22 Dekabr 2024, Bazar

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı təmin olunub, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsinə dövlət maliyyə dəstəyi göstərilib, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni istehsal və xidmət sahələri, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılıb.
Aparılan uğurlu islahatlar nəticəsində sənaye məhsulunun həcmi ilbəil artıb, muxtar respublikada istehsal olunan sənaye məhsulunun 93,2 faizi özəl sektorun payına düşüb.
Son illər yaradılan müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin direktoru Ələddin Allahverdiyev bildirdi ki, özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün 15 min kvadratmetr torpaq sahəsi ayrılıb. 2013-cü ilin may ayından inşaat işlərinə başlanılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib.

İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün müəssisəyə təcrübəli mütəxəssislər cəlb olunub, 3 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, ayrı-ayrı iş otaqları və sərgi-satış salonu olan inzibati bina, iaşə xidməti göstərilməsi üçün yeməkxana istifadəyə verilib.
Layihəyə uyğun olaraq, laminat-mətbəx dəzgahı, PVC akrilik parlaq panellər və melamin örtüklü plitələr istehsal olunması nəzərdə tutulan müəssisədə artıq laminat-mətbəx dəzgahı və PVC akrilik parlaq panellər istehsalı sahələrində İtaliyanın “Omma” və “Osoma”, Almaniyanın “Idm”, Türkiyənin “AS Metal” və “Türk makina” şirkətlərinin istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb. Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə istehsal prosesi konveyer üsulu ilə təşkil olunub, keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Həmçinin müəssisədə havalandırma sistemi qurulub, istehsal prosesi zamanı yaranan tozun və tullantıların kompressorlar vasitəsilə sexdən kənarlaşdırılması və xüsusi bunkerlərə yığılması təmin edilib.
Hər birinin istehsal gücü gündə 10 min ədəd mebel materialları olan yeni istehsal sahələrində xammal ayrı-ayrı mərhələlərdən keçməklə rəng olaraq 100 çeşiddən çox məhsul istehsal edilir. Əvvəllər ölkəmizdə, o cümlədən muxtar respublikamızda fəaliyyət göstərən mebel istehsalı müəssisələrinə hazır materiallar xarici ölkələrdən idxal olunub əlavə daşınma xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb, istehsal müəssisələri vaxtında və keyfiyyətli mebel materialları ilə təmin olunub.
Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Hazırda müəssisədə 60 nəfər çalışır. Onu da qeyd edək ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılır, müəssisədə çalışan işçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunur. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Gələcəkdə müəssisədə yeni istehsal sahəsinin – melamin örtüklü plitələr istehsalı sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur ki, buraya da mebel avadanlıqları istehsalında qabaqcıl təcrübəyə malik, dünyada məşhur olan Almaniyanın “Wemhoner” şirkətinin avadanlıqları alınıb gətiriləcək və idxal olunan dəzgahlar həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaqdır. Melamin örtüklü plitələr istehsalı sahəsi istifadəyə veriləndən və müəssisə tam gücü ilə işləyəndən sonra, ümumilikdə, 110 nəfər daimi işlə təmin ediləcək.
Mebel materialları istehsal edilən bu müəssisə muxtar respublikamızda yeganə müəssisədir. Yeni müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışa çıxarılır, gələcəkdə xarici ölkələrə ixrac olunması nəzərdə tutulur.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR