22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq tədbirləri çərçivəsində təhsil müəssisələri üçün yeni binaların tikilməsi və ya mövcud olanların əsaslı şəkildə yenidən qurulması diqqət mərkəzində saxlanılır.
Görülən işlərdən regionun ən böyük təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinə də xeyli pay düşüb. Son illər bu təhsil ocağında yataqxana binası, məişət evi, müxtəlif tədris korpuslarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması tədrisin keyfiyyətinin artan xətt üzrə yüksəlməsinə geniş imkanlar açmaqla təhsilə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirilir.
2013-cü ilin may ayından universitetin “baytarlıq” ixtisası üçün tədris binasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Görülən işlər nəticəsində 2 mərtəbəli binaya 1 mərtəbə əlavə olunub. İş icraçısı Akif Quliyevin dediklərinə görə, burada işlər yekunlaşıb, binanın həyətində abadlıq işləri başa çatıb.

Digər əsaslı şəkildə yenidən qurulan obyekt isə Naxçıvan Dövlət Universiteti üçün xəstəxana binasıdır. 2013-cü ilin noyabr ayından xəstəxana üçün nəzərdə tutulan binada əsaslı şəkildə yenidənqurma işlərinə başlanılıb. Xəstəxana binasının dam örtüyü vurulub, pəncərələr salınıb, daxildə suvaq işləri yekunlaşıb. Eyni zamanda binanın elektrik, su, istilik təchizatı sahəsində işlər başa çatdırılıb. Hazırda daxildə otaq və dəhliz divarlarının rənglənməsi davam etdirilir. Binanın ətrafında isə ərazi hamarlanır, gülkarlıq üçün yer hazırlanır, ətrafa daş döşənir. Xəstəxana binası hazır olduqdan sonra I mərtəbədə aptek, qan analizi otağı, iki reanimasiya palatası, rentgen, sterilizasiya və cərrahiyyə otaqları, II mərtəbədə palatalar, ginekologiya, göz həkimi, sarğı və iynə otaqları, yeməkxana, III mərtəbədə isə əczaçılıq laboratoriyası, stomatoloji laboratoriya, fanton kursu kabinəsi və 64 yerlik iclas zalı fəaliyyət göstərəcək.
Qeyd edək ki, hər iki binanın əsaslı şəkildə yenidən qurulmasını “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. Yerli inşaat materiallarının istifadəsinə üstünlük verilən obyektlərdə təhlükəsizlik qaydalarına da ciddi əməl olunur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR