlə 38572,2 min manat olduğu halda, bu rəqəm 2011-ci ildə 296117 min manat təşkil etmişdir.
Naxçıvanda sənaye və kənd təsərrüfatı ilə yanaşı, əsaslı tikinti, abadlaşdırma, meliorasiya sahəsində də ciddi uğurlar qazanılmışdır. Nəşrin dördüncü fəslində diqqət mərkəzinə çəkilən faktlar, təhlilə cəlb olunan göstəricilər bunu bir daha əyani şəkildə nümayiş etdirir. Vurğulanır ki, hazırda Naxçıvan Muxtar Respublikasının paytaxtından başlayaraq ucqar dağ kəndinə qədər hər bir yaşayış məntəqəsi əsaslı şəkildə yenidən qurulmuş, kənd mərkəzləri istifadəyə verilmiş, ən müasir infrastruktur yaradılmışdır. İnşa olunan yaşayış evləri, körpülər, çəkilən su kəmərləri, tikilərək, yaxud əsaslı təmir olunaraq istifadəyə verilən müxtəliftəyinatlı çoxsaylı binalar davamlı quruculuq tədbirlərinin tərkib hissəsi kimi böyük əhəmiyyətə malikdir.
Muxtar respublikada elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi və idmanın inkişafı sahəsində də ciddi işlər görülmüşdür. Beşinci fəsillə tanışlıq bu sahələrdə də misilsiz tədbirlərin həyata keçirildiyini bir daha göz önünə gətirir. Ötən dövr ərzində muxtar respublikada həmin sahələrin də inkişafına mühüm diqqət yetirilmiş, aid müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində konseptual proqramlar müvəffəqiyyətlə reallaşdırılmışdır. Nəticədə, muxtar respublikada fəaliyyət göstərən elm, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının həm şəbəkəsi genişlənmiş, həm də onların səmərəli, məqsədyönlü fəaliyyəti üçün ən optimal şərait formalaşdırılmışdır. Bütün bunlar kitabda çoxsaylı faktlar, rəqəmlər və təhlillər əsasında oxuculara çatdırılmışdır.
Altıncı fəsildə nəqliyyat, rabitə, kommunal təsərrüfat və energetika məsələləri diqqət mərkəzinə çəkilmiş, bu sahələrdəki dinamik inkişafı göstərən əsas faktlar nəzərdən keçirilmişdir. Yol-nəqliyyat infrastrukturu əsaslı şəkildə yenidən qurulmuş, çəkilən yollar, tikilən körpülər bölgənin bütün ərazisində bütöv bir şəbəkəyə çevrilmişdir. Ən müasir poçt, telefon xidməti təşkil edilmiş, bütün yaşayış məntəqələri internetlə təmin olunmuşdur. Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması uğurla başa çatdırılmışdır. Bir vaxtlar yaşayış məntəqələri sutka ərzində bir-iki saat elektrik enerjisi ala bilən Naxçıvan hazırda elektrik enerjisi ixrac edən regiona çevrilmişdir. Həyata keçirilən düşünülmüş, müdrik siyasət muxtar respublikada əhalinin maddi rifah halını da əsaslı şəkildə yaxşılaşdırmışdır. Yaradılan minlərlə iş yerləri, ildən-ilə artan əməkhaqları və sair barədə yeddinci fəsildə sadalanan faktlar, geniş yer tutan təhlillər bunu bir daha yəqinləşdirir.
Kitabda aparılan təhlillərin müqayisəli xarakter daşıması, həm sahələr, həm də illər üzrə olması onun sistematikliyini, konseptuallığını təmin etmişdir. Oxuculara təqdim olunan müvafiq cədvəllər 2001-2012-ci illərdə muxtar respublikada möhtəşəm inkişafın dinamikasını konkret şəkildə nəzərə çatdırmaq baxımından çox faydalıdır. Müxtəlif quruculuq ünvanlarının fotoşəkilləri elmi təhlillərdən alınan təəssüratı tamamlamağa xidmət göstərir.
Şübhəsiz ki, müstəqillik qazandıqdan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunun təhlil və tədqiqi tədris prosesi üçün də faydalı və gərəklidir. Bunu nəzərə alan kitab müəllifləri əsəri Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qrifi əsasında dərs vəsaiti kimi nəşr etdirmişlər. Haqqında bəhs etdiyimiz kitab, eləcə də müəlliflərin əvvəlki kitabı, həmçinin bir sıra digər tarixçi alimlərin müvafiq tədqiqatları Naxçıvanın son illərdəki möhtəşəm inkişafının öyrənilməsi üçün dəyərli baza olmaqla yanaşı, həm də bütövlükdə Azərbaycanın müstəqillik dövrü tarixinin tədqiqi və tədrisi üçün mühüm əhəmiyyət daşıyır.
Hüseyn HƏŞİMLİ
Əməkdar elm xadimi