Ordubadlı sahibkarlar istehsal etdikləri məhsullarla həm də özünəməxsusluğu təbliğ edirlər
İstənilən regionun tərəqqisi həmin regionda sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. Buna görə də sahibkarlıq subyektlərinin yaradılması inkişaf edən hər bir dövlət üçün prioritet məsələlərdən biridir. Bazar iqtisadiyyatına keçidin uğurla başa çatdırılması ölkəmizdə bu subyektlərin sayının daha da artmasına gətirib çıxarıb, nəticədə, milli iqtisadiyyatda özəl sektorun payı xeyli yüksəlib. Bu yüksəlişi təmin edən əsas meyarlardan biri də dövlətin özəl sektorun inkişaf etdirilməsinə göstərdiyi diqqət və işgüzar mühitin yaradılmasıdır.
Diqqət etsək, son dövrlərdə bu sahədə xeyli sayda tədbirlərin həyata keçirildiyinin şahidi olarıq. Sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı atılan addımlar Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzində saxlanılıb. Təkcə son 10 ildə Ümumi Daxili Məhsulun həcmi 13,9 dəfə, sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə artıb. Cari ilin ötən dövrü ərzində isə muxtar respublikada istehsal olunmuş sənaye məhsulunun ümumi həcmi 719 milyon 129 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi isə 270 milyon 668 min manat təşkil edib. Qeyd olunan rəqəmlər sahibkarlığın inkişaf etdirilməsinin nəticəsi kimi dəyərləndirilməlidir. Ötən yazılarımızda da bəhs etdiyimiz kimi, muxtar respublikamızda sahibkarlıq subyektlərinin sayı ildən-ilə artır. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, rayonlarımızda da yeni-yeni istehsal müəssisələri yaradılır. Azərbaycanın incisi sayılan Ordubad rayonu da bu sırada istisna deyil.
Ordubad qədim tarixi keçmişi və mədəni zənginliyi ilə bərabər, həm də müasir inkişafı ilə seçilir. Son 19 ildə rayonda digər sahələrlə yanaşı, sahibkarlığın inkişafına da hərtərəfli qayğı göstərilib, onlarla yeni istehsal müəssisələri qurulub, kənd təsərrüfatı məhsullarının istehsalında irəliləyişlərə nail olunub. Muxtar respublikamızın dilbər guşələrindən biri olan Ordubadda müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri var. Ancaq bu yazıda biz onlardan ikisi haqqında bəhs edəcəyik. Hansı ki bu sahibkarlar istehsal etdikləri məhsullarla həm də Ordubadın özünəməxsusluğunu təbliğ edirlər.
Ordubadı bağlar diyarı da adlandırırlar. Meyvə bağları istənilən rayonda ola bilər və bu bağlardan da bol meyvə götürmək mümkündür. Ancaq Ordubadın özünəməxsusluğu ondadır ki, bu diyarda yetişən meyvələr dadına görə digərlərindən fərqlənir. Keçmiş zamanlarda bura yolu düşən səyyahlar bu meyvələr haqqında ağızdolusu danışıb, xatirələrini qələmə alıblar. Və yaxud müxtəlif zamanlarda Ordubad meyvələri dünyanın müxtəlif ölkələrində sərgiyə çıxarılıb və qızıl medala layiq görülüb. Elə sahibkar Hüseyn Fərzəliyevin bugünkü sahibkarlıq fəaliyyətində də bu özünəməxsusluq böyük rol oynayıb. O, göstərilən dövlət dəstəyi hesabına istehsal müəssisəsi qurub. Rəhbərlik etdiyi “FH oğulları” Məhdud Məsuliyyətli Cəmiyyətində Ordubad mürəbbələrinin istehsalı ilə məşğuldur. Hüseyn Fərzəliyevlə görüşümüz elə adıçəkilən müəssisədə baş tutur. Müsahibimiz məlumat verir ki, müəssisə 2008-ci ildən fəaliyyət göstərir. Ötən müddət ərzində bir neçə dəfə güzəştli kreditlərdən yararlanaraq istehsal üçün zəruri şəraitin yaradılmasına nail olub. 300 kvadratmetr sahəyə malik müəssisədə hazırda 11 çeşiddə (ərik, tut, badımcan, gilas, qovun, cəviz, gül