Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət, nail olunan iqtisadi inkişaf bütün göstəriciləri ilə yanaşı, özünü əhali gəlirlərinin artırılmasında da göstərməkdədir. Stabil iqtisadi artım tempinin əldə olunması mühüm iqtisadi göstəricilər kimi, məşğulluq və əhali gəlirlərinin daim artırılmasına imkan verir.
Muxtar respublikada azad sahibkarlığın dəstəklənməsi, kiçik biznesə göstərilən hərtərəfli dəstək məşğulluğun səviyyəsinin artırılmasına və əhali gəlirlərinə də öz təsirini göstərib. İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi ötən dövr ərzində də davam etdirilib, nəticədə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 25,4 faiz artaraq 41 milyon 636 min 471 manat təşkil edib. Bu isə, öz növbəsində, muxtar respublikada yeni biznes subyektlərinin yaranmasına stimul olub. Belə ki, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 19 hüquqi və 1963 fiziki şəxs qeydiyyata alınıb.
Hazırda Naxçıvan Muxtar Respublikasında 116 növü ərzaq, 234 növü qeyri-ərzaq məhsulları olmaqla, 350 növdə məhsul istehsal olunmaqdadır. Regionda iqtisadi fəallıq yüksəlib əhalinin istehlak qabiliyyəti artdıqca bu göstərici üzrə də artım dinamikasını görməkdəyik. İstehsal müəssisələrinin artması, buna uyğun olaraq müvafiq xidmət sahələrinin də artması ilə əmək bazarında üstün rəqabətin genişlənməsi müşahidə olunur ki, bu da həmin sahədə keyfiyyət göstəricilərinin artmasına təkan verir. Bu isə, konkret olaraq, özünü əhali gəlirlərinin həcmində göstərir. Son statistik göstəricilərə nəzər salsaq, cari ilin ötən doqquz ayı ərzində muxtar respublikada əhali gəlirlərinin bir il öncəyə nisbətdə 2,9 faiz artaraq 1 milyard 226 milyon 742 min manata, onun hər bir nəfərə düşən həcminin isə 1,4 faizlik artımla 2806 manata çatdığını görərik. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı məbləğinin 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 3,3 faiz artaraq 388,1 manata çatması regionda aparılan səmərəli məşğulluq siyasəti sayəsində mümkün olub.
Muxtar respublikada əmək bazarının tənzimlənməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən digər işlər regionda yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verib. Belə ki, 2014-cü ilin yanvar-sentyabr aylarında yaradılmış 2703 yeni iş yeri, təqribən, bu qədər ailənin yeni gəlir mənbəyi deməkdir.
Əli CABBAROV