və sair) mürəbbə istehsal olunur. Mürəbbə bişiriləcək meyvələr əvvəlcə gigiyenik qaydalara uyğun olaraq, burada yuyulur, təmizlənir, bəziləri doğranır, sonra isə müvafiq reseptlərə uyğun bişirilir. Mürəbbələr tələbata görə 250 qram, 650 qram, 1 kiloqram 200 qram və 2 kiloqram 400 qram çəkilərdə qablaşdırılır. Müsahibimiz bildirir ki, ötən il müəssisənin məhsullarına tələbatda ilk yeri 2 tonla cəviz mürəbbəsi tutub, sonrakı yerlərdə isə 1,5 ton çəki ilə gül, 800 kiloqram çəkidə isə gilas mürəbbələri olub. Eyni zamanda keçən il müəssisədə meyvə-tərəvəz qurudulması üçün də müəyyən işlər görülüb. Qonşu Türkiyə Respublikasından meyvə-tərəvəzin qurudulmasında istifadə olunan avadanlıqlar alınıb gətirilərək quraşdırılıb. 2013-cü ildə burada 700 kiloqram meyvə qurudulub. Qurudulmuş meyvələr 0,5, 1, 3 və 5 kiloqram çəkidə qablaşdırılaraq satışa çıxarılıb. Sahibkar onu da vurğuladı ki, hələlik, daxili bazarın tələbatına uyğun istehsal olunan məhsulların gələcəkdə xarici bazarlara çıxmasına da böyük ümidlə baxırıq. İnanırıq ki, dadlı Ordubad mürəbbələri çox qısa bir müddətdə xarici bazarda da öz layiqli yerini tutacaq. Bu həm də qədim Ordubad diyarının, muxtar respublikamızın tanıdılması və təbliği baxımından da mühüm rol oynaya bilər. Elə biz də bu arzulara şərik olduğumuzu bildirib oradan ayrılırıq.
Bəhs edəcəyimiz növbəti sahibkarlıq subyekti də bağlar diyarı Ordubadın özünəməxsusluğunu ortaya qoyur. Ordubad limonu... Ordubadda evlərin əksəriyyətində az sayda da olsa, limon ağacına rast gələrsən. Ancaq bizim növbəti həmsöhbətimiz uzun illərdir ki, limon yetişdirməklə məşğuldur. Bu işlə evdə digər ailə üzvləri də məşğul olurlar. Qüdrət Rüstəmov rayonun Əndəmic kəndində yaşayır. 1988-ci ildən davamlı olaraq limonçuluq təsərrüfatı ilə məşğuldur. Bunun üçün həyətyanı sahəsində 600 kvadratmetrlik sahədə istixana kompleksi yaradıb. 2012-ci ildə Sahibkarlığa Kömək Fondundan 12 min manat kredit götürərək kompleksdə təsərrüfat üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Hazırda istixana kompleksində limon ağacları həm xüsusi hazırlanmış ləklərdə, həm də qablarda yetişdirilir. İstixananın polietilen örtüyü burada yetişdirilən limon ağaclarının inkişafı üçün lazımi Günəş şüalarının düşməsinə imkan yaradır. Burada ilin bütün fəsillərində hazır limon əldə etmək mümkündür. Sahibkar Qüdrət Rüstəmov bildirir ki, digər ağaclar kimi, limon ağacı da qayğını sevir, vaxtlı-vaxtında aqrar tədbirlərin həyata keçirilməsinə ehtiyac duyur. Təsərrüfatın digər sahələri kimi, gərək bu sahənin də mütəxəssisi olasan. Əlbəttə ki, çəkdiyimiz zəhmət də hədər getmir. Ötən il 2500-dən çox limon yetişdirib satmışıq. Rayona gələn qonaqların əksəriyyətinin yolu buradan düşür. Elələri var ki, limon almamış buradan getmirlər. Ordubad limonunun dadını bilənlər bir daha bura üz tuturlar.
Bəli, gündəlik məişətimizdə istifadə etdiyimiz məhsulların istehsalı ilə məşğul olan hər iki müəssisə keyfiyyətli məhsullar istehsal etməklə yanaşı, həm də qədim Ordubad torpağının özünəməxsusluğunu yaşadır. Hansı ki bu özünəməxsusluğa başqa yerdə rast gəlməzsən. Elə bu baxımdan Naxçıvanımızın digər bu kimi məhsullarının xarici bazarlarda tanıdılması çox mühümdür. İnanırıq ki, yaxın gələcəkdə yerli məhsullarımız xarici bazarlarda da özünəməxsus yer tutacaq, qədim Naxçıvanın təbliğinə öz töhfəsini verəcək.
Səbuhi HƏSƏNOV